Azərbaycanda pensiya yaşı azaldılır? - Deputat ümidli danışdı

Azərbaycanda pensiya yaşı azaldılır? - Deputat ümidli danışdı

Ölkəmizdə pensiya yaşı yenidən gündəmdədir.

Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulduğu kimi, kişilərin yaş həddi 65, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Eyni zamanda, ölkə əhalisinin yalnız 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir. Bütün dünyada ömrün qısalmasını və yaşlı insanların cəmiyyətin az faizini təşkil etməsini nəzərə alaraq pensiya yaşı aşağıdakı kimi müəyyənləşdirilib.

Yunanıstanda kişilər orta hesabla 61,7 yaşında pensiyaya çıxır, qadınlar isə 60 yaşında işləməyi dayandırırlar. Polşada isə əks proses baş verir. Belə ki, ölkə pensiya yaşını kişilər üçün 67-dən 65-ə, qadınlar üçün isə 60-a endirib. İtaliyada kişilər 63,3, qadınlar isə 61 yaşa qədər işləyirlər. Almaniyada da rəsmi pensiya yaşı 65-dən çox deyil. Qonşu Gürcüstanda pensiya müddəti qadınlar üçün 60, kişilər üçün 65 yaşda başlayır. Qazaxıstan, Qırğızıstan, Tacikistanda qadınlar 58, kişilər 63 yaşda, Özbəkistanda qadınlar 55 yaş, kişilər 60 yaşda, Türkmənistanda isə qadınlar 57, kişilər isə 62 yaşda pensiyaya çıxırlar.

Bolqarıstanda kişilər pensiyaya 63 yaşında, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar. Estoniyada kişilər 63, qadınlar isə 61, Finlandiyada kişilər və qadınlar 63, Slovakiyada kişilər 60, qadınlar isə 57, İsveçrədə qadın və kişilər 61 yaşında pensiyaya çıxırlar. Bu ölkələrlə yanaşı, pensiya yaş həddi 65 olan və gələcəkdə yaş həddinə yenidən baxılmasını nəzərdə tutan ölkələr var. Azərbaycanda da pensiya yaşının yenidən müəyyən olunması ilə bağlı müzakirələr davam edir.

Ombudsman qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunda müvafiq dəyişiklik təklif edib. Milli Məclisin bir neçə üzvü də pensiya yaşının azaldılmasını və ya qadınlar üçün müəyyən edilmiş hazırkı həddin sabit qalmasını təklif ediblər.

Bəs ölkəmizdə pensiya yaşı nə qədər azaldıla bilər?

Dəfələrlə sözügedən məsələ barədə parlamentdə çıxış edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, pensiya yaşının azaldılması cəmiyyətin sosial sifarişidir:

“Cəmiyyətin sosial sifarişi olduğuna görə bu təklif həm də Ombudsman tərəfindən səsləndirilib. Milli Məclisdə də bu məsələ zaman-zaman qaldırılıb və bir neçə dəfə də mən səsləndirmişəm. Azərbaycanda tibbi və sosial əlçatanlığı nəzərə alaraq qadınlar üçün 60, kişilər üçün 62 yaş həddinin müəyyənləşdirilməsi məqbul olardı. Müəyyən yas məclislərində, qəbiristanlıqlarda monitorinq aparmışam, görürəm ki, insanlar, əsasən 57-62 yaş arasında vəfat edirlər.

Uzunömürlülər isə daha çox 30-40-cı illərdə doğulanlardır. Amma 1950-ci illərdən sonra doğulanlar pensiya yaşına çatmadan dünyasını dəyişirlər. Bunu əsas gətirərək bu təklifi irəli sürmüşəm. Ona görə də həm xəstəliklərin cavanlaşmasını, insanların pensiya yaşına çatmadan dünyasını dəyişməsini nəzərə alaraq qadınlar üçün 60, kişilər üçün 62 yaş həddinin müəyyənləşdirilməsi vacibdir”.

Deputat ümid edir ki, məqbul yol tapılacaq:

“Bu məsələ haqqında bu qədər danışılması göstərir ki, cəmiyyət bunu istəyir, bu, cəmiyyəti maraqlandırır. Sosial sifariş kimi hökumət bunu müzakirəyə çıxaracaq və məqbul bir yol tapılacaq ki, insanlarımız dünyasını dəyişmədən heç olmasa bir neçə il əmək pensiyası ala bilsinlər”.

Günay Şahmar
Cebhe.info