Lisey və gimnaziyalar ancaq qəbul imtahanına “işləyir”

Lisey və gimnaziyalar ancaq qəbul imtahanına “işləyir”

“Bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəfləyirik”. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib. Nazir qeyd edib ki, bu tipli təhsil müəssisələri yalnız Bakı və Sumqayıtda deyil, ölkənin bütün bölgələrində olmalıdır: "Gələcəkdə hər bir bölgədə ən azı 2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir”. 

Ölkədə təhsilin vəziyyətindən böyük narazılığın olduğu bir zamanda lisey və gimnaziyaların təhsil sistemi özünü doğruldur? 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu, müsbət addımdır:

"Lisey və gimnaziyalar təhsilin aparıcı müəssisələridir. Birmənalı şəkildə lisey və gimnaziyalar qəbul imtahanlarında və fənn olimpiadalarında özünü doğruldur. Onların nəticələri kifayət qədər yaxşıdır. Sadəcə təəssüf olsun ki, "Sabahın alimləri" layihəsində aktiv deyillər, bu da yaxşı deyil, çünki onlar fəaliyyətini sadəcə qəbul imtahanları ilə bağlı planlaşdırır. Onlar hesab edirlər ki, qəbul imtahanında toplanan ballar daha yaxşıdır”. 

Ekspert hesab edir ki, qəbul imtahanlarının nəticəsi sadəcə biliyi yoxlayır, bacarığı yox: 

“Lisey və gimnaziyalar artıq öz reytinqləri və Azərbaycan elminə töhfə vermək üçün gənclərin bilik və bacarıqlarının artırılması prosesinə qoşulmalıdır".

 Ləman İsmayıl 
"Cebhe.info"