“Cadugər ovu”: Ailənin 5 üzvü öldürüldü

“Cadugər ovu”: Ailənin 5 üzvü öldürüldü

Hindistanın Bihar əyalətində polis Temta kənd sakinlərinin cadugərlikdə ittiham etdiyi bir ailənin 5 üzvünün qətlində əli olmaqda şübhəli bilinən üç nəfəri həbs edib.

“Cebheinfo.az” bu barədə “CBS News”-a istinadən xəbər verir.

Purnea bölgəsindəki polis inspektorunun müavini Pramod Kumar Mandalın sözlərinə görə, təxminən 50 nəfərdən ibarət dəstə gecə saatlarında evə soxularaq üçü qadın olmaqla ailənin beş üzvünü qətlə yetirib. Bundan sonra cəsədlər yandırılıb.

Hücumun təfərrüatlarını polisə ailənin sağ qalan 16 yaşlı oğlu danışıb. Olaya səbəb 10 gün əvvəl kənddə bir uşağın ölməsi və onun qardaşının xəsətlənəsi olub.Kənd sakinləri bunu cadugərliklə əlaqələndirirlər. 

Polis rəisi Sviti Sahravat bildirib ki, istintaq davam edir və polis linçdə iştirak edənlərin hamısını saxlamaq niyyətindədir: “Bir çox kəndlilər istintaqla əməkdaşlıq etmir, lakin biz işi sona qədər görəcəyik”.

Cadugərlikdə günahlandırılan insanlara qarşı hücumlar hələ də Hindistanın bəzi yerlərində və digər Cənubi Asiya ölkələrində baş verir. Hüquq müdafiəçilərinin sözlərinə görə, cadugərliklə bağlı xurafatlar çox vaxt ucqar rayonlarda belə faciələrə səbəb olur. 

Tarixən məhsul problemi yarananda, quyu quruyanda və ya insan xəstələnəndə “cadugərlər” günahlandırılırdı. Qurbanları dəstəkləyən insanlar belə xurafatların hələ də qaldığını bildiriblər. Lakin vurğulanıb ki, indi cadu ittihamları çox vaxt qadınlara təzyiq vasitəsinə çevrilir.

Hindistan Milli Cinayət Qeydləri Bürosunun məlumatına görə, 2010-2021-ci illər arasında 1500-dən çox vətəndaş cadugər olduqları üçün öldürülüb. Xəbərdə ifritə damğası vurulan qadınların dırnaqlarının qoparıldığı, nəcis yeməyə məcbur edildiyi və lüt halda üzə çıxarıldığı yazılıb. Bəzi qadınlar yandırılıb və ya linç edilib.

Xəzər
“Cebheinfo.az”