Paşinyanın “ölçüsüz” bəyanatı: Ermənistan əlindəkiləri itirə bilər

Paşinyanın “ölçüsüz” bəyanatı: Ermənistan əlindəkiləri itirə bilər

“Azərbaycandan tələb etmək üçün sərhəd xəttimizdə dayanmalıyıq”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndində sakinlərlə görüşü zamanı icmanın inzibati rəhbərinin Berkaber icmasına məxsus torpaqlardan istifadənin mümkün olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib. “Biz həmçinin Berkaber (Bibiş), Ayqehovit (Lələkənd), Vazaşen (Hönüt), Paravakar (Tatlı) kimi 31 kəndin də məsələsini qaldırırıq, siyahı açıqlanıb.

"Müxalifət deyir ki, mən Tavuşun kəndlərini vermək istəyirəm. Tavuş rayonunda Xeyrimli adlı kənd varmı? Bu kəndin icra nümayəndəsi kimdir? Tanış olmaq istəyirəm. Tavuşda Əskipara adlı kənd varmı? Bu kəndin sakinləri kimlərdir? Qanuni olaraq bizim olanı almaq üçün qanuni olaraq bizim olmayanı verməyə hazır olmalıyıq. Mən bu məlumatı paylaşmağa gəlmişəm və sizdən xahiş edirəm ki, bizə bu yolu tutmaq üçün bu mənəvi və siyasi fürsəti verəsiniz. Biz zaman-zaman qayıdacayıq. Yeni əhəmiyyətli məlumat və ya müzakirə variantları olanda gələcəm və bu formatda yenidən danışacağıq. Mən bu məlumatı paylaşmağa gəldim. Sizdən xahiş edirəm ki, bizə bu imkanı yaradasınız ki, biz addım-addım irəliləyək və görək bu dinc, sakit yolla getmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək olarmı. Bunun üçün mümkün olan hər şeyi etməliyik, sonra gəlib sizə nəyin işlədiyini, nəyin olmadığını deməliyik”, - Paşinyan bildirib. 

Qeyd edək ki, Nikol Paşinyan martın 18-də Qazax rayonun Ermənistanla sərhədinə səfər edib. O, Qazax rayonunun işğal altındakı kəndlərinə də baş çəkib. Paşinyanın bölgəyə gəlişi Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndirilib. Söhbət birinci mərhələdə anklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılmasından gedir. Azərbaycan bu təklifi Ermənistana bu il yanvar ayının əvvəlində təqdim edib.

Rəsmi Bakı hesab edir ki, həmin kəndlərin işğalına son qoyulması Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesini asanlaşdıra bilər. Lakin anklav və ya qeyri-anklav olan bütün kəndlər işğal edildiyindən qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, Azərbaycan həm Qazaxın yeddi kəndini, həm də Sədərək rayonunun Kərki kəndini güc yolu ilə azad etmək hüququndan istifadə edə bilər. Çünki Ermənistan yaşayış məntəqələrini işğal altında saxlamaqla Azərbaycanın 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tanıdığına dair 1991-ci il Almatı, 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələrini pozur. Bu halda, Ermənistan hər üç sənəd üzrə üzərinə götürdüyü öhdəliklərdən birmənalı şəkildə imtina etmiş olur. Nikol Paşinyanın sakinlərlə görüşündə delimitasiya və demarkasiyadan imtina ediləcəyi təqdirdə müharibənin baş verəcəyi barədə dedikləri ermənilərə seçim etmək xəbərdarlığı kimi başa düşülə bilər. Bununla da Paşinyan Azərbaycanın Ermənistan üzərində növbəti qələbə qazanaraq öz ərazilərini işğaldan azad edəcəyinə dair mesaj verir.

Yəni Azərbaycan istənilən halda işğal altındakı kəndlər üzərində suverenliyini bərpa edəcək. 

