Psixiatr Azər Bağırov: “Onlar evdə bişirilən yeməkləri yemirlər, evdəkilərin...” – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirib.
Qətli törədən Əhməd Əhmədovum psixi problemlərinin olduğu və dərmanlarını qəbul etmədiyi qeyd olunub.
Məsələ ilə bağlı psixiatr Azər Bağırov "Cebhe.info"-nun suallarını cavablandırıb.
Onunla olan müsahibəni oxuculara təqdim edirik:
- Azər bəy, insanın psixi sağlamlığını, durumunu, xəstə olduğunu müayinə etmək olurmu?
- Ötən gün Bakıda baş verən dəhşətli qətl hamını şok salıb. Belə hallarda bir neçə mülahizə yürütmək olar. Çünki biz hadisənin detallarını tamamilə bilmirik. Həmin şəxsin psixiatrik bir xəstəliyinin olub-olmaması üzərində durulması lazım olan əhəmiyyətli nöqtədir.
Şizofreniyanın sadə, qarışıq, paranoid və digər növləri var. Ümumiyyətlə, şizofreniya xəstələrini ittiham etmək istəmirəm, çünki onlar ətraflarındakı insanlara qarşı zərərverici deyillər.
Lakin paranoid şizofreniyada ətrafdakı insanlara qarşı şübhələr olur, insanlardan zərər görəcək fikri formalaşır.
Bəzən həmin xəstələr öz ailə üzvlərindən də şübhələnirlər. Bizim belə xəstələrimiz olur ki, onlar evdə bişirilən yeməkləri yemirlər, evdəkilərin onu zəhərlənməsindən şübhə edərək özlərinə yemək bişirirlər. Suyu, dərmanı zəhər kimi görürlər. Bu kimi hallarda paranoid şizofreniya diaqnozu qoyuruq.
Ortada mövcud olan psixotik travmanı aradan qaldırılması üçün uyğun dərman müalicəsi aparılır. Əgər bu dönəmlərdə xəstənin ətrafına zərər verməsi kimi hallar müşahidə edilərsə, artıq xəstəxanaya yatırmaq lazım olur. Xəstəxanada psixotik şiddətlənmə səngidikdən sonra xəstənin çıxışına icazə verilir.
Sosial mediada xəstənin xəstəxanadan niyə çıxarılması ilə bağlı müzakirələr getdi. Bildirim ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq heç bir insanı öz ixtiyarı, istəyi olmadan xəstəxanada yatırıla bilməz. Əgər xəstədə özünəqəsdetmə, homisid (ətrafa qəsdetmə) düşüncələri varsa, həmin şəxsin istəyi olmadan da pxisiatrik briqada həmin şəxsi hospitalizasiya edə bilər. Bu hospitalizasiya müddəti 72 saatdır. Bu müddət ərzində buna psixi sağlamlıq ekspertlərindən, həkimlərdən ibarət komissiya qərar verir.
Əgər xəstənin xəstəxanada yatırılmasına ehtiyac duyulursa, o zaman məhkəməyə müraciət olunur. Məhkəmə isə tez bir zamanda təsdiq verir və həmin şəxsin hospitalizasiyası davam etdirilir. Sözügedən qətli törədən şəxs 15 yaşında başqa birinə də zərər verib. 18 yaşa kimi belə hərəkətlər davranış pozuntusu adlanır. Lakin həmin şəxs psixiatrik xəstə olmaya da bilər, onda şəxsiyyət pozuntusu da ola bilər. Bu köhnə adıyla psixopatiyadır.
Yəni bu kimi insanlar başqalarına hörmət etmirlər, əsəbiləşəndə istədikləri hər şeyi edərlər və bunu özlərinə haqq bilərlər. Xaricdə cəzaçəkmə müəssislərində aparılan statistikaya əsasən, məhkumların 90 %-də şəxsiyyət pozuntusu aşkar olunub.
Həmin şəxsin 15 yaşında törətdiyi bıçaqlanma hadisəsi ailəsi tərəfindən ört-basdır edilib. Ailənin bu davranışı çox yanlışdır, çünki belə hallarda "camaat nə deyər" deyə, düşünərək övladının islah olunmasına qarşı çıxan valideyn zamanı gələndə artıq övladı ilə başa çıxa bilmir.
Burada əsas nüanslardan biri də sözügedən şəxsin narkotik istifadə edib-etməməsini öyrənməkdir. Çünki həmin şəxsdə şəxsiyyət pozuntusu varsa, narkotik qəbulu şəxsin beynində mühakiməetmə qabiliyyəti tamamilə pozulur.
- Kənardan psixi problemi olan şəxsləri necə müəyyən etmək mümkündür?
- İnsanların psixi problemlərinin olub-olmamasını kənardan davranışlarına görə bilmək olur. Məsələn, şizofreniya xəstələri özlərinə baxmırlar, yaşlarına uyğun maraqları olmur, bəzən qatı dindarlığa sürüklənirlər. Bu qatı dindarlıq fikirlərinə sahib olan xəstələrin dini təriqətlər tərəfindən beyinləri yuyulduqda ailələrini kafir kimi görürlər. Cihad adı ilə ailələrinə zərər verə bilirlər.
- Psixi pozuntusu olan şəxslər sağala bilirmi, bunu üçün nə qədər vaxt lazımdır?
- Günümüzdə tibb şizofreniya xəstələrini bəzən 80-90 % nisbətində müalicə etməyə imkan verir. Lakin müalicədən sonra da xəstə dərman müalicəsini davam etdirməlidir. Müalicənin müddəti isə qısadır, 1-2 ay müddətində xəstənin toparlanması mümkün olur.
Ləman İsmayıl
"Cebhe.info"