Əsli Kazımova: “Macarıstanla Azərbaycan dost ölkələrdir”

Əsli Kazımova: “Macarıstanla Azərbaycan dost ölkələrdir”

"Azərbaycan ilə Macarıstan arasında hər zaman siyasi-iqtisadi dialoq yüksək dinamizmi ilə fərqlənib. Bu mənada ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf etməkdədir".

Bu Cebhe.info-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

O bildirib ki, Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bunu Prezident İlham Əliyevin Macarıstana etdiyi son səfər bir daha təsdiqlədi.

Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə - hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Azərbaycanla Macarıstan arasında çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Prezident İlham Əliyevin səfəri isə bu qarşılıqlı etimad mühitini daha da dərinləşdirəcək. Səfər çərçivəsində də vurğulandığı kimi, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir".

Partiya sədrinin sözlərinə görə, uzun illər ərzində aparılan uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində də əməkdaşlıq üçün çox güclü zəmin yaratdı:

“Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Artan geosiyasi gərginliklər fonunda enerji təhlükəsizliyi məsələləri bütün dünyada xüsusi əhəmiyyət daşımağa başlayıb və qlobal gündəliyinin ön sıralarına çıxıb. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropanın ənənəvi qaz təchizatı zənciri qırılıb. Hazırda Avropa məkanında kəskin enerji böhranı yaşanır.

Belə bir şəraitdə nəzərlər Azərbaycana dikilir. Cənab Prezidentin də vurğuladığı kimi, keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Dövlət başçısı bildirdi ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır.

Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan ilə Macarıstan arasında enerji dialoqu yalnız qazın tədarükünü əhatə etməyəcək və bu ölkənin respublikamızdan ixrac edilən mavi yanacağın digər dövlətlərə tranzitini həyata keçirmək imkanları da var".

Ə.Kazımova əlavə edib ki, Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir:

“İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Belə ki, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb. Bu layihənin də böyük potensialı var. Dövlət başçımız nitqində də vurğuladı ki, nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur.

Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər, istər böyük dəniz ticarəti limanı, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir".

Sədr vurğulayıb ki, əməkdaşlıq üçün vacib olan digər istiqamət isə minatəmizləmə sahəsidir:

“Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə bir milyondan çox mina təmizlənməlidir.

Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı mina terroruna tuş gələrək ya həlak olub, ya da ağır yaralanıb. Prezident İlham Əliyev bildirib ki, bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Qalib Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə dost ölkələrin şirkətlərinin iştirakı ilə böyük bərpa və infrastruktur quruculuğu layihələri həyata keçirir.

Macarıstan şirkətləri də bu sırada yer ala bilərlər. Bununla paralel olaraq, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır".

Vilayət Muxtar
Cebhe.info