Cəmi bir neçə günlük yarış: Harris Trampı geridə qoyur

Cəmi bir neçə günlük yarış: Harris Trampı geridə qoyur

ABŞ-nin vitse-prezidenti Kamala Harris “Ipsos” və “Reuters”-in keçirdiyi milli sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı 2% qabaqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Harrisi sorğuda iştirak edən amerikalı seçicilərin 44%-i, Trampı isə 42%-i dəstəkləyib. Sorğu iyulun 22-23-də ABŞ-nin indiki Prezidenti Co Baydenin prezidentlik yarışından çıxdığını elan etdikdən və onun yerinə Harrisin namizədliyini dəstəklədikdən sonra keçirilib.

15-16 iyul tarixlərində keçirilən sorğuda Harris və Tramp hər ikisi 44%, 1-2 iyulda isə Tramp Harrisi bir faiz bəndi qabaqlayıb.

Son sorğuya görə, qeydiyyatdan keçmiş seçicilərin 56%-i 59 yaşlı Harrisin “kəskin zehni və problemləri həll etmək qabiliyyətinə malik olduğuna” inanır. Eyni zamanda, respondentlərin 49%-i 78 yaşlı Trampı belə təsvir edib.

Sorğuda iştirak edən demokrat seçicilərin 91%-i Harris haqqında müsbət fikirdədir. Sorğuda iştirak edənlərin dörddə üçü demokratların onun namizədliyini dəstəkləməsi ilə razılaşıb. Bundan əvvəl Harris demokratlardan prezidentliyə namizəd olmaq üçün kifayət qədər dəstək alıb. “Associated Press”-in sorğusuna görə, 2579 nümayəndə ona səs verməyə hazırdır, Harrisə isə 1976 səs kifayət edir.

Sorğuda seçicilərə Harris və Trampdan başqa müstəqil prezidentliyə namizəd Robert Kennedinin də daxil olduğu hipotetik səsvermə bülleteni də göstərilib. Seçicilərin 42%-i Harrisi, 38%-i isə Trampı dəstəkləyib. 

Kennedi respondentlərin 8%-nin dəstəyini qazanıb.

Bir gün əvvəl, iyulun 23-də Tramp Harris demokratların namizədi olacağı təqdirdə onunla bir neçə debat keçirməyə hazır olduğunu bildirib. Bundan əvvəl Tramp Baydenlə debata çıxıb. Hazırkı prezidentin bu seçkilərdə uğursuzluğu onun seçki yarışından geri çəkilməsinə səbəblərdən biri olub.

Harris Viskonsin ştatının Milvauke şəhərində keçirdiyi ilk mitinqdə Trampın 21-ci əsrdə ölkəyə rəhbərlik etməyə yaraşmadığını söyləyib. Onun sözlərinə görə, ABŞ-nin hazırkı seçki kampaniyası ölkəyə iki fərqli baxış təqdim edir:

“Onlardan biri gələcəyə, digəri isə keçmişə yönəlib. Biz azadlıq, mərhəmət və qanunun aliliyi ölkəsində, yoxsa xaos, qorxu və nifrət ölkəsində yaşamaq istəyirik?” 

Xəzər
“Cebheinfo.az”