Əbu-Dabidə sülh: Cənubi Qafqaz üçün tarixi dönüm nöqtəsi

Əbu-Dabidə sülh: Cənubi Qafqaz üçün tarixi dönüm nöqtəsi

"Azərbaycan və Ermənistan arasında növbəti sülh danışıqlarının Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi bölgədə diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Artıq hər iki ölkənin liderləri Əbu-Dabi şəhərindədir və bu danışıqlar ABŞ-ın vasitəçiliyi ilə baş tutur. Bu, sadəcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqaz üçün əhəmiyyətli bir mərhələdir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

S.Əsədli qeyd edib ki, son günlərdə Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlik də məhz bu sülh danışıqlarının fonunda baş verdi:

"Aydındır ki, Rusiya Cənubi Qafqazda uzunmüddətli və real sülhün bərqərar olmasında maraqlı deyil. Moskva regionda öz təsir imkanlarını itirməmək üçün gərginlik alovlarını söndürmək deyil, onu idarə etmək siyasəti yürüdür.

İranın mövqeyi də birmənalı deyil. Tehran, xüsusilə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla, Ermənistanın sərhədlərinin toxunulmazlığı adı altında Azərbaycanın suveren təşəbbüslərinə mane olmağa çalışırdı. Lakin son İsrail-İran qarşıdurmasından sonra Tehran regional məsələlərdə daha ehtiyatlı və passiv davranmağa məcbur qalıb".

VHP fuksioneri əlavə edib ki, sülh yeganə çıxış yoludur:

"Azərbaycan ilə Ermənistan arasında hələ də tam formatlı sülh müqaviləsi imzalanmayıb. Halbuki bu sənəd regionda yeni səhifənin açılması üçün əsas şərtdir. Sülh müqaviləsi yalnız atəşkəsin rəsmiləşdirilməsi deyil, həm də gələcək əməkdaşlıq üçün çərçivə yaradacaq hüquqi bazadır.

Bu istiqamətdə ən vacib məsələ Ermənistanın qonşularına qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməsi və konstitusiyasında bu istiqamətdə müvafiq dəyişiklikləri etməsidir. Əks halda sülh danışıqları formal xarakter daşıyacaq.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın təkcə iqtisadi deyil, geosiyasi maraqları üçün də həyati əhəmiyyət daşıyır. Bu dəhliz region dövlətlərini birləşdirən mühüm nəqliyyat və logistika xəttidir. Ermənistan bu məsələdə real addım atmaqla regionda inteqrasiyanın parçasına çevrilə bilər".

S.Əsədli vurğulayıb ki, Cənubi Qafqaz artıq yeni bir dövrə qədəm qoymalıdır:

"Bu dövrdə regional təşəbbüslər əsas oyun qaydasına çevrilməli, bölgənin gələcəyi xarici güclərin deyil, məhz region ölkələrinin qərarları ilə müəyyənləşdirilməlidir.

Bu baxımdan Türkiyə, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda balanslı və davamlı sülhə töhfə verməli, Rusiyanın təxribatçı siyasətinə qarşı birlik nümayiş etdirməlidirlər.

Əbu-Dabidə baş tutacaq danışıqlar təkcə sülhün yox, həm də yeni regional düzənin əsasını qoya bilər. Bunun üçün isə qətiyyət, siyasi iradə və regiondaxili əməkdaşlıq əsas şərtlərdir. Cənubi Qafqaz Qərblə Şərqin arasında bir barış və əməkdaşlıq körpüsünə çevrilə bilər – əgər bu tarixi fürsət düzgün dəyərləndirilərsə".

"Cebheinfo.az"