Deputat: “Azərbaycan Laçın yolunda post qurmalıdır” 

Deputat: “Azərbaycan Laçın yolunda post qurmalıdır” 

Rusiya sülhməramlıları ilə ermənilər arasında qarşıdurma yaşanıb.

Belə ki, Rusiya sülhməramlılarının erməniləri Ermənistandan Qarabağa daşımaq üçün pul aldığı və mallarını oğurladıqları barədə məlumatlar yayılıb. üstəlik bu, ilk deyil. Daha əvvəl də sühməramlıların erməni avtoritetlərini 10 min dollar qarşılığında Qarabağdan Ermənistana keçirdiyinə dair xəbərlər yayılmışdı. Separatçı rejim isə bildirib ki, baş verənlərin sülhməramlılarla əlaqəsi yoxdur, bunları Ermənistanda özünü Rusiya hərbçisi kimi təqdim edən şəxs törədib.

Qeyd edək ki, bütün bunlar bir daha Azərbaycanın Laçın yolunda nəzarəti təmin etməsinin mütləq olduğunu göstərir.

Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları öz missiyalarını doğru və düzgün yerinə yetirməlidirlər:

“Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlıları ilə bağlı dəfələrlə fikirlər söyləmişəm. Onu da qeyd etmişəm ki, onlar missiyalarından kənar işləri daha çox görürlər, nəinki öz missiyalarına uyğun. Təbii ki, ərazilərdən insanların daşınması, büst və heykəl açılışı rus sülhməramlılarının səlahiyyətlərindən kənar məsələlərdir. Son günlər insanların İrəvandan Qarabağa və ya Qarabağdan digər yerlərə daşınması faktları da mövcud idi. Bunun ictimailəşməsi bu işi daha da üzə çıxardı. Əlbəttə ki, belə hallar yolverilməzdir və sülhməramlıların səlahiyyətlərinə aid məsələ deyil. Burada rüşvətalma və pul müqabilində hansısa xidmətlərin göstərilməsi tamamilə qəbuledilməzdir. Biz dəfələrlə söyləmişik ki, rus sülhməramlıları öz mandatlarına uyğun fəaliyyət göstərsinlər. Onların rəhbəri Volkov zəhmət çəkib gəlib Azərbaycan ictimaiyyətinin nümayəndələrinin və ekofəallarının qarşısında orada baş verən qanunsuz hallarla bağlı izahat verməlidir. Lakin o, hələ də bunu etməyib. Əlbəttə ki, qanunsuz fəaliyyətə son qoyulmalı və missiyalarına uyğun işlər görməlidirlər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Laçın yolundakı ərazilərdə gələcəkdə postlar qurmalıdır:

“Ora gəlib-gedən hər kəsə Azərbaycan tərəfindən də nəzarət edilməlidir. Çünki hal-hazırda orada qanunsuz fəaliyyətlə yanaşı, digər məsələlər də var. Bütün bunlar həmin dəhlizdən keçilərək təmin olunub. Lakin rus sülhməramlıları bütün bunların qarşısını ala bilmir və yaxud da almaq istəmir. Ona görə də orada Azərbaycan postları qurulmalı və bütün bu fəaliyyətləri həyata keçirməlidir”.

Elmir Mustafa
Cebhe.info