“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - FOTOLAR

“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - FOTOLAR

Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 08.07.2025-ci il tarixində Layihə heyətinin onlayn iclası keçirilib. İclas Layihə çərivəsində cari ilin 16-25 iyul tarixlərində Bakı şəhəri Yasamal rayonu tarixi Zərgərpalan hamamında keçirilməsi nəzərdə tutulan təlim kurslarına həsr olunub. İclas zamanı kursun proqramı, təlim mövzuları, ekspertlər tərəfindən hazırlanmış təlim materialları, nəşr olunacaq dərs vəsaiti, təlimin davamlılığını təmin etmək üçün MOOCların (Kütləvi Açıq Onlayn Kurslar) təşkili və digər məsələlər müzakirə olunub. Eyni zamanda layihədə iştirak edəcək ekspertlərlə birgə təlimin praktiki cəhətdən səmərəli təşkili yolları haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcəkdir. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, həmçinin müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir. Bu vaxta qədər artıq 4 təhsil müəssisəsində müxtəlif mövzular üzrə bu cür seminarlar təşkil olunmuşdur.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

"Cebheinfo.az"