MTR və KT-dən sonra: Bu müayinələr də pullu olacaq?

MTR və KT-dən sonra: Bu müayinələr də pullu olacaq?

Azərbaycan Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə dəyişiklik edilib. 

Bu dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib. 

İcbari tibbi sığorta hesabına həyata keçirilən bu müayinələr zamanı vətəndaşlar ixtisaslı həkimin göndərişi əsasında ambulator şəraitdə göstərilən bu tibbi xidmətlər üzrə Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəyəcəklər. Tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq. 

Qeyd edək ki,  ölkədə İcbari Tibbi Sığorta ilə bağlı müştərək maliyyələşmənin tətbiq olunacağı ilə bağlı fikirlər əvvəldən də səslənirdi. Artıq MRT və KT ilə bağlı bu qərar prosesin başladığını göstərir. Maraq doğuran odur ki, çalışan insanlar tibbi sığorta ödəməklə yanaşı, həm də xəstəxanaya müraciət zamanı ödəniş etməli olacaqlar. Müştərək maliyyələşmə Azərbaycanın tibb sahəsinə necə təsir edəcək və bu proses ilk olaraq sığorta ödəməyənlərə şamil olunsa, daha doğru olmazdımı? 

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, əslində elə başdan bəzi müalicə metodlarını, əməliiyyatların birbaşa İcbari Tibbi Sığortaya cəlb edilməsi xeyli təəccübli idi:

“Bu , böyük məsrəf deməkdir. Real statistikanı və ayrılan məblği müqayisə etsək, bunlar bir-birinə uyğun gəlmir. O baxımdan, indi bəzi xidmətlərin vətəndaşla dövlət arasında bölünməsi bir zərurət halını alıb. 

Bu, 2012-ci ilədək Türkiyədə də belə olub. Ondan sonra ölkənin iqtisadiyyatı gücləndikdə, İTS fonduna vəsait artdıqca, yavaş-yavaş müştərək sahələr birbaşa sığortaya aid edilib və vətəndaş bundan azad olunub. Bizdə də bu mərhələni keçmək lazımdı. Yeni başlayanda bu pilot layihələr, sonra ölkə üzrə İTS-nın tətbiqi zamanı xeyli yalnışlıqlar vardı. Hazırda təcrübə göstərir ki, bu, birdən-birə mümkün deyil. Bəzi xidmətlərin dövlətlə vətəndaş arasında bölünməsi zərurəti var”. 

O bildirib ki, tibbi sığorta ödəməyənlər sosial vəziyyəti aşağı olan insanlardır:

“Müştərək maliyyələşmənin ilk növbədə onlara tətbiq edilməsi bir qədər problem yarada bilər. Yəqin ki, bu faktor da nəzərə alınıb. Düşünürəm ki, bu, bir zamandır və get-tez hamısı  İTS-nın öhdəsində olacaq. Bütün dünya bu yolu belə keçib”.

Həkim-terapevt Rasif Bağırov isə bildirib ki, sığorta təbabəti Azərbaycanda 100 faiz həyata keçirilmir: 

“Bəzi xəstəliklər- onkoloji, göz xəstəlikləri və başqalarını onsuz da tam sığorta təbabətinə keçirə bilmirik. Yaxud bəzi sığorta olunan xəstəliklərin də sığortasını tam həyata keçirmək olmur. 

Mütləq orada deyilir ki, müəyyən hissəsini İTS ödəyir, digər hissəsini isə xəstələr ödəməlidir. Yəni, Azərbaycanda sığorta təbabətini tam şəkildə həyata keçirmək hələ mümkün olmayıb. MRT və KT müayinələri həmişə insanlardan kifayət qədər maliyyə vəsaiti tələb edirdi. Ancaq diaqnostikanın təsdiqi üçün insanların bəzən imkanı olmurdu ki, MRT və KT müayinəsindən keçsinlər. İndi onları da müştərək maliyyələşməyə salsalar, Azərbaycanda tam sığorta ilə həyata keçirilən demək olar ki, sahə qalmayacaq. 

Bir angioqrafiya (anju), ürəyə stendin qoyulması qalırdı, yəqin ki, MRT və KT-dən sonra onları da müştərək maliyyələşməyə keçirəcəklər. Çünki MRT və KT onların yanında ən yüngül prosedurdur. Bu gün klinikalarda MRT və KT-yə elə problemlər yaradırlar ki, heç xəstələrin 30-40 faizi poliklinikalardakı o əziyyəti nəzərə alıb gedib pulla keçirlər. Bu baxımdan, onları əlavə etsələr hesab edirəm ki, əhalinin 50 faizindən yuxarısı pulla keçəcək. Deyəcək ki, elə pul verirəmsə, bir az da üstünə qoyaram, gedib rahat keçərəm. Belə məsələlər isə getdikdə sığorta təbabətini zəiflədəcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”