Moskvaya uçan PUA-lar VURULDU

Moskvaya uçan PUA-lar VURULDU

Ukrayna ordusu gecə saatlarında Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan iki PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Səhər saat 02:43 radələrində paytaxt ərazisində partlayış səslərinin eşidildiyi və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilib.

Sobyanin “Telegram” kanalında verdiyi açıqlamada deyib:

“Moskvaya yaxınlaşan iki PUA vuruldu. Onların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidməti işləyir”.

PUA-ların məhv edilməsindən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və vətəndaşlardan hadisə yerindən uzaq durmaları xahiş olunub.

Rusiya Aviasiya Agentliyinin (Rosaviatsiya) sözçüsü Artem Korenyako, Şeremetyevo Hava Limanının gəliş və gediş reysləri üçün müvəqqəti olaraq bağlandığını açıqlayıb.

Bənzər məhdudiyyətlərin Kaluga Hava Limanında da tətbiq olunduğu bildirilib. 

Rəsmilər, hava məkanında təhlükəsizlik təmin edildikdən sonra adi uçuş cədvəlinə qayıdılacağını bildiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"