Anaların qorxusu: Uşaqlar bağçada niyə tez-tez xəstələnir?
Ötən il məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) 51 min 7 uşaqda xəstələnmə halları qeydə alınıb.
Bu, “Azərbaycanda təhsil, elm və mədəniyyət" məcmuəsində öz əksini tapıb. Ən çox xəstələnmə halı qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası ilə bağlı olub. Belə ki, bu göstərici 29 896 nəfər təşkil edib.
Digər xəstələnmə hallarına gəlincə, 15 192 uşaqda angina (kəskin tonzillit), 51-də bədbəxt hadisə, zəhərlənmə və zədələr, 204-də pnevmaniya, 154-də bakterial dizenteriya, 495-də skarlatina, 5 015-də isə digər xəstəliklər qeydə alınıb. Ümumi xəstələnmə hallarının içərisində 3 və yuxarı yaşda olan uşaqların sayı 41 715 nəfər olub. Qeyd edək ki, bu gün Azərbaycanda 1 857 uşaq bağçası fəaliyyət göstərir.
Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə məktəbqədər təhsil müəssisələrinin kəmiyyəti ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil:
"1857 məktəbəqədər təhsil müəssisəsinin 133-ü özəldir. Hər dörd məktəbəqədər, bağça yaşlı uşağın yalnız biri bağçaya gedə bilmə imkanına malikdir. Çünki yerdə qalan 3-ü üçün baxça sayı yetərli deyil. Amma bununla yanaşı, kəmiyyətin çox olmasına baxmayaraq, uşaqlar arasında xəstəliklərin artması gözə çarpır. Övladı bağçaya gedən hər kəs bu vəziyyəti təsdiqləyir. Valideyn əlindən gələni edir, uşağı sağaldır, lakin uşaq bağçaya gedən kimi yenidən xəstələnir.
Bu problemin yaranma səbəbi bağça, onun rəhbəriliyi, eyni zamanda valideynlərdir. Çünki yoluxucu xəstəliyi olan uşaqları valideynləri bağçaya göndərir. Həmin uşaq bağçada digər uşaqlarla təmasda olaraq onlara da xəstəlik ötürür. Valideyn öz ictimai-sosial vəzifəsini bilməlidir. Amma kimə deyirik? Valideynlər təkidlə deyilənlərə qarşı çıxır, uşağı bağçaya göndərirlər”.
Ekspert qeyd edib ki, bağça rəhbərliyi bu məsələdə valideynlərlə ciddi işbirliyi həyata keçirməlidir:
"Hazırda bağçaların ştatında xeyli sayda baxıcılar, təlimçi metodistlər var. Onlar uşaq qruplarında uşaqların neqativlərini də bilirlər. Buna görə də onlar uşaqların sağlamlıq vəziyyətini direktora bildirməli, uşağı sağalana kimi bağçadan uzaqlaşdırmalıdır".
Ləman İsmayıl
"Cebheinfo.az"