“Erkin Qədirli səmimidirsə, mandatından imtina etsin” – Partiya funksioneri

“Deputat Erkin Qədirlinin demokratik seçkinin keçirilmədiyi ilə bağlı fikirləri təəssüf doğurur”.
Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehtiyev deyib.
Sədr müavini qeyd edib ki, əgər parlament saxta seçki ilə formalaşıbsa, o zaman ilk mandatından imtina edən elə Erkin Qədirli özü olmalıdır:
“Parlamentdə təmsil olunan müxalifət partiyası təmsilçisinin belə absurd fikirlər söyləməsi tək parlamentin fəaliyyətinə deyil, eyni zamanda dövlətçiliyimizə də ziddir. Əgər fikirlərində səmimidirsə, mandatından imtina etsin.
Düşünürəm ki, Azərbaycanda seçicilərin səsvermə hüququ qorunur. Buna son parlament seçkilərində də şahid olduq. Qanun pozuntuları olan dairələrdə seçkilərin nəticələri ləğv olunub. Hesab edirəm ki, heç kimi zor yolu ilə kiməsə səs verməyə vadar edə bilməzsən”.
Qeyd edək ki, Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli parlamentdə hansısa deputatın demokratik yolla seçildiyini düşünmədiyini deyib.
“Özüm haqqında da demokratik yolla seçilib deputat olduğumu deyə bilmərəm. Əgər demokratik seçki olsaydı, nəsə demək olardı. Amma Azərbaycanda demokratik seçki yoxdur”, - deyə E.Qədirli belə deyib.
Cebhe.info