Nikahsız yaşayanlar cərimələnəcək? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda qohum evlilikləri rəsmi şəkildə qadağan olundu və bu nikahları bağlayan şəxslərə qarşı cərimələrin tətbiqi nəzərdə tutuldu.
Hətta toyların keçirildiyi şadlıq sarayı, restoran və digər obyektlərin də məsuliyyətə cəlb ediləcəyi bildirildi.
Qanundakı bu yeniliklər fonunda daha bir sosial məsələ, vətəndaş nikahında yaşayan şəxslər məsələsi gündəmə gəlib.
Belə ki, vətəndaş nikahı qanunvericilikdə yoxdur və rəsmi nikaha daxil olmadan birgə yaşayanların sayı ildən-ilə artır. Lakin bu birliklər nə rəsmi evlilik, nə də boşanma statistikalarına düşmür. Çünki onların rəsmi qeydiyyatı olmur.
Maraqlıdır, vətəndaş nikahı ilə yaşayanlara qarşı da hər hansı tədbir görülə bilər? Vətəndaş nikahında olan şəxslərə də cərimə tətbiq oluna bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarında vətəndaş nikahı anlayışına rast gəlinmir.
Ekspert qeyd edib ki, qanunvericiliyə görə, nikah yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi nəticələr doğurur:
“Ailə Məcəlləsinə əsasən, nikah qadın və kişinin könüllü olaraq bağladıqları və dövlət qeydiyyatından keçmiş ailə birliyidir. Bu baxımdan, vətəndaş nikahı ilə birgəyaşayış faktı hüquqi cəhətdən rəsmi nikah sayılmır və tərəflər arasında Ailə Məcəlləsinin nikahdan doğan hüquq və vəzifələri yaranmır.
Lakin bu, belə birlikdə yaşayan şəxslərin hüquqi münasibətlərdən tamamilə kənarda qaldığı anlamına gəlmir. Onların münasibətləri, əsasən, mülki hüquq, əmlak hüququ, ailədaxili münasibətlər, uşaq hüquqları, miras hüququ və digər sahələr üzrə məhkəmə presedentləri və xüsusi hallarda Konstitusiya normaları çərçivəsində tənzimlənə bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə görə, müəyyən kateqoriyalı şəxslər arasında nikah bağlanması qadağan edilmişdir. Buraya yaxın qohumlar, övladlığa götürənlər və övladlığa götürülənlər, tibbi müayinədən keçməyən şəxslər və digər kateqoriyalar daxildir.
Bu normanın məqsədi, əsasən, genetik risklərin və sosial təhlükələrin qarşısını almaqdır. Lakin bu qadağa yalnız rəsmi nikahların dövlət qeydiyyatı zamanı tətbiq olunur.
Yəni qeyd olunan qohumluq münasibətində olan şəxslər nikah bağlamaq üçün qeydiyyata müraciət etdikdə, Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları bu nikahı rəsmiləşdirməməlidir.
Burada inzibati cərimələrin və ya hüquqi məsuliyyətin tətbiqi yalnız faktiki nikah bağlanarsa və bu, qeydiyyatdan keçməyə cəhd edilərsə, müzakirə mövzusu ola bilər.
Azərbaycan hüququnda dini kəbin hüquqi əhəmiyyətə malik deyil və yalnız dövlət qeydiyyatı olan nikah hüquqi nəticələr doğurur”.
Onun sözlərinə görə, hazırkı hüquqi sistemdə vətəndaş nikahı ilə yaşayan şəxslərə qarşı inzibati cərimə və ya başqa hüquqi məsuliyyət tədbiri tətbiq edilməsi üçün heç bir qanuni əsas mövcud deyil:
“Azərbaycan Respublikası Konstitusiyasına əsasən, heç kim qanunla müəyyən olunmamış qaydada və ya əsaslarla məsuliyyətə cəlb edilə bilməz.
Beləliklə, nə Ailə Məcəlləsi, nə İnzibati Xətalar Məcəlləsi, nə də Cinayət Məcəlləsində vətəndaş nikahı ilə birgəyaşayışa görə məsuliyyət nəzərdə tutulmamışdır.
Bu münasibətlərin hüquqi tənzimlənməsi yalnız bəzi hallarda, məsələn, birgə uşaqların hüquqları və digər mülki-hüquqi mübahisələr kontekstində mümkün ola bilər.
