İran-“Taliban” savaşı: Böyük pullar uğrunda amansız döyüş

İran-“Taliban” savaşı: Böyük pullar uğrunda amansız döyüş

İranla Əfqanıstandakı “Taliban” rejimi arasında müharibə başlayıb.

Artıq İran-Əfqanıstan sərhədində gedən lokal döyüşlərin miqyası genişlənməyə başlayıb. Tərəflər bir-birinin mövqelərini ağır artilleriya və aviasiyadan atəşə tutur. İran rəsmiləri bunu daha çox su mübahisəsi kimi qələmə verməyə çalışsa da əslində, geosiyasi qarşıdurmanın artıq hərbi toqquşmalara çevrilməsinin səbəbləri daha dərindir.

Müəyyən dövrlərdə taktiki əməkdaşlığa qədər yüksələn İran-“Taliban” münasibətlərindəki tarixi münaqişənin yenidən alovlandığını söyləmək daha doğru olar.

Halbuki, 2021-ci ilin sentyabr ayında “Taliban” hakimiyyətə gəldikdən sonra İran-Əfqanıstan sərhədində lokal silahlı toqquşmalar baş verirdi və tərəflər həmin vaxt bunu sərhəd mübahisəsi kimi tədqim edirdi. Doğrudur, İranla Əfqanıstan arasında su problemi mövcuddur. İranın Əfqanıstanla həmsərhəd ərazilərində su qıtlığı yaşanır. Kamal xan su anbarından İrana verilən içməli suyun həcmi ilə bağlı narazılıq “Taliban”dan əvvəl də olub.

Hətta ABŞ-ın 2001-ci ildə Əfqanıstana nəzarəti ələ keçirməsindən sonra Kamal Xan su anbarından İrana verilən içməli suyun azaldılması Tehran rejimini “Taliban”la yaxınlaşdıran əsas amillərdən biri olub. İndi isə həmin su mənbəyinə nəzarət uğrunda İran “Taliban”la müharibə edir. Yəni bütün hallarda İran hesab edir ki, su problemi Əfqanıstan tərəfindən süni yaradılır və ona siyasi təzyiq məqsədi daşıyır. Lakin İranla “Taliban” arasında konfliktin öz tarixi var və bunun arxasında ilk növbədə, məzhəbsəl ədavət dayanır.

Radikal sünni məzhəbinə əsaslanan “Taliban” terror təşkilatı yaradıldığı gündən regionda və İslam aləmində şiəliyin siyasi-ideoloji dayağı sayılan İran tərəfindən qəbul edilmir. üstəlik, İranın Əfqanıstanda şiə xəzərlərin (hazari) hüquqlarının müdafiəsi adı altında bu ölkənin daxili işlərinə müdaxilə etməsi “Taliban”ı narazı salır.

Məzhəb davası 1998-ci ildə “Taliban” yaraqlılarının Məzari-Şərif şəhərindəki İran konsulluğuna silahlı hücum edərək 8 diplomatı və biri jurnalist olmaqla 3 mülki şəxsi öldürməsindən sonra pik həddə çatmışdı. Hətta bu düşmənçilik nə qədər paradoksal görünsə də, 2001-ci il noyabrın 12-də Herat şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandirləri Yəhya Rəhim Səfəvi və Qasim Süleymaninin ABŞ xüsusi təyinatlıları ilə birlikdə “Taliban”a qarşı hərbi əməliyyat keçirməsinə səbəb olub.

Ancaq 2002-ci ildə ABŞ Prezidenti Corc Buşun İranı “şər üçbucağı”na daxil olan ölkə elan etməsi ilə vəziyyət köklü dəyişdi. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Əfqanıstanda möhkəmlənməsini rəsmi Tehran həzm edə bilmirdi. İran ABŞ-ın və NATO-nun öz sərhədlərində hərbi-siyasi təsirinin artmasını təhlükə kimi görür və hesab edirdi ki, bu, İsrailin bölgədə güclənməsinə şərait yaradır.

Ona görə də İran rejimi Məzari-Şərifdəki terror aktını unudaraq ABŞ-a qarşı mübarizədə “Taliban”la əməkdaşlığa qərar verdi. İdeoloji baxımdan düşmən olan İranla “Taliban”ı yaxınlaşdıran daha bir amil 2014-cü ildə meydana çıxdı. Bu, İŞİD terror qruplaşması və onun Əfqanıstanı əhatə edən “Vilayəti-Xorasan” qolu idi.

