Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi

Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi

İranın xarici işlər naziri Abbas Əraqçı İsrail və ABŞ-nin ölkəsinə qarşı hərbi hücumlarını Yaxın Şərqdə sabitliyə misilsiz təhdid adlandırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Əraqçı iyulun 8-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdə səsləndirib.

"Sionist (İsrail nəzərdə tutulur - red.) və ABŞ rejimlərinin hərbi təcavüzü BMT Nizamnaməsini, beynəlxalq hüququ və nüvə silahlarının yayılmaması rejimini açıq şəkildə pozur. Bu, bütün Qərbi Asiyanın təhlükəsizliyi və sabitliyi üçün görünməmiş təhdiddir", - deyə o bəyan edib.

İran XİN-in məlumatında deyilir ki, region ölkələrinin birgə və qətiyyətli mövqeyi bu təcavüzə qarşı ortaq müqavimət zərurəti barədə konsensusu göstərir.

Xüsusilə "sionist rejimin müharibə və ekspansionizm siyasətinə qarşı kollektiv cavab" çağırışı ön plana çəkilib.

Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. İyunun 24-də atəşkəs qüvvəyə minib.

​​​​​​"Cebheinfo.az"