Boşanmaq istəyənlərə xəbərdarlıq: Bu halda birbaşa... - VƏKİL

Boşanmaq istəyənlərə xəbərdarlıq: Bu halda birbaşa... - VƏKİL

Son illər boşananların sayında artım müşahidə olunur. 

Buna görə də Azərbaycanda ailə münaqişələrinin həlli üçün mediasiya mexanizminin tətbiqi daha da genişlənib. Xüsusilə nikahın pozulması hallarında cütlüklərin məhkəməyə üz tutmazdan öncə mediasiya prosesinə cəlb olunması qanunla müəyyənləşdirilib. Lakin bütün boşanmaların mediasiya mərhələsindən keçmir, qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutur. 

Elə hallar var ki, tərəflər birbaşa müraciət edərək nikahlarını mediasiyasız şəkildə bitirə bilirlər. Övladları olmayan və ya övladları yetkinlik yaşına çatmış şəxslərin digər məsələlərlə bağlı mübahisələri yoxdursa, birbaşa olaraq qeydiyyat şöbəsinə müraciət edərək nikahı ləğv edə bilərlər. 

“Cebheinfo.az”-a açıqlamasında vəkil Ruslan Mustafayev bildirdi ki, əmək və ailə mübahisələrində məhkəmədən əvvəl mediasiya tələbi mütləqdir:

“Bir müddət əvvəl qanunvericilikdə edilən dəyişiklikdən sonra müəyyən kateqoriya işlərə məhkəməyə müraciət edilməmişdən əvvəl mütləq şəkildə mediasiya mərhələsini keçmək tələbi qoyuldu. Bu işlər əmək hüququ, kommersiya mübahisələri və ailə münsibətləri ilə bağlı məsələlərdir. 

Sonradan kommersiya mübahisələri ilə bağlı məsələlər bu siyahıdan çıxarıldı. Artıq bu işlərlə bağlı məhkəmədən əvvəl mediasiya mərhələsi keçmək tələbi qoyulmur”.

R.Mustafayev qeyd edib ki, mediasiya bir çox məsələlərin həllində mühüm rol oynayır:

“Ailə münasibətləri ilə bağlı bütün məsələlər - nikahın ləğvi, alimentin miqdarının artırılması, dəyişdirilməsi kimi məsələr məhkəmədən əvvəl mediasiya mərhələsindən keçir. Mediasiayanın əsas məqədi mübahisəli məsələrin məhkəməyə qədər həlli yollarının axtarılmasıdır. Artıq son zamanlar mediasiya mərhələsində barışıq sazişi ilə işlərin həlli  kifayət qədər çoxalıb.

Bu, təbii olaraq məhkəmənin də yükünü azaldır. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilirlərsə, məhkəmədə bu işlərlə bağlı araşdırılmanın aparılmasına ehtiyac qalmır. Bütün ailə münasibətləri ilə bağlı məsələlər mediasiya mərhələsindən keçməlidir. Qanunvericilikdə bu tip işlərin mediasiya mərhələsindən keçirilməməsi nəzərdə tutulmayıb”. 

Gülər
“Cebheinfo.az”