Maraqlıdır ki, Qasim Süleymani bu dəfə ABŞ-a və İŞİD-ə qarşı mübarizədə “Taliban”la birgə əməliyyatda iştirak edirdi. Nəhayət, 2021-ci ilin avqustunda ABŞ ordusunun və koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə paralel “Taliban”ın hakimiyyətə gəlməsi İranı yeni geosiyasi vəziyyətlə üzləşdirib. ABŞ-ın və NATO-nun Əfqanıstandan çıxması, həmçinin İŞİD terror təşkilatının məhvi İranın taliblərlə taktiki əməkdaşlığına son qoydu. Əksinə, İran və “Taliban” rejimi arasında sərhəd mübahisələri zəminində başlanan silahlı toqquşmaların sayı son vaxtlar daha da artıb.

Təbii ki, iki ölkə arasındakı sərhədin indiyə qədər tam müəyyənləşməməsi, “Taliban” rejiminin zülmündən qaçan Əfqanıstan vətəndaşlarının İrana və oradan üçüncü ölkəyə keçməsinə şərait yaradır. Miqrant axınından narazı qalan rəsmi Tehran “Taliban”dan İran sərhədinin pozulmasına son qoymağı tələb edir. Ancaq bu, əsas səbəb deyil və bölgədəki münaqişənin məzhəbsəl zəmində müharibəyə çevrilmək təhlükəsi var.

ABŞ qoşunlarının da Əfqanıstanı tərk edərkən 7,12 milyard dollar dəyərində silah-sursatı və hərbi texnikanı taliblərə təhvil verib çıxmasının arxasında məhz İrana qarşı savaş planının olduğu ehtimal edilir. Bu baxımdan, İran “Taliban”ın əlindəki ABŞ silahlarını özü üçün təhlükə hesab edir.

Ola bilsin ki, belə bir müharibə, yəni xaricdə dini düşmən obrazının tapılması daxildə ideoloji dayaqları sarsılmaqda olan İran rejimin mövqelərini gücləndirmək üçün maraqlarına uyğun ola bilər. Ancaq İranın “Taliban”la məzhəb münaqişəsinə girməsi Səudiyyə Ərəbistanı və Birləmiş Ərəb Əmirlikləri ilə yeni nizamlanan münasibətləri gərginləşdirə bilər. Müharibə isə artıq İranın sərhədlərini döyməyə başlayıb və Tehran istəməsə belə, bu prosesə cəlb edilməkdədir.

Xüsusilə də hər iki ölkədə radikal-terrorçu təşkilatların, yəni Əfqanıstanda “Taliban”ın, İranda isə SEPAH-ın hakimiyyətə gəlməsi bu qarşıdurmanı tətikləyən əlavə amil kimi çıxış edir. İkinci mühüm amil çoxları üçün diqqətdən kənarda qalan bir səbəbdir. Dünyada ən böyük narkotik istehsalçısı və ixracatçılarından olan Əfqanıstan və İran arasında uyuşdurucu bazarına nəzarət uğrunda mübarizə müharibəyə çevrilməkdədir.

Həm “Taliban”ın, həm də SEPAH-ın qeyri-leqal gəlirlərinin böyük hissəsi narkotik satışından formalaşır. Son hadisələr bölgədə narkotik istehsalı, tranziti və ticarəti ilə bağlı mübarizənin dərinləşdiyini göstərir. Əfqanıstanda istehsal edilən narkotikin böyük hissəsi məhz İran ərazisindən keçməklə quru yolla Avropaya və Yaxın Şərqə daşınır. SEPAH-a qarşı sanksiyaların artmasından sonra İran “talib”lərin uyuşdurucu bazarına çıxışını məhdudlaşdırmağa çalışır. İranın Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Qərargahının baş katibi İsgəndər Momeninin 2023-cü ilin yanvar ayında verdiyi məlumata görə, İslam Respublikası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə ildə 700 milyon dollardan 1 milyard dollara qədər vəsait xərcləyir.

O bildirib ki, beynəlxalq təşkilatların hesabatlarına görə, narkotik maddələrin qanunsuz dövriyyəsi hallarının təxminən 92 faizi İslam Respublikasında aşkarlanır və ölkə bu məsələdə tamamilə təkdir. İsgəndər Momeni əlavə edib ki, İranın narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ən mühüm probleminin ölkənin ən böyük narkotik istehsalçısı olan və son vaxtlar metamfetaminin əsas istehsalçısına çevrilmiş Əfqanıstanla həmsərhəd olmasıdır.

