Müharibənin arxasındakı gizli sövdələşmə

Müharibənin arxasındakı gizli sövdələşmə

İsrail Müdafiə Ordusunun Qəzza zolağında HƏMAS – a qarşı genişmiqyaslı hərbi əməliyyatları davam edir. 

Qarşı tərəfin ciddi müqavimətinə baxmayaraq, zolağın şimal əraziləri, demək olar ki, İsrail ordusunun nəzarəti altına keçib və o, bu bölgədə möhkəmlənməyə başlayıb. Ərəb ölkələri, xüsusilə Misir, Livan, İordaniya və Səudiyyə Ərəbistanının dövlət rəsmiləri İsrailin Qəzzadakı müharibəsinin qəbuledilməz olduğunu bəyan etsələr də, rəsmi Təl-Əvivə qarşı kəskin və sərt addımlar atmırlar.

Qəzzada müharibə, kütləvi insan tələfatı və humanitar böhranın qarşısını almaq üçün həmin ərəb ölkələri İsrailə qarşı siyasi cəbhə formalaşdırmalı və Təl-Əvəvi dayandırmaqdan ötrü birgə təzyiq imkanlarından istifadə etməlidir. Lakin son proseslərdən görünür ki, Fələstinə yaxın olan ərəb ölkələri İsrailə müqavimət göstərmək istəmir. 

Səbəblər nədir?

Bunun əsas səbəbləri bəllidir. İsrail, Misir, Livan və Səudiyyə Ərəbistanı, hətta Fələstin administrasiyası HƏMAS üzərində ortaq maraqları bölüşürlər. HƏMAS İsrailin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid törətdiyi halda Qərbi Şəriyədə FƏTH hakimiyyətinin mövcudluğuna təhdid yaradır. Bununla yanaşı, HƏMAS-ın Misirdə Əl-Sisi hakimiyyəti tərəfindən təqib edilən “Müsəlman Qardaşları” hərəkatı ilə tarixi-siyasi bağlantıları var.

HƏMAS-ın sünni məzhəbli silahlı qruplaşma olmasına baxmayaraq, İran İslam Respublikasında SEPAH-ın Qüds qüvvələrinə bağlı olan təşkilatdır. Tehran “Hizbullah”la yanaşı, HƏMAS vasitəsilə də İsrailə qarşı proksi müharibə aparır. HƏMAS-ın fəaliyyəti İran hakimiyyəti tərəfindən koordinasiya olduğuna görə Ər-Riyad tərəfindən də narahatlıqla qarşılanır. Məhz bu səbəblərə görə İsrail də, Misir də, Fələstin administrasiyası da HƏMAS-ın tam sıradan çıxarılmasında maraqlıdır. 

Amma burada digər önəmli məqamı da diqqətdən qaçırmaq olmaz. Qeyd edək ki, Təl-Əviv, Ramallah və Qahirə Qəzza zolağının dəniz sularında hələ istismar olunmayan təbii qaz ehtiyatlarının istismarında da eyni maraqları güdürlər. Qəzzanın təbii qaz resurslarının əhəmiyyəti iyirmi beş il bundan öncə müəyyən edilib. Yəni 1999-ci ildə BP şirkəti tərəfindən Qəzza zolağının dəniz sularında iki böyük təbii qaz yatağı kəşf edilib. Hər iki yataq İsrail və Qəzza arasındakı dəniz sularında yerləşir. 
Gizli görüşlərin təfərrüatı 

Şirkətin məlumatına görə, Qəzzanın dəniz sularındakı hər iki təbii qaz yatağı birlikdə 1 trilyon kubmetr həcmə malikdir. Bu da Qəzzanın daxili ehtiyaclarını qarşılamağa, o cümlədən əlavə qazın beynəlxalq bazarlara ixracına imkan yaradır. Hər iki təbii qaz yatağı İsrailin yox, məhz Fələstin administrasiyasının suverenliyinə və yurisdiksiyasına aiddir. “Planetcritical” informasiya agentliyinin məlumatında qeyd olunur ki, 1999-ci ilin noyabrında Fələstin Milli Muxtariyyəti ilə BP arasında Qəzzanın təbii qaz yataqlarının kəşfi və istismarı üzrə 25 illik saziş imzalanıb.

