Rayonda 15 qəpiyə olan məhsul Bakıda “qiymətə minir” - NİYƏ?

Bu il rayonlarda qarpız bolluğu müşahidə olunur.
Məhsul boldur, lakin kəndlilər, fermerlər onu bazara çıxarıb gəlir götürə bilmirlər. Fermerlər satışda çətinlik çəkdiklərini bildirirlər. Belə ki, sosial şəbəkələrdə fermerlər məhsullarının sahələrdə qalmasından narazılıq edirlər. Onlar qarpızı bazara çıxara bilmədiklərini, məhsulun topdansatış qiymətinin yerində 15 qəpik olduğunu deyirlər.
Bu problemin əsas səbəbi nədir? Fermerlər məhsullarını birbaşa alıcılara və ya iri ticarət şəbəkələrinə çıxara bilməsi üçün hansı mexanizmlər qurulmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu problem hər il təkrarlanır. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının, xüsusilə də qarpızın satışında yaşanan problemin aradan qaldırılması üçün ölkədə yetərincə təcrübə var:
“Sovet dövründə fermerlər istənilən kənd və ya rayondan məhsulu, məsələn, qarpız və ya yemişi toplayıb ölkənin iri şəhərlərində sərbəst şəkildə sata bilirdilər. Hesab edirəm ki, həmin təcrübə yenidən tətbiq olunmalıdır. Yəni bazarlarda mövcud olan monopoliyalar aradan qaldırılmalıdır.
Məsələn, Beyləqanda qarpızı 15 qəpiyə satan fermer həmin məhsulu toplayıb Bakının ətraf bazarlarında 25-30 qəpiyə sata bilər. Bu, həm şəhərdə qiymətlərin ucuzlaşmasına səbəb olar, həm də fermerlərin birbaşa qazancını artırar. Bunun üçün aidiyyəti dövlət qurumları, xüsusilə bu sahəyə cavabdeh təşkilatlar zəruri tədbirlər görməlidirlər”.
İqtisadçı ekspert qeyd edib ki, Bakı ətrafında yalnız bir topdansatış meyvə-tərəvəz bazarı var:
“Bakı ətrafında “Meyvəli”dən başqa meyvə-tərəvəz bazarı, alternativ yoxdur. Həmin bazara da giriş həm növbəlidir, həm də baha başa gəlir. Əslində, Bakının ətrafında 5-6, hətta 7 topdansatış mərkəzi fəaliyyət göstərməlidir. Fermerlər sərbəst şəkildə bu mərkəzlərə daxil olub öz məhsullarını satmalıdırlar.
Bundan əlavə, yollarda yaradılan süni maneələr də aradan qaldırılmalıdır. Məsələn, fermerlər ərazi icra nümayəndəsinin arayışı ilə son satış nöqtəsinə qədər problemsiz hərəkət etməlidirlər. Onlara maneə yaradılmamalıdır.
Bu, birbaşa logistika və bazar məsələsidir. Uzun illərdir davam edən bu problemə baxmayaraq, hökumət quurmları, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə demək olar ki, heç bir real addım atmır.
Nazirlik bu sahədə ciddi tədbirlər planı hazırlamalı, hökumətə təkliflər verməli və ehtiyac yaranarsa, bu prosesin hüquqi bazasını formalaşdırmalıdır. Əsas məsələ fermerlərin bazara birbaşa çıxış imkanlarının təmin edilməsidir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”