Zəngəzur dəhlizinə son addım

Zəngəzur dəhlizinə son addım

Zəngəzur dəhlizinin açılması tezliklə reallaşa bilər.

Bu barədə Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclasında qərar veriləcəyi gözlənilir. Sözügedən məsələ ilə bağlı Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xeyli ümidverici danışıb.

O, bildirib ki, yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan açılması məsələləri ilə bağlı görüşü keçiriləcək.

“İşçi qrupun çox yaxın vaxtlarda baş tutmasına dair bu gün razılıq əldə olundu. Nəzərdən keçirilməli olan məsələlər Azərbaycan və Ermənistan arasında sərhədi keçmə üsulu ilə bağlı texniki detallara aiddir. Söhbət ondan gedir ki, bu sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri olacaq”, - Overçuk belə deyib.

“Bu gün biz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edə biləcəyimizi deməyə çox yaxınlaşmışıq”,- deyə Overçuk öz açıqlamasında qeyd edib.

“Ermənistan həm də Naxçıvan- Zəngəzur-Azərbaycan vasitəsilə Rusiyaya, digər Avropa İttifaqı ölkələrinə bloku açıb hərəkət etmək, hətta İrana çıxış çıxmaq imkanı əldə edir”, - Overçuk bildirib.

“Hraparak” qəzeti isə Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarın veriləcəyini bildirir. Ancaq bu proses tezliklə baş verməyəcək:

“İlham Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq yol adlanacaq. Son günlər hakimiyyət dairələrində deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu qısa müddətə - cəmi 3 və ya 5 ilə təmin etsin”.

Politoloq İlqar Vəlizadə “Cümhuriyət”-ə bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarın verilməsi üçün şərait yaranıb. Ancaq dəmir yolunun açılmasına Ermənistan razılıq versə belə, bunu tezliklə reallaşdırmaq mümkün olmayacaq:

“Dəmir yolunu qısa müddətdə açmaq fiziki cəhətdən mümkün deyil. Çünki dəmir yolunu bərpa etmək üçün infrastruktur yoxdur. Onun inşası 2-3 il vaxt aparacaq. Amma şərtlərdən asılı olaraq, bu yolu daha qısa müddətdə tikmək olar. Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildə yekunlaşacaq. Bu istiqamətdə Ermənistanda ümumiyyətlə, iş aparılmır. Ona görə də yolun açılması ilə bağlı bu proses ləngiyəcək.

Əgər inşa işləri indi başlasa və sürətlə aparılsa, bəlkə də iki ildən də tez yekunlaşdırmaq olar. Bu, texniki problemdir. Əsas vacib olan şərtlərin razılaşdırılmasıdır. Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündə müəyyən razılaşmalar əldə olunub.

Orada qeyd edilir ki, tərəflər iyunun 1-də Kişinyovda keçirilən görüşdə müəyyən cədvəl təqdim etsinlər. Yəni dəmir yolunun bərpası və açılması müəyyən qrafik əsasında aparıla bilər. Bu isə göstərir ki, razılaşmanı yalnız Rusiya deyil, Avropa İttifaqı da dəstəkləyir. Hesab edirəm bu istiqamətdə Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli komissiya daha optimal fəaliyyət göstərə bilər.

Çünki dəmir yolunun Ermənistandan keçən hissəsinə Rusiya nəzarət edəcək. 2020-ci il 10 noyabr Bəyanatına əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Digər tərəfdən, Ermənistanın Dəmir Yolu İdarəsi Rusiya Dəmir Yolları Şirkətinin operatoru sayılır. Daşımaları Ermənistan deyil, Rusiya tərəfi həyata keçirəcək”.

Ekspert bildirib ki, bəzən kütləvi informasiya vasitələrində, təhlillərdə bu məsələ ilə bağlı pesssimist yanaşmaların şahidi olur:

“Mən bununla razı deyiləm. Ermənistanın dəmir yolu sistemi demək olar ki, yoxdur. Onun balansında olan vaqonlar, lakomotivlər və s. Rusiyanın konsessiyasına verilib. Ona görə də bu proses irəliyə getməlidir. Əgər bununla bağlı razılaşma varsa, bu işin mərhələli şəkildə həyata keçirilməsi üçün müəyyən qrafik də tərtib olunacaq”.