Bununla bərabər, həmin dövrdə İsrail və FƏTH hakimiyyəti arasında hər iki tərəfə milyard dollar dəyərində gəlir qazandıracaq təbii qaz yataqlarının kəşfi və istismarı ilə bağlı sazişin imzalanması üzrə danışıqlar aparılırdı. Ancaq bir müddət sonra ifrat sağ yönümlü Ariel Şaron və onun komandası hakimiyyətə gəldikdən sonra FƏTH hakimiyyəti ilə aparılan bütün danışıqlar dayandırıldı. Çünki Şaron hakimiyyəti hesab edirdi ki, Fələstin administrasiyası Qəzzanın dəniz sularındakı təbii qaz yataqlarından əldə edəcəyi gəlirləri HƏMAS və digər terror təşkilatlarla bölüşə bilər.

Bununla kifayətlənməyən Şaron hakimiyyəti Fələstinin yurisdiksiyasını heçə sayaraq həmin yataqlara əl qoymağa cəhd etdi. Hətta Qərb mənbələrinin məlumatına görə, 2002-ci ilin mayında İsrail və Britaniyanın sabiq baş nazirləri Ariel Şaron və Toni Bleyr arasında keçirilmiş görüşdə Fələstinə məxsus qaz yataqları ilə bağlı ətraflı müzakirə aparılıb. Həmin yataqların 10 və ya 15 il ərzində 0.05 trilyon kubmetr dəyərində istismarı barədə razılıq əldə olunub. Lakin Ariel Şaron və Toni Bleyr öz istəklərinə nail ola bilməyiblər. Ona görə ki, 2007-2008-ci illərdə Qəzza zolağı tamamilə HƏMAS-ın nəzarətinə keçib və o, bu bölgədə öz hakimiyyətini daha da möhkəmləndirib. 

Əlbəttə ki, HƏMAS-ın rəhbərləri İsrail və Britaniyanın həmin təbii qaz yataqlarını istismar etməsinə imkan verməzdi. Bundan başqa, 2007-ci ilin dekabrında BP İsrail hakimiyyəti ilə Qəzzanın təbii qaz yataqlarının istismarı ilə bağlı aparılan danışıqlarından geri çəkildi.

Beləliklə, bu proses on və ya on beş il ərzində donduruldu. Amma həmin təbii qaz yataqlarına olan maraqlar daim diqqətdə qaldı. 

“Üçlük” arasında gizli sövdələşmə

Eyni zamanda, Qərb mediasında qeyd olunur ki, İsrailin HƏMAS-a qarşı müharibəsi başladıqdan bir neçə gün sonra rəsmi Təl-Əviv Qəzzanın dəniz sularında təbii qaz yataqlarının, eləcə də öz yurisdiksiyasına aid olan yataqların gələcək istismarı üçün altı xarici şirkətə lisenziya verib. Həmin şirkətlərin siyahısına İtaliyanın “ENİ”, Koreyanın “DANA Petrolium”, Britaniyanın “British Petrol” və İsrailin “RATİ” şirkəti daxildir.

İsrailin Energetika Nazirliyinin məlumatına görə, həm Qəzzanın təbii qaz yataqlarının, həm də İsrailin “Levitian” təbii qaz yatağının istismarı və həmin yataqlardan qazın nəql olunmasına yönələn layihələrin həyata keçirilməsinə külli miqdarda investisiya yatırılacaq. İsrail bu məsələdə başlıca rol oynasa da, Misir və Fələstin administrasiyası bu yataqların istismarından kənarda qalmayacaq. “The Cradle” analitik xəbər agentliyinin məlumatına görə, İsrail hakimiyyəti ilə Fələstin administrasiyası arasında Qəzza sahillərindən təxminən 30 kilometr aralıda “Dəniz” adlı qaz anbarlarının tikintisi ilə bağlı gizli müzakirələr aparılıb.

