Həkimlər işləmək üçün niyə Almaniyanı seçir? – ARAŞDIRMA

Həkimlər işləmək üçün niyə Almaniyanı seçir? – ARAŞDIRMA

Bu gün bir çox həkimlər xarici ölkələrdə çalışmağa daha çox üstünlük verir.

Həmin ölkələr sırasında Almaniya ilk sırada qərarlaşıb. Beləliklə, Almaniyada əcnəbi həkimlərin sayı getdikcə artır.

Bəs əcnəbi həkimləri hansı çətinliklər və ya fürsətlər gözləyir?

"Cebhe.info" xəbər verir ki, uzun illərdir tibb işçisi qıtlığı yaşayan Almaniya mühacir etmək istəyən həkimlərin tez-tez üstünlük verdiyi ölkədir. İllər keçdikcə Almaniyada əcnəbi həkimlərin sayında ciddi artım müşahidə olunur.

Alman Tibb İşçiləri Birliyinin məlumatlarına görə, Almaniya vətəndaşlığı olmayan təxminən 60 min həkim ölkənin səhiyyə sisteminin təxminən 12 faizini təşkil edir.

Almaniyadakı əcnəbi həkimlərin əksəriyyəti digər Avropa ölkələrindən və ya Yaxın Şərq ölkələrindən gələn həkimlərdir. Suriyadan olan 6120 həkimin çalışdığı Almaniyada xarici həkimlər arasında suriyalılar ən böyük qrupdur. Bunu 4 min 668 ilə rumınlar, 2 min 993 ilə avstriyalılar, 2 min 943 ilə yunanlar, 2 min 941 ilə ruslar və 2 min 628 ilə türklər izləyir.

Almaniyaya köçən həkimlər xəstəxanada işləməzdən əvvəl həm ümumi, həm də peşəkar alman dili bacarıqlarını nümayiş etdirə biləcəklərini sübut edən iki imtahandan ibarət təsdiq prosesindən keçməlidirlər.

Bir çox insanlar əcnəbi həkimlərin Almaniyada işləməsi üçün tələb olunan prosesin çətin olduğunu və Almaniyada işləmək istəyən həkimlərə daha çox dəstəyə ehtiyac olduğunu düşünür. Bu dəstəyin verilmədiyi təqdirdə Almaniyanın səhiyyə xidmətlərinə zərər vurma ehtimalının olduğu düşünülür.

Reynland-Pfalz Dövlət Tibb Assosiasiyasının baş direktoru Yurgen Hoffart bildirib ki, bu həkimləri ucuz işçi qüvvəsi kimi görməməliyik: “Lakin biz onları mümkün qədər tez və effektiv şəkildə sistemə inteqrasiya etməliyik”.

Almaniyada niyə əcnəbi həkim problemi var?

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, bütün dünyada tibb müəssisələrində kadr çatışmazlığı artmaqdadır və peşəkar tibbi xidmətə çıxış tezliklə bir çox ölkələrdə reallığa çevrilə bilər.

Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi min nəfərə bir həkim nisbətinin təmin oluna bilmədiyi kasıb ölkələrdə bu vəziyyət ciddi təhlükə yaradır.

Almaniya hökumətinin məlumatlarına görə, hazırda Almaniyada kifayət qədər həkim var, burada min nəfərə 4,53 həkim düşür və Avropada 1,82 milyon həkimin 30 faizi işləyir, lakin bu rəqəm sürətlə azalır.

Əhalisinin qocaldığı və buna görə də daha çox tibbi yardıma ehtiyacı olan Almaniyanın digər Avropa İttifaqı ölkələri kimi tezliklə səhiyyə işçiləri çatışmazlığı ilə üzləşəcəyi təxmin edilir.

Təqaüdçü həkimləri əvəz edəcək yeni həkimlər çatışmır. Bu, xüsusilə dövlət sektorunda çalışan tibb işçilərinin üzərinə əlavə yük yaradır.

2023-cü ilə olan məlumata görə, Almaniyada işləyən həkimlərin 41 faizi və mütəxəssislərin 28 faizi 60 yaşdan yuxarı idi. Təxminən 5 mindən 8 minə qədər həkim poliklinikalarının yaxın üç il ərzində, əsasən də təqaüdə çıxması səbəbindən bağlanacağı gözlənilir.

Təqaüdçü həkimlərin yerinə yetərincə məzun olmadığı üçün səhiyyə sisteminin mövcud standartla fəaliyyətini davam etdirməsi üçün yeganə qısamüddətli həll yolu xaricdən həkimlərin cəlb edilməsidir.

Əcnəbi həkimlər Almaniyada hansı şərtlərlə işləyirlər?