Göründüyü kimi, İranın bu sahədə mübarizə tədbirləri narkotik vasitələrin yerli istehsalı və satışından daha çox Əfqanıstandan gələn “ağ ölüm”ün tranzitinin qarşısını almağa yönəlib. Əlbəttə, İranın özündə də narkotik istifadəçilərinin sayı artmağa başlayıb və bu, xüsusilə gənclər arasında daha çox müşahidə olunur. Bu səbəbdən İranda narkotik istifadəçisi olan vətəndaşların edam edilməsi halları da artıb. Lakin son illər İran siyasi etirazlar zamanı həbs edilmiş insanları beynəlxalq sanksiyalardan yayınmaq üçün narkotik ittihamı ilə edam etdiyindən bu barədə dəqiq statistika söyləmək çətinləşib.

“Taliban”ın və SEPAH-ın himayəsində olan narkomafiyalar son illər İraq bazarı uğrunda mübarizə xüsusilə artıb. Bu baxımdan, Əfqanıstandan göndərilən “ağ ölüm”ün İraqa çatdırılması daha çətindir. Çünki həmin qanunsuz yüklər İran ərazisindən keçməlidir. Bu zaman İran narkotiklərlə mübarizə adı altında Əfqanıstandan daşınan uyuşdurucunun qarşısını alır. Rəsmi Bağdad bu problemi qismən də olsa həll etmək üçün ölkənin cənub-şərqində, İranla sərhəddəki Şatt əl-Ərəb çayının sahillərində xəndəklər qazır, hündür hasarlar çəkir. Lakin Əfqanıstandan göndərilən narkotikin tranzitinin qarşısı alınsa da, İran özü ixracatçı kimi İraqa problem yaradır.

İraq Daxili İşlər Nazirliyinin 2023-cü ilin fevralında dərc etdiyi hesabata görə, İrandan narkotik qaçaqmalçılığı “Əl-Xuveyza” bataqlıqlarının sərhəd bölgəsində dəfələrlə intensivləşib. İrandan İraqa daşınan narkotik vasitələrin və vəsaitlərin böyük hissəsi Suriyaya, oradan isə İordaniya və Livana göndırilir. Yəni narkotik satışından əldə olunan gəlir Bəşər Əsəd hakimiyyətinin, Yaxın Şərqdə İrana bağlı muzdlu dəstələrin və terrorçu qrupların maliyyələşməsinə yönəldilir.

“İraqın İranla sərhəddə yerləşən Bəsrə və Meysan bölgələrinə gətirilən, anbarlarda saxlanılan və daha sonra Suriyaya ixrac edilən həşiş, heroin, tiryək, marixuana, metamfetamin və kaptaqonun bir hissəsi daha sonra İordaniyaya keçirilir”, - İordaniya polisinin yaydığı məlumatda belə qeyd edilir.

2018-ci ildə İraqdan qaçaq yolla Türkiyəyə keçirilmiş 17 ton narkotik vasitə polis tərəfindən müsadirə olunmuşdu. Türkiyə polisi 17 ton İraq heroninin Əfqanıstandan göndərilən həşişdən hazırlandığını müəyyən etmişdi. Qeyd edilirdi ki, 1 kq heroin istehsalı üçün 8 kq xam tiryək lazımdır. 17 ton heroini istehsal etmək üçün ən azı 136 ton Əfqanıstan həşişinə ehtiyac var. Bu qədər məhsul isə İraqa İran ərazisindən keçməklə daşınıb. Əgər “Taliban müxalifətdə olduğu 2017-ci ildə heroin satışından 200 milyon dollar əldə etmişdisə, hakimiyyti ələ keçirdikdən sonra bu vəziyyət dəyişib.

Belə ki, BMT-nin 2020-ci ilə dair hesabatına görə, Əfqanıstan il ərzində narkotiklərin qanunsuz dövriyyəsi və satışından 2 milyard dollar gəlir əldə edib. “Taliban”ın hakimiyyətə gəldikdən sonra narkotik bazarına nəzarəti tam ələ alması bu gəlirləri öz büdcəsinə yönəltmək imkanı yaradıb. 2021-ci ilin məlumatına görə, yerli narkotik istehsalçıları “Taliban” a həşişin bir kiolqramı üçn 100 dollar ödəyir. Avropa bazarında isə öz “mal”ının bir qramını 50 dollardan təklif edir. İndi isə İran, daha konkret desək, SEPAH bu bazarı öz əlinə keçirmək məqsədilə sərhədi “Taliban”ın üzünə bağlayıb.

Eyni zamanda, İranın İraq üzərində siyasi təsirinin güclü olması bu məsələni istədiyi kimi öz xeyrinə həll etməyə imkan verir. Bu isə Əfqanıstan hakimiyyətini narazı salır və “talib”lər İranı Tehranı tutmaqla hədələyir. Belə görünür ki, müharibə əslində, içməli su ilə bağlı deyil, böyük pullar uğrunda gedir.

Müşfiq Abdulla
Cebhe.info