Meyvə-tərəvəz ucuzlaşacaq? – AÇIQLAMA

Meyvə-tərəvəz ucuzlaşacaq? – AÇIQLAMA

May ayının gəlişi ilə artıq bazarlarda bir sıra mövsümi meyvə və tərəvəzlərin artmasını müşahidə edirik.

Məhsul artdığına görə, meyvə və tərəvəzlərin ucuzlaşmasını müşahidə etməliyik. Lakin bazara nəzər saldıqda görürük ki, satılan məhsulların qiymətində ciddi ucuzlaşma baş vermir.

Üzü yaya getsək də, bazarlarda mövsümi meyvə və tərəvəzlərin qiymətidə niyə ucuzlaşma müşahidə olunmur?

Mövzu ilə bağlı fikirlərini “Cebhe.info”-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, tezliklə meyvə və tərəvəzlərin qiyməti ucuzlaşacaq:

“Hazırda meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma mərhələli şəkildə baş verir. Məsələn, yay fəslinin dadlı meyvələrindən olan ərik satışa təzə çıxanda qiyməti 5 manat idi. İndi əriyin satış qiyməti 2 manatadək ucuzlaşıb. Bildirim ki, meyvə və tərəvəz ixracı ötən ilə nisbətən aşağı olduğu üçün bu il daxili bazarda məhsul bolluğu müşahidə olunur”.

Ekspert qeyd edib ki, bu il meyvə və tərəvəzlərin qiymətində elə də ciddi ucuzlaşma gözlənilmir:

“Ötən illərlə müqayisədə bu il inflyasiya 10 faizdən çox olub. Bu baxımdan, meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma gözlənilmir. Hazırda tələbin az təklifin isə yüksək olduğu bir zamanda, nəzərə almaq lazımdır ki, ölkədə son bir ildə ciddi inflyasiya baş verib. Hələlik meyvə və tərəvəzlərin qiymətidə ciddi ucuzlaşmadan danışmaq tezdir”. 

Həsən Məmmədov
“Cebhe.info”