COP29 Azərbaycanın siyasi-iqtisadi nüfuzunu artıracaq - MÜSAHİBƏ

COP29 Azərbaycanın siyasi-iqtisadi nüfuzunu artıracaq - MÜSAHİBƏ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. 

COP29-un ölkəmiz üçün hansı iqtisadi imkanları yaradacağı barədə “Cebhe.info”-nun suallarını iqtisadçı-ekspert Eyyub Kərimli cavablandırıb: 

-Azərbaycanın COP29 kimi bir konfransa ev sahibliyi etməsini necə dəyərləndirirsiniz? 

-COP29 ölkəmiz üçün həm siyasi, həm iqtisadi, həm də ekoloji əhəmiyyətli təsirləri olan bir hadisədir. Belə ki, COP29-un ölkəmizdə keçirilməsi bir neçə istiqamət üzrə ölkəmizin iqtisadiyyatına öz töhfəsini verəcək. Bu, sözsüz ki, birinci istiqamət kimi ölkəmizin siyasi imicini artıracaq, digər ölkələr arasında ölkəmizin alternativ və bərpa olunan, yaşıl enerji üzrə imkanların genişlənməsinə, bu imkanları digər ölkələrə də göstərməsinə səbəb olacaq. 

İkinci məsələ, ölkəmizin prioritet istiqamətləri üzrə götürdüyü strateji xəttin davamı olaraq investisiya potensialını geniş miqyasda artıracaq. COP29-a qədər öılkəmizdə həm də investorların investisiya konfransı keçiriləcək ki, bu da çox sayda ölkələrin Azərbaycanda investisiya təşviqatını həyata keçirəcək. 

Bu, həm də ölkəmizdə yaşıl və alternativ, bərpa olunan enerjiyə marağı artıracaq və həmin sahənin inkişafına əhəmiyyətli təsir göstərəcək. 

-Bu tədbir Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərəcək?

- Hesab edirəm ki, COP29 uzunmüddətli iqtisadi strategiyadır. Belə ki, ölkəmiz alternativ və yaşıl enerji üzrə potensialını artırmaqda və daha da genişləndirməkdədir.

Həmçinin gələcəkdə bu enerjini ixrac imkanlarını daha da genişləndirmək məqsədini öz üzərinə götürüb. Bu baxımdan digər ölkələrin Azərbaycana marağını daha da artıracaq. 

Digər tərəfdən, Azərbaycan iqtisadiyyatına böyük investisiyanın qoyuluşunu, başqa ölkələrin bizim yaşıl enerji sahəsində həyata keçirdiyi tədbirlərə investisiya marağını artıracaq. Bu da təbii ki, gələcəkdə ölkəmizin bu sahədə potensialını genişləndirəcək.

-COP29-un ölkəmizdə turizmin inkişafında rolu necə olacaq? 

-COP29 kimi konfransın təşkili ölkəmizin turizm imkanlarına da müsbət təsir göstərəcək.

Əgər tarixə nəzər salsaq, ölkəmizdə "Formula-1" yarışları, "Eurovision", Avropa Oyunlarına ev sahibliyi etmişik. Bu kimi genişmiqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyəti var. Məhz həmin tədbirlərdən sonra 2019-cu ildə ölkəmizə 3 milyona yaxın turist səfər etmişdi. Düşünürəm ki, gələcəkdə də bu kimi tədbirlər ölkəmizdə turizm sektoruna geniş təsir edəcək. COP29 həm də ölkəmizin tanıdılması tədbiridir. Bu tədbirə 80 min nəfərdən artıq insan gələcək. Həmin tədbirə çəkilən xərclər gələcək illərdə bir neçə dəfə özünü doğruldacaq və turizm sektoru daha çox gəlir əldə edəcək. Həmçinin enerji sektorunda böyük gəlirlər əldə edəcəyik. Digər tərəfdən, bu tədbirin keçirilməsi ölkəmizin siyasi-iqtisadi nüfuzunu artıracaq. COP29 həm də inkişaf etməkdə olan ölkələr üçün iqtisadi yardım və dəstəyin həyata keçirilməsini nəzərdə tutur. 

Bu, daha 100 milyard dollardan yuxarı vəsaitin toplanması, inkişaf etməkdə olan ölkələrdə yaşıl enerji potensialının inkişaf etdirilməsinə dəstək olmasıdır.

Bunun özü də həmin ölkələrdə Azərbaycanın nüfuzun artmasına səbəb olacaq bir hadisədir. Burada həmçinin təcrübə mübadiləsindən də danışa biləcəyik.

Çünki yaşıl və alternativ enerji artıq gələcəyin layihəsidir. Biz neft və qaz ölkəsi olmaqla bunu daha geniş tətbiq etməklə dünyaya onu göstərmək istəyirik ki, biz yalnız neft və qaz sektorundan asılı dövlət deyilik. Həmçinin yaşıl enerji, qeyri-neft sektorunun inkişafı üzrə mühüm strateji proqramlar və layihələr həyata keçirən bir ölkəyik. Bu, ümumiyyətlə, ölkəmizin gələcəkdə neftdən asılılığını azaldaraq həm də qeyri-neft sektorunun inkişafına təsirləri olacaq. 

-Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra ölkəmizin sabitlik səviyyəsinə görə beynəlxalq aləmdə nüfuzu daha da artıb. Bu baxımdan, COP29 xarici investisiyaların ölkəmizə cəlbi üçün hansı imkanlar yarada bilər? 

-Ərazilərimiz işğaldan azad edildikdən sonra bu konfrans ölkəmizdə ilk böyük layihədir.

Bunun da mühüm əhəmiyyəti var. Belə ki, investisiyalar daha çox sabitlik, təhlükəsizlik sevir. Bizim ölkəmiz də məhz sabitlik və təhlükəsizlik şəraiti nümayiş etdirir. Burada investisiya qoyulması üçün münbit şərait var. Bu baxımdan işğaldan azad edilmiş bölgələrimiz üçün sıfır emissiya nəzərdə tutmuşuqsa, həm də texnologiyaların tətbiqinə böyük ehtiyac var. İnvestisiyaların cəlb olunması üçün bu tədbirin böyük, müsbət tərəfləri ola bilər. Bu baxımdan həm işğaldan azad edilmiş bölgələrə investisiyanın cəlb edilməsi üçün COP29-un böyük təsirlərini hiss edəcəyik. 

Nigar Abdullayev
"Cebhe.info"