Qeyd edək ki, Ermənistanın 10 noyabr Bəyanatının 9-cu bəndinin icrasından yayınaraq indiyə qədər kommunikasiyaların açılmasına mane olmasının əsas səbəblərindən biri Zəngəzurdan keçəcək tranzit marşrutun yol, yoxsa dəhliz statusuna malik olması ilə bağlı yaranmış fikir ayırılığıdır. Nikol Paşinyan hökuməti “dəhliz” terminini qəbul etmir və bunu Ermənistanın suverenliyinə təhlükə hesab edir. üçtərəfli razılaşmada “yol” ifadəsi işlənilsə də, təhlükəsizliyin Rusiya qoşunlarının nəzarətinə keçməsi eksterritoriallıq yaradır. Bu isə avtomatik olaraq, dəhliz deməkdir.

Ona görə də Ermənistan rəhbərliyi yolun mühafizəsinin Rusiya hərbçiləri tərəfindən həyata keçirilməsini qəbul etmir. İndi dəmir yolunun açılması ilə bağlı anlaşma barədə məlumat tranzit marşrutun “dəhliz”, yoxsa “yol” adlanacağı ilə bağlı sualları yenidən gündəmə gətirib. Əgər tərəflər bu məsələdə konsessusa gələ bilməsə, Ermənistan dəmir yolunun açılmasından növbəti dəfə imtina edəcək.

İlqar Vəlizadə hesab edir ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında quru əlaqəsini təmin edəcək hərəkət marşrutunun “yol” və ya “dəhliz” adlanmasından asılı olmayaraq, Ermənistan nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair götürdüyü öhdəliyə əməl etməlidir:

“Onun yol və ya dəhliz adlandırılması ilə bağlı mübahisələr Ermənistan tərəfindıən ortaya atılmış mənasız söz-söhbətlərdir. Şimal-Cənub dəhlizi və ya Şərq-Qərb dəhlizi hansı prinsiplə işləyirsə, Zəngəzur dəhlizi də eyni qaydada fəaliyyət göstərə bilər. Yəni bu, dəhliz prinsipidir.

üçtərəfli bəyanatda da qeyd edilir ki, yüklər maneəsiz hərəkət etməli, süni maneələr yaradılmamalıdır. Sadəcə olaraq, yükdaşımaların həyata keçirlməsində ümumi prosedur qaydaları tətbiq oluna bilər. Belə ki, müəyyən tarif sisteminin, gömrük yoxlamalarının olması mümkündür. Amma bu daşımaları Ermənistan tərəfi deyil, Rusiya şirkətləri həyata keçirəcək.

Rusiya isə bu proses sadələşdirilmiş şərtlər əsasında baş tutsun. Bu məsələdə Azərbaycan da maraqlıdır. Ona görə də Ermənistanın nə deməsindən asılı olmayaraq, 9-cu bəndin şərtləri icra olunmalıdır”.

Azərbaycanla Ermənistan arasında sərhəd-buraxılış, gömrük və digər nəzarət məntəqələrinin quraşdırılacağı barədə Aleksey Overçukun açıqlamasına gəlincə, ekspert bildirib ki, bu mexanizmləri sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilmədən də tətbiq etmək olar:

“Delimitasiya prosesində bu məsələlər nəzərə alınacaq. Bu, uzunmüddətli prosesdir. Amma Zəngəzur dəhlizinin keçdiyi hissədə bu prosesi sürətləndirmək olar. Bunun üçün sərhəd və sərhəd-buraxılış qaydaları müəyyən olunmalıdır. Qeyd edim ki, sərhədlərin delimitasiyası və demarkasiyası başa çatana qədər müvəqqəti postlar qurula bilər.

Sərhədlər dəqiqləşdikdən sonra müvəqqəti postlar daimi sərhəd-buraxılış məntəqələri ilə əvəz edilər. Yəni bütün hallarda delimitasiya prosesi nəqliyyat-kommunikasiya vasitələrinin açılması ilə paralel şəkildə aparıla bilər. Sərhəd-buraxılış və gömrük məntəqələrinin yaradılması Zəngəzur dəhlizinin fəaliyyətinə mane olmamalıdır”.

Müşfiq Abdulla
Cebhe.info