Müəllimlərin gözündən yayınan DETAL: “Elm və Təhsil Nazirliyinin kobud səhvidir”

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.
Ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib.İmtahanda bəzi neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub.
Müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib ki, onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibədə iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
Xatırladaq ki, növbəti sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunmuşdu. Sertifikasiya imtahanlarında xüsusi təhsildə işləyən müəllimlərlə ümumtəhsil məktəblərində çalışan müəllim arasında fərq nəzərdə tutulurmu?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, xüsusi təhsildə işləyən müəllimlərlə ümumitəhsil məktəblərində işləyən müəllimlərin eyni qaydada sertifikasiyaya cəlb olunması Elm və Təhsil Nazirliyinin kobud səhvidir:
“Xüsusi təhsildə hər bir təhsilalana ayrılan vəsait ümumtəhsildə təhsil alana ayrılan vəsaitdən azı iki dəfə çoxdur. Çünki onlara xüsusi şərait yaradılır, pedoqoji, psixoloji, tibbi, sosial və digər tədbirlər də görülür. Bu baxımdan, orada hər bir təhsil alana düşən təhsil xərci daha çox olur.
Eyni zamanda, xüsusi təhsil alanlar ya ümumtəhsilin ümumləşdirilmiş proqramı, ya da sadələşdirilmiş proqramı ilə təhsil alırlar. Xüsusi təhsil üzrə bizdə mütəxəssis hazırlığı yoxdur. ADPU-da xüsusi təhsil şöbəsi var, ancaq tədris edilən fənlər isə adətən əlavə təhsil vasitəsilə gəlib işləyirlər.
Xüsusi təhsildə 8-ci sinifdə tədris olunan materiallar ümumitəhsil məktəblərində 2-3-cü sinifdə tədris olunur. Onsuz da ümumtəhsil proqramı ilə xüsusi təhsildə oxuyanlara həftədə 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər 8 saatdan 13 saata qədər dərs yükü, eyni qaydada ümumitəhsildə 20-21 saatdan 35 saata qədər həftəlik dərs yükü var”.
Ekspert deyib ki, böyük problem attestasiya və sertifikasiya prosesində yaranır:
“Onları biz eyni proqramla, yəni xüsusi təhsil alanı lisey, gimnaziya və yaxud ümumtəhsil məktəblərində oxuyan şagirdlərlə buraxılış imtahanlarında eyni qaydada attestasiya edirik.
Eləcə də həmin məktəblərdə tədris edən müəllimləri də lisey, gimnaziya və yaxud ümumi təyinatlı ümumtəhsil məktəblərinin müəllimləri ilə eyni qaydada sertifikasiya edirik. Bu, nə dərəcədə doğrudur? Sertifikatlaşma qaydaları 30 aprel 2020-ci il tarixli Nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə təsdiq edilib. Onun 3.8 bəndində deyilir ki, müəllim tədris etdiyi fənndən sertifikasiya olunmalıdır”.
Ekspertin sözlərinə görə, xüsusi təhsildə işləyən müəllimlərin əmək münasibətlərinin informasiya sistemində onlarla bağlı biologiya, coğrafiya, fizika və s. müəlllimi yazılsa da, onlar evdə xüsusi təhsil tədris edirlər:
“Onlar gərək ibtidai sinif müəllimləri ilə sertifikasiyaya gedəydilər. Bu, sertifikatlaşma qaydalarının pozulmasının bir hissəsidir. İkincisi, xüsusi təhsilin dövlət standartları var. Nazirlər Kabinetinin 2024-cü ilin fevral ayında qəbul edilmiş müvafiq qərarla onlar ümumtəhsil proqramlarının uyğunlaşdırılmış proqramı ilə, fizki məhdudiyyəti, əqli geriliyi və psixi ləngimələri olanlar isə sadələşdirilmiş formada təhsilə cəlb olunurlar.
Bu nə dərəcə doğrudur ki, həmin müəllimləri ümumtəhsil proqramları ilə eyni qaydada imtahana cəlb edirik? Bu, birmənalı şəkildə qəbul edilə bilməz və sertifikasiya qaydalarının pozulmasıdır. Çox maraqlıdır ki, Konstitusiya Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərarına uyğun olaraq göstərilir ki, sertifikatlaşma prosesində Elm və Təhsil Nazirliyinin göstərdiyi təhsildə dövlət siyasətinin əsas prinsiplərindən biri olan keyfiyyətlilik prinsipi yox, Əmək Məcəlləsinin 79-cu maddəsi göstərilsin.
Üzümü nazirliyə tuturam ki, Konstitusiya Məhkəməsinin qərarını necə yerinə yetirməz? Eləcə də ailəsində 18 yaşa qədər əlilliyi müəyyən edilmiş uşaq, I qrup əlilliyi olan şəxsləri kütləvi şəkildə necə işdən azad edirlər? İndi də digər bir hiyləğər varianta əl atılıb ki, siz müraciət edin, biz sizə sentyabrdın 15-dən başqa işlər verəcəyik. Ancaq burada əsas məqsəd əmək qanunvericiliyinə görə, bir ay iddia müddətini ötürməkdir”.
Ekspert sertifikasiyadan kəsilən, əmək müqaviləsinə xitam verilənlərə müraciət edib ki, hökmən bir amili diqqətdə saxlasınlar və məhkəməyə müraciət etsinlər:
“İddia müddətinin vaxtı da iyulun 30-na qədərdir. Bu tarixdən sonra məhkəməyə müraciət etsələr də, iddia müddətini ötürmüş olacaqlar”.
Nigar Abdullayeva
“Cebheinfo.az