Ailə üzvlərinin qətlinə görə daha ağır cəza? - Vəkil nələr danışdı

Ailə üzvlərinin qətlinə görə daha ağır cəza? - Vəkil nələr danışdı

Türkiyə Cəza Qanununa görə, ailə üzvləri və qohumlarını qətl edən şəxsə daha ağır cəza verilir.

Belə ki, belə cinayət əməli törətmiş şəxslər ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilirlər. Maraqlıdır ki, Azərbaycanda da Türkiyədə olduğu kimi ailə və qohumların qətlinə görə cəza ağırlaşdırılırmı? 

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, cinayət əməlində ağırlaşdırıcı halların sayının artırılması üçün mütləq qanunvericilikdə dəyişiklik olunmalıdır:

"Lakin qohum qətllərinə görə daha ağır cəzanın verilməsinə, məncə, ehtiyac yoxdur. Ona görə ki, bütün insanlar qanun qarşısında bərabərdir və hər kəsin yaşamaq haqqı var. Qohum-qonşu demədən, ayrı-seçkilik yaratmadan cəza verilməlidir. Bunun əksi müasir dövrün tələblərinə uyğun gəlmir. Xüsusilə dinin daha çox yayıldığı yerlərdə bu kimi hallar bir dünyagörüşü kimi qalıb ki, ata-ananın, qohum-əqrəbanın sağlamlığına qəsd etmək daha ağır əməldir. Ancaq inkişaf etmiş ölkələrin böyük əksəriyyətində cinayət əməlləri arasında fərq qoyulmur, hər insanın qətlinə eyni cür yanaşılır. Lakin digər tərəfdən, valideyn maddi marağa və bu kimi digər səbəblərə görə öldürülürsə, bu, ağırlaşdırıcı hal kimi tətbiq oluna bilər. Məhkəmələr yaxşı olar ki, bu kimi məsələlərə diqqət yetirsinlər". 

Hüquqşünas Türkiyə də daxil bir sıra ölkələrdə törədilən cinayətlərdə tətbiq olunan "zaman aşımı" məsələsinə də toxunub. Bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə" adlı 75-ci maddə var:

"Bu maddədə hansı cinayət kateqoriyaları üzrə nə qədər müddət keçdikdən sonra cinayətkarın cinayət məsuliyyətinə cəlb edilməməsi haqqında məlumat əks olunub. 

Maddəyə əsasən, cinayəti törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək qanunla müəyyən edilən müddətlər keçdikdə (cinayətlərin təsnifatına uyğun olaraq), şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 

- böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 il; 
- az ağır cinayətlər üzrə 7 il; 
- ağır cinayətlər üzrə 12 il; 
- xüsusilə ağır cinayətlər üzrə isə 20 il. 

Bundan əlavə, məhkəmə məhz cinayəti törədən şəxs tapılarsa yaradılır və ittiham hökmü çıxarılır. Lakin məhkəmə müddət keçdiyi üçün cəza təyin etmir.

Burada bir istisna da var ki, cinayəti törədən şəxs istintaqdan və məhkəmədən qaçarsa, o zaman həmin şəxs müddətin keçilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmir. Həmçinin müddət o şəxslərə aid edilir ki, hüquq-mühafizə orqanları onların cinayət törətdiyini bilmir. 

Yox, adam məlumdursa və gizlənirsə, həmin şəxsə müddət tətbiq olunmur". 

Ləman İsmayıl 
"Cebhe.info"