Ermənilərin “boz kardinal”nın “çirkli pul”u: Və onların oyuncağına çevrilən Avropa Parlamenti

Ermənilərin “boz kardinal”nın “çirkli pul”u: Və onların oyuncağına çevrilən Avropa Parlamenti

Aprelin 3-də Avropa Parlamentinin qondarma erməni soyqırımının 110-cu ildönümünə həsr olunmuş iclası keçirilib. 

Müzakirələr Ədalət və Demokratiya uğrunda Avropa Erməniləri Federtasiyası adlı şovinst təşkilatın təşəbbüsü ilə keçirilib. İclasda etnik ermənilərin “Dağlıq Qarabağdan zorla qovulması”na diqqət yetirilib. Bir çox avropalı deputatlar tarixi faciə ilə son illərin hadisələri arasında “aydın paralellər” apararaq, Türkiyə və Azərbaycanda cəzasızlığın təhlükəli nəticələrini vurğulayıblar. 

Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı fraksiyasından olan deputat Yanis Maniatis ailəsinin Osmanlı İmperiyasındakı “faciəvi təcrübəsini” xatırladıb. Digər millət vəkili Nikolas Bay isə Türkiyə və Azərbaycanı tənqid edib. Yaşıllardan Marketa Qregorova isə “Gəlin regionun sonuncu demokratiyası olan Ermənistanı dəstəkləyək”,-deyə müraciət edib. “Federasiya erməni “soyqırımı” qurbanlarının xatirəsini yad edən və eyni zamanda, Dağlıq Qarabağdan “zorla qovulmuş” ermənilərin hüquqlarının müdafiəsi məsələsini qaldıran avropalı deputatlara minnətdarlığını bildirib. Təşkilatın prezidenti həmçinin Aİ icra hakimiyyətini “soyqırım” ifadəsini işlətməkdən və lazımi hörmət nümayiş etdirməkdən imtina etdiyinə görə tənqid edib. 

Qrupun əməliyyatlarının arxasında duran əsas hərəkətverici qüvvə erməni mafiya lobbisinin “boz kardinalı”, milyarder Kaspar Karampetyanın rəhbərlik etdiyi Ədalət və Demokratiya Uğrunda Avropa Erməniləri Federasiyasıdır. 1948-ci ildə Yunanıstanda erməni ailəsində dünyaya gələn Karambetyan Azərbaycana və Türkiyəyə qarşı düşmən münasibəti ilə seçilir. Karambetyan eyni zamanda, Yunanıstan, Ermənistan və Lüksemburq vətəndaşlığını daşıyır. 

O, işğal dövründə avropalı deputatların Qarabağa qeyri-qanuni səfərlərini təşkil edib, qondarma “Artsax Respublikası”nı beynəlxalq aləmdə tanıtmaq məqsədi ilə dəfələrlə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə açıq çağırışlar edib. Eyni zamanda, o, avropalı deputatların bütün anti-Azərbaycan təşəbbüslərinin haqqını səxavətlə ödəyib. Karambetyan uzun illər Qarabağda keçmiş qondarma rejimə sponsorluq edib. 

Karampetyanın Avropa Parlamentinin “Qətərgeyt” işinə görə həbs edilmiş Yeva Kaili ilə dərin əlaqələri olduğu və rəhbərlik etdiyi təşkilat vasitəsilə müxtəlif ölkələrdən olan Avropa məmurlarının Qarabağa səfərlərini maliyyələşdirdiyi aşkara çıxıb. Xatırladaq ki, “Qətərqeyt” işi Avropa Parlamenti rəsmiləri, lobbistlər və onların ailə üzvlərinin Qətər, Mərakeş, Mavritaniya dövlərtləri, həmçinin Avropadakı erməni diasporunun, xüsusilə Ədalət və Demokratiya Uğrunda Avropa-Ermənistan Federasiyası adlı diaspor təşkilatını əhatə edən rüşvətxorluq və maliyyə fırıldaqları ilə bağlı cinayət prosesidir. 