Ermənistanın müharibəyə getməsi böyük itki verməsinə səbəb ola bilər. Ona görə də Paşinyan dins yolla kəndləri Azərbaycana qaytarmağın Ermənistan üçün daha məqbul olduğunu onu Tavuşun “torpaqları”nı satmaqda ittiham edənlərə başa salmağa çalışıb. 

Lakin Nikol Paşinyanın çıxışında səslənən bəzi məqamlar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Baş nazirin sakinlərlə söhbətində iki məqam xüsusi olaraq, diqqəti cəlb edir. Paşinyan Ermənistanın Berkaber (Bibiş), Ayqehovit (Lələkənd), Vazaşen (Hönüt), Paravakar (Tatlı) kimi 31 kəndin də məsələsini qaldırdığını deyir. Çox güman ki, rəsmi İrəvan işğal atılndakı ərazilərin qaytarılması prosesini ərazi mübadiləsi çərçivəsində həll etmək niyyətini nümayiş etdirir. Yəni Ermənistan dörd kəndin qeyd-şərtsiz qaytarılması ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirəcək. Ancaq anklav kəndlərin qaytarılması qarşılığında Azərbaycandan 31 kəndlə həmsərhəd olan yüksəkliklərin bir qisminin Ermənistana verilməsi şərtini irəli sürə bilər.

Paşinyanın açıqlaması göstərir ki, Ermənistan bu iddiasına daha çox Qazax-Ağstafa istiqamətində nail olacağına ümid edir. Çünki Bibiş, Lələkənd, Hönüt və Tatlı kəndləri Ermənistanın İcevan (Karvansaray) rayonunun inzibati ərazi vahidinə daxildir. Həmin kəndlər Qazax və Ağstafa rayonları ilə həmsərhəddir. 

Ermənistan hökuməti isə guya həmin kəndlərə yaxın yerləşən yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən işğal olunduğunu iddia edir. Halbuki, sözügedən bölgədə işğalçılıq fəaliyyətini Ermənistan həyata keçirib. Sadəcə olaraq, İrəvanın məqsədi Qazax-Ağstafa istiqamətində sərhədi irəli çəkmək və strateji yüksəklikləri zəbt etməkdir. 

Bununla da Ermənistan Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürür. Paşinyan çıxışı zamanı “Qanuni olaraq bizim olanı almaq üçün qanuni olaraq bizim olmayanı verməyə hazır olmalıyıq” deməklə məhz ərazi mübadiləsi məsələsinə eyham vurur. Qeyd edək ki, Ermənistan qoşunları Qazax rayonunun yalnız yeddi kəndini deyil, həmçinin Quşçu Ayrım kəndi istiqamətindəki “Qazançı” dağı və digər ətraf yüksəklikləri də işğal altında saxlayır. Əgər Ermənistan anklav kəndləri qaytarmaq istəməsə və ya bu problemi ərazi mübadiləsi yolu ilə həll etməyə çalışsa, Azərbaycan hərbi əməliyyatlardan istifadə etməklə yaşayış məntəqələrini azad edə bilər. Çünki anklav kəndlər Azərbaycanın suveren əraziləridir. 

İkincisi, Ermənistanın Azərbaycan qanuni yolla tələb edəcəyi hər hansı torpaq sahəsi və ya ərazi yoxdur. Ermənistan dövləti Azərbaycan ərazilərində qanunsuz şəkildə yaradılıb. İrəvan şəhəri, Zəngəzur vilayəti, Göyçə mahalı, Qazax rayonunun torpaqları, Şərur-Dərələyəz mahalı Sovet dövründə Azərbaycandan alınaraq qeyri-qanuni şəkildə Ermənistana verilib. Paşinyan hakimiyyəti sülhə nail olmaq və özünün dediyi kimi, müharibənin baş verməməsi üçün Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddilarını nəzərdə tutan müddəalara hüquqi xitam verməlidir. Əks təqdirdə, Ermənistanın növbəti dəfə Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi qanunsuz yolla əldə etdiyi digər torpaqları da itirməsi ilə nəticələnəcək. 

Müşfiq Abdulla 
“Cebhe.info”