Azərbaycanda maraqlı olay: Bank əvvəl müştəriyə kredit verib, sonra əlindən alıb

Sosial şəbəkələrdə bankların fəaliyyəti ilə bağlı növbəti məlumat yer alıb.
Belə ki, Elşən Ədalətli adlı şəxs müştərisi olduğu banklardan biri - “Leobank”la bağlı öz etirazını bildirib. Vətəndaş deyir ki, bu yaxınlarda ona “Leobank” tərəfindən yüksək məbləğdə kredit limiti təklif edilib:
“Düzü, neçə müddətdir beynimdə maraqlı biznes ideyası var idi, bir az tərəddüd edirdim. Təklif üzərində bir neçə gün düşündüm və sonra qərar verdim ki, təsdiqləyim. Rayonda evdə bir az təmir işləri var idi. Bu təklif gələndən sonra əlimdə olandan evi təmir etməyə başlaıdm. 3-4 gün sonra “Leobank” biznes kartıma baxdım və gördüm həmin limiti geri çəkiblər, yəni bank oğurlayıb, başqa ad verə bilmirəm.
Operatorla danışdım, deyir ki, texniki səhv olub və səhvimizi düzəltmək üçün sizə ikiqat kəşbek təklif edirik. Deyirəm ki, mən kartdakı pulu nağdlaşdırsaydım nə edəcəkdiniz? Deyir ki, heç nə, sizə kredit ayırmış olacaqdıq. Bütün Avropa səyahətim zamanı “Leobank” debetdən istifadə etmişəm. Vəkilimlə müqaviləni incələdik və heç bir belə forsmajor hal bunlara haqq qazandəra bilməz. Məhkəməyə müraciət edəcəyəm”.
Məsələ ilə bağlı “Leobank”-dan “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan şikayətin nə dərəcə əsaslı olması ilə bağlı cavab yalnız araşdırmalardan sonra şikayətçi tərəfə təqdim oluna bilər:
“Qeyd etmək istərdik ki, bank müştəri üçün müəyyən parametrlər və qaydalar əsasında kredit təqdim edilməsi, həmçinin imtina edilməsi hüququna sahibdir. Əgər bank tərəfindən müqavilə üzrə xitam icra olunarsa və ya kredit sorğusu üzrə imtina təqdim edilərsə, təbii ki, yalnız əsaslı səbəblə icra olunur. Qeyd olunan məsələ ilə bağlı mütləq aidiyyəti olan şöbə tərəfindən araşdırma aparılaraq nəticə şikayətçi tərəfinə təqdim ediləcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”