İran səfiri yenə çaşdı: "“Xankəndi Kommünikesi...”

İranın Ermənistandakı səfiri Mehdi Sobhani iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə qəbul olunan “Xankəndi Kommünikesi” sənədinin ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini deyib.
O, “Armenpress” xəbər agentliyinə bildirib ki, İran İƏT sədrliyini həyata keçirən Azərbaycana sənədlə bağlı qeyd-şərtlərini yazılı formada təqdim edib.
Səfirin sözlərinə görə, sənəd üzv dövlətlərin yox, yalnız təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini özündə əks etdirir.
“İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində qəbul edilmiş bəyanatla bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu kommunikenin bəzi müddəalarını, o cümlədən Ermənistan Respublikasına qarşı ərazi iddialarını təlqin edən saxta anlayışları da qəbul etmirik", - Sobhani deyib.
Onun dediyinə görə, bu cür ifadələr İranın Ermənistanla bağlı “prinsipial və uzunmüddətli mövqeyinə ziddir və nə təsdiq, nə də dəstəyə layiqdir:
“İran Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh danışıqlarını dəstəkləməyə davam edir və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayır”’.
"Cebheinfo.az"