Yaxın Şərqdə yeni "oyunçu": Ər-Riyad regional gücə çevrilə biləcək?

Yaxın Şərqdə yeni "oyunçu": Ər-Riyad regional gücə çevrilə biləcək?

Son zamanlar Səudiyyə Ərəbistanın region dövlətləri, xüsusilə İran, Suriya və İsrail ilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirilməsi müşahidə edilir.

Xatırladaq ki, martın 11-də Çinin paytaxtı Pekində Çin XİN rəhbərinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdə İran və Səudiyyə Ərəbistanın dövlət rəsmiləri iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə razılığa gəliblər.

Hər iki dövlətin informasiya mənbələrinin məlumatlarına görə, iki ay ərzində Tehran və Ər-Riyadda İran və Səudiyyə Ərəbistan diplomatik nümayəndəliklərin fəaliyyəti öz işini bərpa edəcək.

Eyni zamanda Səudiyyə Ərəbistan Suriya ilə diplomatik münasibətlərin bərpa edilməsini də nəzərdən keçirib. Köfrəz ölkəsinin XİN rəhbərliyi məlumat verib ki, yaxın zamanda Səudiyyə Ərəbistanın Dəməşqdə, Suriyanın isə Ər-Riyadda səfirlikləri yenidən açılacaq.
Bununla yanaşı, Ər-Riyad İsraillə də diplomatik münasibətlərin qurulması istiqamətində müəyyən addımlar atıb. Hər iki tərəfin rəsmiləri arasında müəyyən görüşlər keçirilib.

Səudiyyə Ərəbistanın xüsusilə qonşu və region dövlətləri ilə xarici siyasət strategiyasında son addımları təqdirəlayiqdir. Lakin Yaxın Şərqdə Səudiyyə Ərəbistanın diplomatik gedişi müəyyən suallar doğurur.

Maraqlıdır, Səudiyyə Ərəbistan nə etmək istəyir? Hədəfi nədir? Ər-Riyadın diplomatik gedişi kimi əleyhinədir?

Məsələ ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Əlimusa İbrahimov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Səudiyyə Ərəbistanın məqsədi Yaxın Şərqdə regional hərbi-siyasi gücə çevrilməkdir.

“Bu istiqamətdə Səudiyyə Ərəbistanın qarşısında müəyyən manelər vardı. Bu manelər əsasən İran, İsrail və ən başlıca isə ABŞ idi. Hesab edirəm ki, ABŞ-ın Yaxın Şərq regionunda nüfuzunun zəifləməsi Səudiyyə Ərəbistan üçün münasib imkanlar yaradıb. Eyni zamanda, Səudiyyə Ərəbistanın regional siyasi gücə çevrilməsinə maneçilik törədən digər dövlət isə İsrail idi.

Ər-Riyad uzun müddət İsrail ilə diplomatik münasibətlərin qurulmamasına çalışıb. Düzdür, Tramp administrasiyası dövründə İsrail və regionun Ərəb dövlətləri arasında diplomatik münasibətlərin formalaşdırılması üçün müəyyən layihələr hazırlandı. Bu layihələrdə Ər-Riyad və Təl-Əviv arasında diplomatik münasibətlərin qurulması da nəzərdən keçirilmişdi. Lakin Ər-Riyad bu layihələrə qoşulmadı.

Bu onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistan uzun müddət bununla bağlı mühüm planlar hazırlayırdı və Ər-Riyad artıq həmin planlarını həyata keçirməyə başlayıb. Həqiqətən, Səudiyyə Ərəbistan Yaxın Şərqdə güclü regional dövlətə çevrilmək üçün qarşısında bütün maneləri bir-bir aradan qaldırır. Bu ölkənin İranla münasibətləri bərpa etməsi heç təsadüfü deyil. Bu o demək deyil ki, Ər-Riyad bundan sonra İranla dost olacaq və ya Tehrana bu və ya digər formalarda güzəştlərə gedəcək. Səudiyyə Ərəbistan sadəcə olaraq, öz yolunu açır və regional güc mərkəzinə çevrilməyə çalışır”.

Politoloq Zərdüşt Əlizadə isə Səudiyyə Ərəbistanın hazırki diplomatik gedişinin heç kimin əleyhinə olmadığını bildirib:

“Səudiyyə Ərəbistan rəhbərliyi istəyir ki, qonşu dövlətlər ilə gərginliyi azaltsın və normal diplomatik münasibətlər qursun. Ər-Riyadın son diplomatik addımları heç kimin əlehinə deyil, öz lehinə işləyir. Səudiyyə Ərəbistan nəhəng neft resurslarına malikdir. Bu ölkəni idarə edən sülalə istəyir ki, nefti müxtəlif ölkələrə satıb pul qazansın və ona dəyib-dolaşan olmasın”.

Politoloq İlyas Hüseynovun sözlərinə görə, Səudiyyə Ərəbistanın xarici siyasətində vahid mövqe görsənmir:

“Səudiyyə Ərəbistanın son diplomatik addımlarından görünür ki, o, müxtəlif koalisiyalarda yer alaraq həm İranla yaxınlaşmaq yolunu tutur, həm də İsraillə müxtəlif təmasların davam etdirilməsinə çalışır. Bu dövlət həm Şərq, həm də Qərb bloku ilə münasibətlərin qurulmasına müsbət yanaşır. Bu isə ondan xəbər verir ki, Səudiyyə Ərəbistanın strateqləri hələ də ölkənin hansı blokda təmsil olunması ilə bağlı diplomatik xətt müəyyən edə bilməyiblər. Səudiyyə Ərəbistan Rusiya-Ukrayna müharibəsi fonunda hər hansı blokda qəti şəkildə özünü görmür. Bu da bir tərəfdən siyasi manevr imkanlarının mövcudluğunu nümayiş etdirən bir yanaşmadır”.

Yunis Abdullayev
Cebhe.info