Bir sıra Avropa ölkələrində vətəndaş nikahı və ya "faktiki birlik" xüsusi hüquqi statusa malikdir. Məsələn, Fransa - PACS (Mədəni Dayanışma Sözləşməsi, Fransada iki kişinin rəsmi nikah olmadan gələcəktə birliktə yaşamlarını tənzimləyən sözləşmə) adlı hüquqi mexanizmlə qeyri-rəsmi birliklər hüquqi çərçivəyə alınır.
Almaniya birgə yaşayan, lakin evlənməyən şəxslər "Lebensgemeinschaft" kimi tanınır və bəzi hüquqlardan yararlana bilirlər.
Həmçinin, İsveç və Norveçdə "Sambo" statusu ilə faktiki birliklər tanınır və müəyyən sosial və əmlak hüquqları təmin edilir.
Türkiyədə də həmçinin, rəsmi nikah şərtdir, dini nikah və vətəndaş nikahı hüquqi nəticə doğurmur.
Gürcüstanda isə yalnız dövlət qeydiyyatından keçmiş nikah hüquqi nəticə doğurur, lakin faktiki birlikdə yaşayanlara sosial hüquqlar müəyyən hallarda tanınır”.
O bildirib ki, vətəndaş nikahı ilə birgəyaşayışın cərimə olunması hüquqi baxımdan mümkün deyil:
“Bu təcrübələr göstərir ki, vətəndaş nikahı ilə birgəyaşayış cərimə olunmur, əksinə bəzi ölkələrdə hüquqi çərçivəyə salınaraq qorunur. Hüquq sistemlərinin çoxunda insanların şəxsi və ailə həyatı azadlığı Konstitusiya səviyyəsində qorunduğuna görə, dövlət bu münasibətə müdaxilə etmir.
Mövcud hüquqi rejimdə vətəndaş nikahında yaşayan şəxslərə qarşı hər hansı cərimə və ya hüquqi sanksiya tətbiq edilməsi qanunsuz, konstitusiyaya zidd və insan hüquqlarının pozulması hesab edilə bilər.
Qohum evliliklərinin qarşısının alınması yalnız dövlət qeydiyyatına alınan nikahlar çərçivəsində mümkündür və dini kəbinin və ya vətəndaş nikahının hüquqi nəticə doğurmaması səbəbindən şadlıq evlərinin və ya tərəflərin məsuliyyətə cəlb olunması hüquqi cəhətdən mümkün deyil”.
Hüquqşünas qeyd edib ki, vətəndaş nikahına görə cərimə tətbiqi üçün qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır:
“Əgər dövlət bu məsələni, yəni vətəndaş nikahı (rəsmi nikah qeydiyyatı olmadan birgəyaşayış) ilə bağlı münasibətləri hüquqi müstəviyə keçirmək və bu münasibətlərə cərimə və digər hüquqi sanksiyalar tətbiq etmək niyyətindədirsə, bu halda yalnız mövcud qanunvericilikdə dəyişikliklər aparılması yetərli deyil.
Əksinə, vətəndaş nikahı ilə birgəyaşayışın qanunla açıq şəkildə qadağan edilməsi və bu birgəyaşayış formasının qanunsuz ailə münasibəti kimi tanınması tələb olunur.
Hüquqi tənzimləmə mərhələləri isə belədir:
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq dəyişikliklər edilməli, nikahın yalnız dövlət qeydiyyatından keçmiş formada hüquqi nəticə doğurması bir daha təsdiqlənməli və dövlət qeydiyyatından kənar ailə birlikləri açıq şəkildə hüquqi baxımdan rədd edilməlidir.
İnzibati Xətalar Məcəlləsinə və ya xüsusi qanunvericilik aktına müvafiq müddəa əlavə olunmalı, rəsmi nikahsız (qanunsuz) birgəyaşayışın cəmiyyət və dövlət üçün zərərli nəticələr doğuran forma kimi tanınması və bu hal üzrə müəyyən cərimələrin və ya digər sanksiyaların tətbiqi nəzərdə tutulmalıdır.
Bu cür tənzimləmə yalnız hüquqi müstəvidə qadağan edilmiş münasibətlərə qarşı tədbir görülməsi imkanını yaradacaq.Əks halda, yəni vətəndaş nikahı qanunvericilikdə nə tanındıqda, nə də qadağan edildikdə, bu münasibətə görə hüquqi məsuliyyət tətbiq edilməsi qanunilik prinsipinə zidd olacaqdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”