Məlumatda vurğulanır ki, bundan əvvəl İordaniyanın Aqaba, Misirin Şarm Əl-Şeyx şəhərində keçirilmiş siyasi və təhlükəsizlik sammiti fonunda İsrail və Fələstin administrasiyasının rəsmiləri bu məsələ barədə ətraflı müzakirələr aparıblar. Misirin Şarm Əl-Şeyx şəhərində iki tərəf arasında aparılmış müzakirələrdə Misir və ABŞ-ın dövlət rəsmiləri də iştirak ediblər. 

“The Cradle” məlumat verir ki, Qəzzanın təbii qaz yataqlarının istismarı üzrə müzakirələr birbaşa İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın razılığı ilə baş tutub. Belə bir məlumat da var ki, Fələstin administrasiyası və Misirlə aparılmış müzakirələrdə İsrail tərəfini ölkənin milli təhlükəsizlik üzrə müşaviri Tzaki Haneqbi və general-mayor Qasan Alyan təmsil edib. Hətta Misirin adının çəkilməsini istəməyən təhlükəsizlik üzrə eksperti “Reuters” agentliyinə bildirib ki, rəsmi Qahirə bu məsələ ilə bağlı İsrail hakimiyyəti ilə keçən ildən bəri danışıqlar aparır. 

HƏMAS-ın məhv olması nə üçün önəmlidir? 

Həm İsraildə, həm Fələstin administrasiyasında, həm də Misirdə, habelə ABŞ və Avropada hesab edirlər ki, Şərqi Aralıq dənizində Qəzza zolağına və İsrailin suverenliyinə aid olan təbii qaz yataqlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində istismarı, istifadəsi, təbii qazın nəqlindən əldə olunacaq maliyyə vəsaitlərinin bölüşdürülməsi, həmin yataqlardan çıxarılacaq qazın nəql olunması üçün müasir infrastrukturun qurulması, boru kəmərlərinin çəkilməsi və qaz terminallarından ibarət limanların salınması, o cümlədən qazın maye halına çevirib gəmilərlə Avropa ölkələrinə daşınması üçün ilk növbədə regionda daimi təhlükəsizlik təmin olunmalıdır.

Bu isə yalnız HƏMAS-ın tamamilə məhv olunmasından keçir. Düzdür, bura “Hizbullah” da daxildir. Yəqin ki, HƏMAS-dan sonra İsrail üzünü “Hizbullah”a çevirəcək və bu təşkilata qarşı adekvat tədbirlər görəcək. Təkcə HƏMAS-ın sıradan çıxarılması deyil, həmçinin Qəzza zolağının şimal ərazilərinin nəzarətə alınması İsrailin enerji və təhlükəsizlik strategiyasında mühüm və önəmli hədəf hesab olunur. 

Sözsüz ki, Şərqi Qüds və Vest Bank kimi Şimali Qəzza da İsrail ordusunun daim nəzarətində qalacaq. Bu, müəyyən mənada Misir və Fələstin administrasiyasının maraqlarına uyğundur. İsrail həmin bölgədən enerji resurslarının təhlükəsizliyinə zəmanət verəcək. 

Ümumiyyətlə, Misir, Fələstin və İsrail bu məsələdə tamamilə haqlıdır. Çünki HƏMAS həqiqətən Tehranın təhriki ilə bölgədə təhlükə törədərək Qəzzanın dəniz sularındakı təbii qaz yataqlarının istismarına və işlənməsinə ciddi əngəl yaradacaq. Belə olan halda ABŞ, Avropa İttifaqı və Avropa ölkələrinin investisiya layihələrinin həyata keçməsi qeyri-mümkün olacaq.

HƏMAS-ın tamamilə sıradan çıxarılmasından sonra Fələstin və İsrailə məxsus bütün təbii qaz yataqlarının istismarı tam mümkün olacaq. Bu strateji hədəfə nail olmaq İsrail və Misirin iqtisadiyyatını daha da möhkəmləndirəcək, habelə hər iki ölkənin regional geoiqtisadi mərkəzə çevrilməsinə imkan yaradacaq. 

Yunis Abdullayev
Cebhe.info