Gürcüstan üçün yeni ssenari

Gürcüstan üçün yeni ssenari

Yaxın zamanda Gürcüstanın beynəlxalq səviyyədə tanınan əraziləri - Cənubi Osetiya və Abxaziya işğaldan azad oluna bilər. 

Yerli mətbuatın məlumatına görə, rəsmi Moskva Gürcüstana Abxaziya və Cənubi Osetiya ilə birlikdə konfederasiya təklif edib. Rusiyanın təkliflərinə əsasən Gürcüstan neytral status götürəcək və bunu öz konstitusiyasında təsbit edəcək.

Belə vurğulanır ki, Abxaziya və Cənubi Osetiya Gürcüstana konfederativ və ya federativ şəkildə birləşəcək. Hər iki bölgənin Gürcüstan parlamentində təmsilçiliyi olacaq. 

Siyasi ekspert David Khidaşveli bildirib ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana yenidən qovuşması hər an mümkün ola bilər: “Mən bu yaxınlarda Gürcüstan parlamentinin sədr müavini ilə Parlament yaxınlığında bir kafedə görüşdüm. Biz Abxaziya və Osetiyanın Gürcüstana konfederativ birləşməsini müzakirə etdik”.

Cənubi Qafqaz üzrə ekspert Fuad Çıraqovun sözlərinə görə isə Moskvanın təklifinin arxasında iqtisadi məqsədlər dayanır:

“Bu yaxınlarda Rusiya həm media, həm də diplomatik kanallar vasitəsilə Tiflisə mesaj ötürüb ki, əgər Gürcüstan neytral status götürərsə, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə konfederasiya şəklində birləşməsinə dəstək olacaq. Eyni zamanda, Abxaziyadan Gürcüstana qədər olan dəmiryol xətti bərpa edilib. Rusiya Ermənistana qədər olan dəmiryolu xəttini də bərpa etmək istəyir”. 

Ekspert Çinin də bu məsələdə maraqlı olduğunu bildirib: 

“Bundan əlavə Çin və Rusiya, Çin mallarının Rusiya dəmiryolları ilə Abxaziya oradan da Gürcüstanın Anakliya limanına çatdırılması istiqamətində danışıqlar aparılıb. Burada Anakliya limanın Rusiya üçün sanksiyaları yarmaq istiqamətində növbəti hab olması da əsas məqsəddir”.

Rusiyanın işğal etdiyi Cənubi Osetiya və Abxaziyadan geri çəkilməsi nə dərəcədə inandırıcıdır? Bəlkə Kreml Cənubi Qafqazla bağlı xarici siyasət strategiyasını dəyişmək qərarına gəlib? Doğrudanmı, rəsmi Moskva bu regionda hərbi-strateji mövqedən yox, geoiqtisadi mövqedən çıxış etmək istəyir? 

Məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Rusiya əvvəl-axır Cənubi Osetiya və Abxaziyadan geri çəkiləcək:

“Saakaşvili hakimiyyəti dönəmində Gürcüstan Cənubi Osetiya və Abxaziyanın ölkəyə konfederativ şəkildə birləşməsinə razı idi. Hətta rəsmi Tiflis buna hazır da idi. 

Konfederativ seçim Gürcüstan üçün ciddi problem yaratmayacaq. Tiflis federativ ölkə olmağa da razıdır. Bildiyimiz kimi, Gürcüstanın özündə muxtar vilayət var. Gürcüstanın dövlət rəhbərləri dəfələrlə öz bəyanatlarında bəyan ediblər ki, rəsmi Tiflis ölkə ərazisi tərkibində həm Cənubi Osetiya, həm də Abxaziyaya muxtar status verməyə hazırdır. 

Gürcüstanın bunun müqabilində neytral qalmasına gəlincə, Tiflis əvvəlki kimi NATO-ya üzv olmaqla bağlı iddialarını qabartmır.  Gürcüstan hakimiyyəti Rusiya-Ukrayna müharibəsində neytral mövqedən çıxış edir. 

Hesab edirəm ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyadan geri çəkilməsi müqabilində Gürcüstan NATO-ya üzv olmaq iddiasından əl çəkməyə hazırdır. Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanunun qəbul olunması rəsmi Tiflisin bu istiqamətdə hərəkət etməkdə maraqlı olduğunu göstərir”. 

