Bir görüşün pərdəarxası: Sülhün arxasında dayanan qlobal güc

ABŞ-nin Dövlət katibi Marko Rubio Prezident Donald Trampa Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, Rubio bu açıqlamanı Trampın müxtəlif münaqişələrin həllində xarici siyasət uğurları ilə izah edib.
Qeyd edək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Danışıqların Əbu-Dabidə baş tutması məhz Tramp adminstrasiyasının təşəbbüsü hesab edilir.
ABŞ rəhbərliyi Azərbaycana və Ermənistana nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və sülh müqaviləsi üzrə razılıq əldə olunmasını təklif edir. Hətta qeyd edilən təkliflərlə bağlı ABŞ-nin hər iki tərəfə “yol xəritəsi” təqdim etdiyinə dair məlumatlar var.
Prezident seçildikdən sonra bir sıra münaqişlərin dayandırılması və həlli ilə bağlı siyasi səylər göstərən Donald Tramp bu dəfə Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa çalışır. Ukraynada, Yaxın Şərqdə baş verən münaqişələrin həllində ciddi irəliləyiş qazana bilməyən ABŞ Prezidenti Azərbaycanla Ermənistan arasında sülh yarada bilsə, bu, onun imicinə müsbət təsir göstərə bilər.
Hətta Nobel Sülh Mükafatı almağa çox maraq göstərən Tramp üçün bu uğur tutarlı arqumentə çevrilmiş olar. Politoloq Natiq Miri “Cebheinfo.az”-a açılqmasında bildiriи ki, Əbu-Dabidə danışıqlar Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxara bilər:
“Əbu-Dabi sadəcə Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə keçirilmir. Bu müzakirələrin əsl təşkilatçısı ABŞ-dir. Əbu-Dabi görüşünə Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri kontekstində baxmaq lazımdır.
Yəni üfüqdə Azərbaycan-Ermənistan-Türkiyə yaxınlaşması prosesinə rəvac verilib. Nəhayət, Əbu-Dabidə keçiriləcək görüşə regionda yaradılacaq yeni təhlükəsizlik arxitekturası kontekstində nəzər salmaq lazımdır.
Əvvəlki görüşlərdən fərqli olaraq, bu, problemin həllinə yönəlik fərqli danışıqlardır. Yəni mövcud vəziyyətdə həm Azərbaycan, həm də Ermənistan liderlərinin bu məqsədə nail olmaq üçün siyasi iradəsi var.
Nikol Paşinyan hakimiyyəti anladı ki, Ermənistanın təbii təhlükəsizliyi Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə heç bir problem yaratmır. Belə bir təbii təhlükəsizlik isə yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsindən asılıdır.
Nəticədə, Azərbaycanla Ermənistan arasında postmüharibə dövrü sülh imzalanacaq. İkincisi, iki ölkə arasında nəqliyyat və kommunikasiyalar açılacaq. Nəhayət, Ermənistanın Rusiyanın siyasi orbitindən çıxması və Avropaya inteqrasiyasının əsası qoyulacaq.
Yəni Türkiyə ilə sərhədlər açılacaq, nəqliyyat-kommunikasiya əlaqələri işə düşəcək, yeni maliyyə və digər bazarlar Ermənistan iqtisadiyyatına cəlb olunacaq. Bu perspektivi Ermənistanda anlamağa başladılar.
Ona görə də Əbu-Dabidəki görüşü bir cümlə ilə ifadə etsək, həll yolunun tapılmasına həsr olunacaq. Hesab edirəm ki, orada daha çox məsləhətləşmələr aparılacaq. Həmin görüşdə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və Zəngəzur dəhlizinin açılması perspektivi müzakirə olunacaq. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılmasına dair razılıq var.
Rusiyanın eyni zamanda həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitələrini işə salması da bununla bağlıdır. Çünki bu böyük prosesin heç birində Rusiya yoxdur. Bunun arxasında bir qlobal güc dayanır ki, o da ABŞ-dir. Marko Rubionun işlətdiyi cümləyə də diqqət yetirdikdə bunu görmək olar”.
Siyasi ekspert bildirib ki, Co Baydenin prezidentliyi dönəmində Vaşinqton platformasında aparılan danışıqlardan fərqli olaraq, Donald Tramp adminstrasiyası Azərbaycan və Ermənistan arasında sülh əldə etməyə daha yaxındır. Bunun da səbəbi sülhyaratma prosesində aparıcı rolun ABŞ-yə deyil, Türkiyəyə verilməsi ilə bağlıdır:
“Həm Suriyada, həm də Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında Türkiyənin dominantlığı qəbul olunur. Rusiyanın qəbul etmədiyi reallıq bundan ibarətdir. Ona görə də Nikol Paşinyan təcili Türkiyəyə səfər etdi və Prezident Ərdoğanın məsləhətlərini dinlədi.
Paşinyanın Türkiyəydə apardığı müzakirələrdə sülhün əldə olunması üçün “yol xəritəsi” hazırlandı. Ona görə də kilsə başda olmaqla revanşist müxalifət Paşinyanı devirməyə qalxdı. Bunu təşkil edən isə “səhnə” arxasında dayanan güc-Rusiya idi.
Qərbin xüsusi xidmət orqanları da bu çevrilişin qarşısını almaq üçün həm lazım olan informasiyaları Paşinyana ötürdülər, həm də onun təhlükəsizliyini təmin etdilər.
Gümrüdəki Rusiya hərbi bazasındakı hərbçilərin sayının artırıldığına dair dövriyyəyə buraxılan xəbərlər də əslində, həm Ermənistana, həm də Azərbaycana yönəlik mesajdır.
Çünki belə bir gücün Ermənistanda varlığı istənilən vaxt Paşinyanı potensial olaraq devirmək üçün şərait yaradır. Belə bir hadisənin olması istənilən vaxt Azərbaycana qarşı təxribat, yeni eskalasiya deməkdir. Ona görə də bunlar zəncirvari şəkildə bir-birinə bağlıdır”.
Müşfiq Abdulla
“Cebheinfo.az”