18 ildən çoxdur Almaniyada işləyən Dr. Fabri Beqa bunu deyib:

"Almaniyada bütün tibb mütəxəssislərinə, o cümlədən burada doğulmayanlara da güvənilir və qiymətləndirilir.  Öz təcrübəsinə əsasən, əcnəbi həkimlər başqa bir ölkənin səhiyyə sistemində işləməyin çətinliklərini öyrənmək və öhdəsindən gəlmək istəyən insanlardır”.

Almaniyanın səhiyyə infrastrukturu bir çox başqa ölkələrə, o cümlədən mənim öz ölkəm Kosovoya nisbətən xeyli yaxşı maliyyələşdirilir”, - deyən Beqa qeyd edir ki, tibb işçisi üçün bu, daha qabaqcıl alətlərlə işləmək və peşəkar səviyyədə təkmilləşmək deməkdir.

Əcnəbi həkimlərin tez-tez təcili yardım şöbələrində və ya iş yükünün nisbətən daha çox olduğu xəstəxanalarda işləmək məcburiyyətində qaldığını deyən, Beqanın sözlərinə görə, buna baxmayaraq, Almaniyada iş-həyat balansı yaxşı olduğu üçün buna dəyər:

“Kİfayət qədər qazanırsınız və həyatdan zövq almaq üçün kifayət qədər vaxt var".

Beqa qeyd edir ki, Almaniyada struktur dəstəyi olmadığı üçün əcnəbi həkim öz karyerasında alman həkimdən daha çox səy göstərməlidir. Məsələn, Almaniya qanunlarının tətbiqi ilə əlaqədar olaraq, xarici həkimlərin öz klinikalarını və ya poliklinikasını açması Almaniyadakı həmkarlarından daha çox vaxt aparır.

Almaniya yalnız əsas tibb təhsilini tanıyır, ona görə də mütəxəssis Almaniyada işləmək istəyirsə, yenidən ixtisas təhsili keçməlidir", - deyən Beqa bunun üçün illərlə yeni təlimlər tələb etdiyini vurğulayır. 

Əcnəbi həkimlər üçün dil maneədir?

Reynland-Pfalz Dövlət Tibb Assosiasiyasının baş direktoru Yurgen Hoffart əcnəbi həkimlərin dil problemlərinə diqqət çəkərək bəzi xəstələrin xarici həkimləri anlaya bilməmələri ilə bağlı şikayətlər aldığını deyib.

Xəstələrdən “həkimlərin almanca düzgün danışdığı xəstəxana tövsiyə edə bilərsinizmi?” - deyə müraciətlər alan  Hoffman, xarici həkimlərin dil biliklərinə dair tənqidlərin haqlı ola biləcəyini əlavə edib.

Əcnəbi həkimlər tərəfindən alınan dil testlərinin standart alman dili üzərində cəmləndiyini bildirən Hoffman bunun yerli ləhcələri və aksentləri anlamağa kömək etmədiyini vurğulayır.

Münhen Lüdviq Maksimilian Universiteti tərəfindən 2016-cı ildə aparılan bir araşdırma, bir çox immiqrant həkimlərin alman dili problemi, eləcə də Almaniyada mədəniyyət və səhiyyə sistemi haqqında biliyin olmaması ilə mübarizə apardığını müəyyən edib.

2022-ci ildə Bazel Universiteti tərəfindən nəşr olunan və Almaniyadakı iki böyük universitet xəstəxanasını əhatə edən başqa bir araşdırma göstərib ki, tibb bacıları və həkimlər də daxil olmaqla bir çox immiqrant tibb işçisi dil, milli, irq və etnik mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalır.

Dr. Beqa isə həkimlərin heç bir uyğunlaşma problemi olmadığını və alman dilini öyrənməkdə çətinlik çəkmədiyini müşahidə etdiyini bildirir. 

"Mənim təcrübəmə görə, əksər həkimlər dili tez öyrənirlər” deyən Beqa, “Həmçinin alman dilini çox yaxşı bilsəniz belə, həmişə almanca danışa bilməyən xəstələr var və buna görə də dil təkcə həkimlər üçün maneə deyil” deyib.

Hoffart deyib ki, Almaniyada təcrübəli həkimlər xaricdən yeni gələn həmkarlarına daha çox diqqət yetirsələr və alman sisteminin xüsusiyyətləri haqqında ətraflı məlumat versələr, ünsiyyət problemləri həll oluna bilər. Hoffman həmçinin xarici həkimlərə əlavə dil və ünsiyyət kursları keçməyi tövsiyə edir.

Nigar
"Cebhe.info"