Qərbin İrəvandan tələbi: Sülh müqaviləsi bu halda imzalana bilər?

Qərbin İrəvandan tələbi: Sülh müqaviləsi bu halda imzalana bilər?

Ermənistanın Niderland Krallığındakı keçmiş səfiri Zünik Ağacanyan Qazax rayonunun işğal altındakı dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı şovinist açıqlamalar verib.

Ağacanyan iddia edir ki, 4 kəndin təhvil verilməsi Bakının istəklərinə xidmət etməyin növbəti təzahürü olacaq və bu arzuların zənciri sonsuzdur. Ona görə də sabiq səfir yaşayış məntəqələrinin Ermənistan ərazisi olduğunu deyir və kəndlərin qaytarılması üçün konstitusiya referendumunun keçirilməsini təklif edir. Lakin onun Ermənistan mətbuatına açıqlamasında Qərbin sözügedən məsələyə münasibəti barədə dedikləri diqqəti xüsusi cəlb edir.

Ağacanyan Ermənistan tərəfinin bu güzəştləri sayəsində Azərbaycan yer üzündə möhkəm mövqeyini təmin edəcəyini bildirir:

“Öz növbəsində, Ermənistanı asan təzyiq hədəfi kimi seçən İngiltərə-Amerika tandemi Türkiyə-Azərbaycana məqsədlərini həyata keçirməyə kömək edir, Ermənistan hakimiyyətini birtərəfli qaydada qəbuledilməz və “qeyri-qanuni” güzəştlərə getməyə məcbur edir”.

Eks-səfirin açıqlaması göstərir ki, Nikol Paşinyan hakimiyyətinin Qazaxın işğal altındakı kəndlərini qaytarmaqda israr etməsi həm də Qərbin tələbidir. Çünki Azərbaycan Qərbin vasitəçiliyi ilə aparılan bütün danışıqlarda və görüşlərdə səkkiz kəndin işğal altında qalmasını sülhə mane olan əsas səbəblərdən biri olduğunu bildirir. Yəni işğal faktının davam etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. Bu halda sülh müqaviləsindən söhbət gedə bilməz.

Qərb isə sülh danışıqlarının surətlənməsi üçün kəndlərlə bağlı problemin aradan qaldırılmasını istəyir. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə keçiriləcək üçtərəfli görüşdə də bu məsələyə toxunulacağı istisna edilmir. Hətta Nikol Paşinyan ola bilsin ki, aprelin 5-dək dörd kəndi qaytarmaqla Brüsselə hazır hesabatla getsin.

Lakin Azərbaycanın tələbi 4 kəndlə yekunlaşmır. Ermənistan işğal altında saxladığı 8 kəndin hamısını Azərbaycana qaytarmalıdır. Sadəcəc olaraq, Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı kəndləri anklav olmadığına görə Azərbaycan birinci mərhələdə Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılmasını istəyir.

Növbəti mərhələdə isə anklav vəziyyətdə olan kəndlər Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, sülh sazişinin imlzalanması və sərhədlərin müəyyənləşməsində ciddi problemlər yarana bilər. Ermənistan isə qeyri-anklav kəndləri qaytarmaqla birinci mərhələdə öz planını həyata keçirmək istəyir. Belə ki, Ermənistan qoşunlarını dörd kənddən çıxardıqdan sonra şərti sərhəddə çəkmək istəyir.

Bununla da Qazax istiqamətində 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına nail olmaq, sonra bu prosesi bütün sərhəd boyu davam etdirmək niyyəti güdür. Halbuki Ermənistan 1990-1992-ci illərdə Qazaxın kəndlərini işğal etməklə həmin sərhəd xəttindən imtina edib. Ona görə də yeni sərhəd xətti çəkilməlidir.

Ermənistan hökuməti özü də bəyan edir ki, Alma-Ata Bəyannaməsi imzalanan zaman işğal altındakı kəndlər Ermənistanın ərazi-inzibati vahidinə daxil olmayıb. Deməli, səkkiz kənd qaytarılmadan sərhədlərin delimitasiyası və demarkasiyası aparıla bilməz.

Həmçinin, işğal dövründə Qazax rayonunun Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin torpaqları qanunsuz olaraq erməni əhaliyə paylanılıb. Orada məskunlaşma və qanunsuz tikinti aparılıb. Həmin “sakinlər”ə isə çıxarış verilməyib. Ona görə də kəndlər boşaldılmaqla yanaşı, ermənilər də ərazidən çıxarılmalıdır. 

Delimitasiya və demarkasiya prosesinin aparılması zamanı ermənilərin kəndlərdən çıxarılması qaçılmaz olacaq. Çünki sərhədlər Ermənistanın istəyinə uyğun olaraq, 1991-ci ilin xəritələri əsasında müəyyənləşsə belə, qanunsuz sakinlərin evləri və torpaq sahələri Azərbaycanın ərazisinə düşəcək. Ona görə də Ermənistan dörd kəndi qaytarmaqla Qazax istiqamətində sərhədin delimitasiyasına və demarkasiyasına nail ola bilməz. 

Müşfiq Abdulla 
“Cebhe.info”