Türkiyəyə 4 TIR-la 2 milyonluq yardım aparılıb

“Azərbaycan-Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün örnəkdir”.
Bunu Cebhe.info-ya açıqlamasında tanınmış xeyriyyəçi, dövlət və ictimai xadim, həkim-professor mərhum Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov deyib.
O qeyd edib ki, Türkiyədə baş verən dəhşətli faciənin fəsadlarını Azərbaycan xalqını çox sarsıtdı:
“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev tərəfindən dərhal başlanan qardaş dəstəyi çağırışına qoşulmağı özümüzə borc bilib, dərhal yaxın dostlar ilə maliyyə toplamağa qərar verdik. "Bir millət iki dövlət" prinsipinə sadiq qalaraq, qardaş Türkiyədəki bu kritik vəziyyətdə əlimizdən gələn yardımı həyata keçirmək üçün kampaniya başladıq. Ən əsas məqsəd o bölgədə fəlakətdən sonra çox ağır yaşam və hava şərtlərində olan qardaş və bacılarımıza əlimizdən qələn dəstəyi göstərməkdir! Maliyyə dəstəyindən ziyadə isə ən təməl hədəfimiz Azərbaycan qədər ərazini yerlə-yeksan edən dağıdıcı zəlzələnin bir neçə nöqtəsinə birbaşa gəlib, orada ən təcili ehtiyac duyulan vacib ləvazimatları qardaş və bacılarımıza birbaşa təqdim etmək, həmçinin onlara mənəvi dəstək də göstərməkdir.
Hazırda 4 böyük TIR ilə 2 milyon TL dəyərində ən çox ehtiyac duyulan ərzaq və qida malları, həmçinin 10 ədəd dizel generatoru, böyük və uşaqlar üçün isti qış qeyimləri, qış botları, yastıq və yorğan, su depoları, bir çox təmizlik maddələri, antıseptik, müxtəlif hijiyenik bezlər, 68 ton içməli su, süngər yataqlar, 1400 nəfərlik quru yemək dəsti, yaşayış konteynerləri və digər zəruri ləvazimatlar bölgəyə tərəfimizdən birbaşa gətirilib.
Yardımın bir hissəsi 15 və 16 fevral tarixlərində sırf Hatay vilayətinin inzibati mərkəzi Antakyaya, bundan başqa da İskenderun şəhərlərində əhaliyə birbaşa çatdırılılıb.
Bundan əlavə, zəlzələdən ən çox zərər çəkmiş, hardasa yerlə yeksan olmuş Antakya şəhərində günlük 10.000 nəfərə isti yemək və birbaşa yardım dağıtımı nöqtəsində ehtiyaca görə mütamadi olaraq yardımlar gətiriləcək və davamlı olaraq paylanacaq. Bu kimi bölgənin digər ağır nöqtələrində də mümkün qədər ünvanlı yardım göstərilməsi məqsədilə əlimizdən gələni etməyə çalışırıq”.
G.Cavadov onu da bildirib ki, əlavə olaraq 230 min türk lirəsi dəyərində olan ayrıca 21 ədəd generator, əl fənərləri, yataq dəstləri AFAD vasitəsilə 18 fevralda Qazıantepdə təqdim edilib:
“Biz - millətimizi, iki dövlətimizi sevən sadə vətəndaşlar olaraq həm dövlətimizin başçısının çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstərmək üçün buradayıq. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Canımız, əziz Türkiyəmiz, Biz səninləyik!”
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Qeyd edək ki , Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 156 nəfərə çatıb.
Cebhe.info