O ki qaldı rus ordusunun Cənubi Osetiya və Abxaziyadan geri çəkilməsinə, ekspert deyir ki, hər iki bölgə Rusiya üçün o qədər əhəmiyyət kəsb etmir: 

“Əgər əhəmiyyətli olsa idi, Moskva həmin bölgələrə investisiya yatırardı. Moskva isə buna maraq göstərmir. Rus ordusunun Gürcüstanın ərazilərində hərbi varlığı müvəqqətidir”. 

M. Əliyev vurğulayıb ki, Rusiya Cənubi Qafqazda hərbi-strateji mövcudluğunu iqtisadi planlarla əvəz etmək niyyətindədir:

“Rusiyaya Cənubi Qafqaz ölkələri ilə güclü iqtisadi münasibətlər qurmaq və bu region üzərindən keçən logistik marşrutlardan istifadə etmək lazımdır. Bu, Kreml üçün prioritet təşkil edir. Əgər Azərbaycan və Gürcüstan, hətta Ermənistan Rusiyaya bu təminatı verərlərsə, onda Moskvanın bu regionda hərbi mövcudluğunu qorumaq ehtiyacı yoxdur. Hazırkı proses məhz buna doğru gedir”. 

Gürcüstanda son daxili proseslər, xüsusilə  hakimiyyətə qarşı kütləvi etiraz aksiyaların keçirilməsi, o cümlədən ölkədə bu ilin oktyabrındakı növbəti parlament seçkilərinin nəticələri, bunun fonunda ölkənin konfederativ və ya federativ şəkildə birləşməsinin mümkünlüyü barədə fikir bildirən M. Əliyev qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyünün təmininə əngəl yaradan heç bir problem qalmayıb: 

“Hesab etmirəm ki, növbəti parlament seçkilərində müxalifət qüvvələr qələbə qazanacaq. 

Gürcüstan parlamentində “Xarici agentlər haqqında” Qanun heç bir maneəsiz qəbul olunacaq. Ölkədaxili baş verən hadisələr seçki prosesinə ciddi təsir etməyəcək. Siyasi partiyaların və vətəndaş cəmiyyətlərin hazırkı iqtidara təsir etmək üçün o qədər də gücü yoxdur. Beynəlxalq təzyiq də o qədər də güclü deyil”. 

Cənubi Osetiya və Abxaziyada qondarma qurumların, eləcə də yerli əhalinin Rusiya ilə Gürcüstan arasında məsələ ilə əlaqədar aparılan dialoqa gəlincə, M. Əliyev həm abxazların, həm də osetinlərin Gürcüstanın tərkibində yaşamağa hazır olduqlarını bildirib. 

“Gürcülərin abxazlar və osetinlər ilə münasibətləri azərbaycanlılar ilə ermənilər arasındakı münasibətlərdən fərqlənir. Abxaziyadan, eləcə də Cənubi Osetiyadan Gürcüstana indiyə qədər gediş-gəliş davam edir. Abxazlar və osetinlər üçün Gürcüstan vətəndaşı olmaq daha məqbuldur, nəinki Rusiya”. 

M. Əliyev əlavə edib ki, Moskvanın Gürcüstana təklifi ABŞ tərəfindən yüksək qiymətləndiriləcək: 

“İstər konfederativ, istərsə də federativ əsasda olsun, Vaşinqton Gürcüstanın ərazi bütövlüyünün tam şəkildə bərqərar olunmasında maraqlıdır. Vaşinqton çox istəyir ki, Gürcüstanda demokratik dəyərlərə söykənən islahatlar davam etsin. 

Gürcüstanın NATO-ya üzvlüyü məsələsinə gəlincə, hər hansı ölkə alyansa üzv olmaq üçün təkcə hərbi deyil, həmçinin siyasi və iqtisadi standartlara tam uyğunlaşmalıdır. Bu standartlarda daha çox siyasi və iqtisadi məsələlər üstünlük təşkil edir. 

Gürcüstan Türkiyə deyil ki, tez bir zamanda NATO-ya qəbul olunsun. Türkiyə NATO-ya 1950-ci illərdə üzv olanda, tam başqa bir dövr idi. Bununla yanaşı, nə ABŞ, nə də Qərbi Avropa ölkələri NATO-nin daha da genişlənməsində maraqlıdır”. 

Yunis Abdullayev
"Cebhe.info"