Səssiz ölüm belə gəlir

Səssiz ölüm belə gəlir

Fosil yanacaqların istifadəsinin yaratdığı iqlim dəyişikliyi, son günlərdə Avropanı təsiri altına alan isti hava dalğasında insan tələfatının üç dəfə artmasına səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, Imperial College London və London School of Hygiene & Tropical Medicine (London Gigiyena və Tropik Tibb Məktəbi) rəhbərliyində hazırlanmış operativ əlaqələndirmə təhlilində iqlim dəyişikliyinin Avropada son günlərdə yaşanan həddindən artıq isti hava dalğalarına və bunun yaratdığı insan itkilərinə təsiri araşdırılıb. 

Araşdırmaya görə, 23 iyun – 2 iyul tarixləri arasında Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassari (İtaliya) olmaqla 12 Avropa şəhərində müşahidə olunan yüksək temperatur, qlobal istiləşmə səbəbindən mövsüm normalarından 1 ilə 4 dərəcə yuxarı olub. 

Bu dövrdə istiyə bağlı qeydə alınan 2300 ölümün təxminən 1500-ü iqlim dəyişikliyinin yaratdığı yüksək temperatur səbəbindən baş verib. Beləliklə, iqlim dəyişikliyinin tətiklədiği həddindən artıq istilik insan ölümünü üç dəfə artırıb. 

Ən çox təsirlənən qrup yaşlı insanlar olub – iqlim dəyişikliyi ilə bağlı ölümlərin 88 faizini 65 yaş və yuxarı şəxslər təşkil edib. Digər tərəfdən, 20-64 yaş arasında istiyə görə ən azı 183 nəfərin həyatını itirdiyi müəyyən edilib. Araşdırmaya daxil olan şəhərlər arasında həmin dövrdə iqlim dəyişikliyi ilə bağlı ən çox insan itkisi Milan şəhərində qeydə alınıb. 

Onu Barselona, Paris və London izləyib. Tədqiqatçılar daha güclü isti hava dalğalarının və artan insan tələfatının qarşısını almaq üçün fosil yanacaq istifadəsinin təcili şəkildə azaldılması və xalis sıfır emissiya hədəflərinə çatılmasının vacibliyini vurğulayaraq, Avropa üzrə istiyə bağlı ölümlərin rəsmi rəqəmlərdən daha çox ola biləcəyini bildirirlər. 

“Imperial College” London Ətraf Mühit Siyasəti Mərkəzinin tədqiqatçısı Ben Clarke təhlilə dair şərhində, isti hava dalğalarının yanğın və ya fırtına kimi dağıdıcı izlər qoymadığını, amma təsirlərinin “səssiz şəkildə dağıdıcı” olduğunu qeyd edib: “Temperaturda sadəcə 2-3 dərəcəlik fərq, minlərlə insan üçün həyatla ölüm arasındakı xətt ola bilir. Qlobal temperatur artımı sənaye öncəsi dövrə görə artıq 1,3 dərəcə yüksəlib. Əgər belə davam etsə, bu artım əsrin sonunda 3 dərəcəyə çata bilər”. 

Nigar Hacılı 
"Cebheinfo.az"