2022-ci ilin dekabrından davam edən istintaq böyük siyasi qalmaqala səbəb olub. İstintaq zamanı Avropa Parlamentinin yüksək vəzifəli rəsmilərinin rüşvət, pul yuyulması və mütəşəkkil cinayətkarlıq əməlləri ilə məşğul olmaları aşkar edilib. Belçika, İtaliya və Yunanıstanın hüquq-mühafizə orqanları, cinayət əməllərində şübhəli bilinən diplomatlardan 1,5 milyon avro nəğd pul, kompüter və mobil telefonlar konfiskasiya etmiş, dörd diplomata qarşı isə iddia edilən cinayətlərlə bağlı ittiham irəli sürülmüşdür. Cinayət işində daha çox Avropa Parlamentinin sabiq vitse-prezidenti Yeva Kaili və keçmiş deputat Antonio Panzerinin adı xüsusi çəkilir. Aprelin 3-də Avropa Parlamentində aparılan müzakirələr Karambetyanın ətrafındakı cinayətkar şəbəkənin yenidən fəallaşdığını göstərir. 2022-ci ildə lobbi mafiyasının dağıdılmasından sonra kölgəyə çəkilən Kaspar Karambetyan “çirkli pullar” hesabına Avropa Parlamentində özünə yeni qruplaşma yarada bilib. 

Çox güman ki, Fransanın Avropa Parlamenti üzərində yüksək siyasi təsir imkanına malik olması və Ermənistanı silahlandırmaq siyasəti “Ədalət və Demokratiya Uğrunda Avropa Erməniləri Federasiyası”nın yenidən meydanda peyda olmasına şərait yaradıb. 24 aprel uydurma soyqırımı gününun yaxınaşdığını nəzərə alsaq, Karambetyanın cinayətkar qrupunun hücumlarının səbəbləri aydın olar. Hətta qarşıdakı günlərdə Avropa İttifaqının siyasi mərkəzlərindən Azərbaycan və Türkiyə əleyhinə böhtan xarakterli intensiv çağırışların səslənəcəyi gözləniləndir. Əsas məqsəd bölgədə erməni separatizmini və münaqişəni yenidən alovlandırmaq, sülh prosesini pozmaqdır. Avropadakı erməni mafiyası bu planı həyata keçirmək üçün Avropa İttifaqının özünün strateji və təhlükəsizlik maraqlarına zərbə vurmağa hazırdır. Artıq “çirkli pullar” Avropa İttifaqının siyasi strukturları arasında fikir ayrılığına səbəb olub. 

Ədalət və Demokratiya Uğrunda Avropa Erməniləri Federasiyası ilə əməkdaşlıq edən deputatlar qaz tədarükü ilə anlaşma memorandumuna əməl olunması kontekstində Aİ-nin Azərbaycanla davam edən əməkdaşlığına qarşı çıxıb. Halbuki, bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana daha çox ehtiyacı var. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının müdafiəsinə maraq göstərməməsi NATO daxilində parçalanma ehtimalı yaradıb. Türkiyənin hərbi dəstəyi olmadan Avropanın təhlükəsizliyinin təşkilinin qeyri-mümkün olacağını Britaniya, Fransa, Almaniya kimi böyük dövlətlər özləri də etiraf edir. Belə olan halda, Azərbaycana və Türkiyəyə təzyiq siyasəti yalnız Avropa İttifaqının özünə zərər vura bilər. 

Ermənilərin Qarabağdan qovulması barədə iddialara gəlincə, onlar könüllü şəkildə Ermənistana köçüb və bunu təsdiq edən sənədlərlə yanaşı, Avropa Şurasının nümayəndəsi Dunya Miyatoviçin xüsusi hesabatı var. Azərbaycan dövləti də ermənilərin Qarabağa qayıdıb ölkəmizin qanunları çərçivəsində yaşamasını qadağan etməyib. Ona görə də Avropa İttifaqı ermənilərin Qarabağa köçməsini tələb etməkdənsə, Qərbi azərbaycanlıların Ermənistana qaydışına etiraz edən rəsmi İrəvana etiraz etməlidir. 

Müşfiq Abdulla 
Cebheinfo.az”