"Duyğulara sənətlə toxunuş": Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

"Duyğulara sənətlə toxunuş": Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sənət və duyğu harmoniyasının təbliği" adlı layihə çərçivəsində Gəncə şəhərində art-terapiya yönümlü rəsm kursları uğurla davam etdirilir. Tədbirlər Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində təşkil olunur.

Layihə "Duyğulara sənətlə toxunuş" devizi ilə həyata keçirilir və əsas məqsədi valideyn himayəsindən məhrum olan 7–17 yaş arası uşaqlara psixoloji dəstək göstərmək, onların emosional inkişafını incəsənətin şəfalı təsiri ilə dəstəkləməkdir.

Layihəyə rəhbərlik edən Lamiyə İsazadə, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri olaraq uzun illərdir uşaqların sosial rifahı və psixoloji reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Layihənin psixoloji dəstək hissəsini "Serotonin" Neyropsixoloji Mərkəzinin əməkdaşı, təcrübəli psixoloq Alsu Süleymanova həyata keçirir. Təsviri incəsənət üzrə dərslərə isə Gəncə Dövlət Universitetinin rəsm müəllimi Nəzrin Ağayeva rəhbərlik edir.

Layihə çərçivəsində təşkil edilən dördüncü dərs "Uşaqların xarakterik xüsusiyyətlərinin rəsm analizi" mövzusuna həsr olunub. Bu mərhələdə uşaqların çəkdikləri rəsmlər vasitəsilə onların daxili aləmi, emosional vəziyyəti, şəxsi xüsusiyyətləri və ehtiyac duyduqları psixoloji dəstək növləri müəyyənləşdirilir.

Psixoloq Alsu Süleymanova bildirir ki, rəsm terapiyası uşaqların özlərini ifadə etmələri üçün mühüm vasitədir:

"Uşaqlar bəzən duyğularını sözlərlə deyil, şəkillərlə daha yaxşı ifadə edirlər. Rəsm vasitəsilə onların qorxuları, arzuları və düşüncələri səssiz şəkildə üzə çıxır. Bu, həm diaqnostik, həm də terapevtik baxımdan çox dəyərlidir."

Qeyd edək ki, layihə çərçivəsində uşaqlara davamlı şəkildə art-terapiya seansları keçirilir, eyni zamanda onların yaradıcılıq qabiliyyətləri də stimullaşdırılır. Uşaqların çəkdikləri rəsmlər həm müəllim, həm psixoloq tərəfindən analiz edilir, nəticələr isə fərdi psixoloji yanaşma formalaşdırmaq üçün əsas rol oynayır.

Mütəxəssislər qeyd edirlər ki, bu cür art-terapiya proqramları valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırır, onların özlərinə inamını artırır və daxili travmaların bərpasında mühüm rol oynayır. Çünki hər bir uşaq duyulmaq, görülmək və dəyər verilmək istəyir.

İncəsənət isə onların bu ehtiyaclarını ən təbii və təsirli formada ifadə etməyə imkan verir. Növbəti layihələrdə uşaqların iştirakı ilə rəsm sərgilərinin təşkili, eləcə də ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi də planlaşdırılır.

"Cebheinfo.az"