Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Yaxın zamanda Avrasiya regionu üçün xüsusi əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat layihəsinin həyata keçirilməsinə şahidi olacağıq.

Qeyd edək ki, iyunun 2-də Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

Görüşdə Rusiya, Azərbaycan və Ermənistan rəsmiləri Cənubi Qafqazda regional kommunikasiyaların blokadan çıxarılması və bu istiqamətdə münasib üsulların tətbiqi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk mətbuata açıqlamasında bildirib ki, üçtərəfli görüş konstruktiv keçirilib.

Overçukun məlumatına görə, bu görüşdə Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmiryol xəttinin bərpası və təşkilati tədbirlərin görülməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Həmin marşrut üzrə işlərin intensivləşməsi üçün tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində növbəti görüşlərin keçirilməsi barədə razılığa gəliblər.

Bəzi ekspertlərin sözlərinə görə, müxtəlif regionları, xüsusilə Rusiya və Cənubi Qafqazı Yaxın Şərq, Türkiyəni Mərkəzi Asiya, Çini Avropa ilə birləşdirən bu marşrut xətti Azərbaycan və Ermənistana, hətta Rusiyaya iqtisadi dividentlər qazandıracaq.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, həmin istiqamət üzrə dəmir yolunun açılması Azərbaycan və Ermənistanla bərabər Rusiyanın da geoiqtisadi maraqları üçün əhəmiyyətlidir:

"İyunun 2-də Moskvada üçtərəfli İşçi Qrupu çərçivəsində keçirilən görüşün nəticələrinə görə, tərəflər Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryol xəttinin açılması istiqamətində real addımların atılması ilə bağlı razılığa gəliblər.

Çünki bu, təkcə region dövlətlərinin yox, həmçinin Rusiyanın da marağındadır. Eyni zamanda bunun arxasınca digər regional kommunikasiyaların açılması istiqamətində də zəruri addımlar atılacaq. Bu prosesə mütləq təkan verilməlidir. Bu, hazırki zamanın tələbidir.

Həmçinin, Rusiya-Ukrayna müharibəsi kontekstindən yanaşsaq görərik ki, Rusiyanın Avropaya çıxış yolu bloklanıb. Bu baxımdan həmin dəmir yolu marşrutu Rusiyaya Türkiyə və Yaxın Şərqin digər ölkələrindəki bazarlara çıxış yolu açacaq.

Bununla bərabər, Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolu marşrutunun açılacağı təqdirdə region dövlətləri arasında iqtisadi əməkdaşlıq daha sürətlənəcək. Həmin marşrut yolundan istifadə etməklə Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə, o cümlədən Mərkəzi Asiya ölkələri də xeyli iqtisadi gəlirlər əldə edəcəklər.

Təkcə dəmir yolunun bərpası yox, ümumilikdə Zəngəzur dəhlizinin açılması istiqamətində zəruri addımların atılması lazımdır. Ona görə ki, bu dəhliz Çinlə Avropanı, eləcə də digər regionları bir-birilə birləşdirən ən qısa yol hesab olunur. Onu da əlavə edim ki, digər mühüm layihənin icrası, yəni Qarsdan Naxçıvana dəmiryol xəttinin planlaşdırılması da diqqət mərkəzindədir.

Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryol xəttinin layihələşdirilməsi üzrə işlər başa çatadan sonra Türkiyədən Naxçıvana dəmir yolun çəkilməsinə də şahidi olacağıq. Bunun üçün artıq münasib zəmin yaranıb. ümid edirik ki, Ərdoğan hakimiyyəti bu layihəni icra edəcək".

Yunis Abdullayev
Cebhe.info