Peyvənd qorxusu insanları xəstəliyə aparır

Peyvənd qorxusu insanları xəstəliyə aparır

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumatında deyilir.

Qeyd olunub ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min  405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.

Suçiçəyinə yoluxma hallarının xüsusilə uşaqlarda belə geniş yayılmasının səbəbi nədir?

Məsələ ilə bağlı pediatr Vaqif Qarayev “Cebheinfo.az”-a bildirib ki, suçiçəyinin yayılmasının səbəbi kütləvi yoluxmadır: 

“Bu xəstəlik infeksion, yoluxucu xəstəlikdir və vaxtaşırı başını qaldırır. Deməzdim ki, bu il elə də həyəcanlı stiuasiya var. Həmişə olduğu kimi yayılıb. Suçiçəyi uşaq kollektivlərində daha tez yayılır. Özlüyündə suçiçəyi qorxulu bir xəstəlik deyil. 

Ancaq ağırlaşmaları təhlükəlidir. Qızdırma, bir-iki gündən sonra dəridə spesifik səpkilər başlayır. Səpkilər polimorf olur. Yəni bir yerdə həm ləkə, səpki elementləri olur. Diqqətlə baxdıqda səpkilərin suçiçəyinə oxşadığını bilmək olur.

Qızdırma suçiçəyində idarə olunan deyil. Yeni səpkilər çıxanda qızdırma öz-özünə qalxır. Sonra tədricən düşür. Bu da onun xarakterik əlamətidir. Ən azı 7-10 gün ərzində səpkilər davam edir. Sonra yeni səpkilər çıxmır.

Yaranmış səpkilər də qurumağa  və uşaq sağalmağa başlayır. Bütün virus xəstəliklərində olduğu kimi ciddi bir müalicəyə ehtiyacı yoxdur”.  

Onun sözlərinə görə, elə bir preparat yoxdur ki, suçiçəyində tətbiq edilsin və ağırlaşma olmasın: 

“Bəzi hallarda herpesə (Herpes simplex virusu - daha çox herpes kimi tanınan bu virus, iki növə bölünür: herpes tip 1 (HSV-1 və ya oral herpes) və herpes tip 2 (HSV-2 və ya genital herpes)) qarşı istifadə olunan preparatlar vermək olar.  Ancaq vacib də deyil. Suçiçəyinin peyvəndi olmur. Olsa belə, onu elətdirən də yoxdur. Peyvənd dedikdə bəzi insanlar “ziyandır, olmaz, iflic, əqli zəiflik yaradır” kimi fikirlər səsləndirirlər.

Hələdə bu istiqamətdə əhalinin düşüncəsində bir dəyişiklik  görmürəm. Yəni uşaq yaşlarında vacib olan peyvəndlər var ki, onlar mütləq olunmalıdır. Ötən il qızılca ilə bağlı çox çətin vəziyyət yaranmışdı. Hamı həyəcan təbili çalırdı, ancaq yenə də peyvənd etdirmirdi. Halbuki peyvəndlər xəstəxanalarda ödənişsiz həyata keçirilir.

Suçiçəyinə gəldikdə, səpkilərə “zelyonka” çəkilir. Çoxlu maye verilməlidir. Menyuda meyvə-tərəvəz olmalıdır. Kontakt qətiyyən olmaz. Xəstə uşaq bayırda, insanların sıx olduğu yerdə olmamalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”