Şanlı Zəfərin dördüncü ildönümü: “Azərbaycana öz suveren…”
Azərbaycan dövləti və xalqı 4-cü ildir şanlı Zəfər bayramını qeyd edir.
Zəfər Gününün əhəmiyyətini təhlil etdikdə, onun yeni tarixi prosesə təkan verən konseptual bir hadisə olduğunu görmək olar.
Yəni Azərbaycan Ordusunun hərbi qələbəsinin doğurduğu siyasi, ictimai, iqtisadi, mədəni, demoqrafik və digər nəticələr regional münasibətlər sistemində ciddi dəyişikliyə gətərib çıxarıb.
İkinci Qarabağ müharibəsi mahiyyət etibarı ilə lokal müharibə hesab edilsə də, postmünaqişə dövründə yaranmış vəziyyət onun regiondan kənarda, hətta dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərin Cənubi Qafqaz siyasətinə ciddi təsir göstərdiyini təsdiq etdi.
Bu baxımdan, 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfəri geostrateji əhəmiyyət daşıyır. Azərbaycan ərazilərinin işğaldan azad olunması 30 il mövcud olmuş status-kvoya son qoydu.
Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi və bunun ardınca 35 il davam edən erməni separatizmi tamamilə ləğv etmək imkanı qazandı.
Bu isə Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasına səbəb olub. Qarabağ Zəfəri bölgədə yalnız yeni geosiyasi konyukturun meydana çıxmasına gətirib çıxartmadı. Həmçinin, Cənubi Qafqazı geoiqtisadi baxımdan, Avrasiya məkanında ən mühüm strateji nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi qovşağa çevirdi.
Bu prosesin formalaşması Azərbaycanın qələbəsi nəticəsində mümkün olduğundan bölgədə marağı olan bütün dövlətlər artıq rəsmi Bakının mövqeyi ilə hesablaşmağa məcburdur. 30 ilə yaxın Azərbaycanı işğalın nəticəsi ilə barışmağa çağıran vasitəçi güclər indi Ermənistana yeni reallıqları qəbul etməyi və öz iddialarından əl çəkməyi təklif edir.
İran, Fransa kimi regiona aid olmayan bəzi təxribatçı “oyunçu”ların yeni reallıqları qəbul etməmək niyyəti isə sadəcə, söz olaraq qalır və status-kvonu dəyişmək imkanına malik deyil.
Ermənilər də 35 il Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə, işğal siyasəti həyata keçirməklə yeni reallıq yaratmağa və bütün dünyanın bu vəziyyəti qəbul edəcəyinə inanırdı. Lakin “erməniçilik” heç vaxt realizmə əsaslanmayıb.
Ermənilər tarixən hər hansı əsası olmayan uydurma, faşist ideologiyasına inanıb. Ona görə də Azərbaycan torpaqları hesabına ikinci erməni dövləti yaratmaq cəhdlər uğursuzluğa məhkum idi. Azərbaycanın mübarizəsi isə real tarixi, milli, hüquqi zəmin üzərində qurulub.
Regionda qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsi məhz qeyd edilən səbəblə izah oluna bilər. Nəticədə, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycan xarici donor dövlətlərdən asılı olmayan müstəqil siyasət yürüdən yeganə dövlətdir.
Tarixən geosiyasi konfiqurasiyanı dəyişməyi bacaran və ya yeni tarixi proses yaradan dövlət həmin regionun liderinə çevrilir.
Bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycana öz suveren və tarixi torpaqlarını geri qaytarmaq imkanı verməklə yanaşı, bütün bölgədə strateji üstünlük qazandırıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”