Mühafizə orderi zorakılığın qarşısını alırmı?
Son dövrlər Azərbaycanda qadın qətlləri ilə bağlı xəbərlərin sayı artmaqdadır.
Xüsusilə boşanma mərhələsində olan və ya artıq boşanmış qadınların keçmiş həyat yoldaşları tərəfindən öldürülməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bir çox ölkədə bu kimi halların qarşısını almaq üçün məhkəmələr tərəfindən zorakılıq törədən şəxslərə qarşı "uzaqlaşdırma qərarları" tətbiq olunur və onların zərərçəkənə yaxınlaşması qanunla qadağan edilir.
Azərbaycanda isə belə mexanizmlərin tətbiqinin effektivliyi və mövcud hüquqi alətlərin qadınların təhlükəsizliyini təmin etmək baxımından nə dərəcədə yetərli olduğu yenidən müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, Azərbaycanda da "uzaqlaşdırma qərarı" praktikada geniş tətbiq edilir:
"Bizdə qadınların döyülməsi, onlara qarşı fiziki zorakılıq göstərilməsi, hətta bunun ölüm halları ilə nəticələnməsi barədə məlumatlarla tez-tez qarşılaşırıq. Təəssüf ki, belə hallar günbəgün artır.
Xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da şəxs məhkəməyə müraciət edərək ona qarşı təhdidlər edən, qorxudan, arxasınca gələn, hədələyən, fiziki və psixoloji zorakılıq törədən şəxsin ondan uzaqlaşdırılması, müəyyən məsafəyə qədər yaxınlaşmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edə bilər. Azərbaycanda bu mexanizm mövcuddur və buna mühafizə orderi deyilir.
Hazırda Azərbaycanda mühafizə orderlərin qısamüddətli və uzunmüddətli olmaqla iki növü var. Adından da göründüyü kimi, onlar arasında əsas fərq tətbiq müddətidir. Bundan əlavə, bu orderlər ardıcıl şəkildə tətbiq olunur.
Birinci növbədə, əgər şəxs onu təhdid edən, qorxudan, fiziki və ya psixoloji zorakılıq göstərən birinin ondan uzaqlaşdırılmasını istəyirsə, yaşadığı ərazi üzrə rayon və ya şəhər icra hakimiyyətinə müraciət edir.
Müraciət ərizəsində bütün hallar ətraflı qeyd olunur. İcra hakimiyyəti yanında fəaliyyət göstərən komissiya araşdırma aparır, ərizədə göstərilən faktların həqiqiliyini müəyyən edir və nəticədə qısamüddətli mühafizə orderinin verilməsini təmin edir. Həmin mühafizə orderinin bir nüsxəsi də ərazi üzrə polis bölməsinə təqdim olunur".
O bildirib ki, qısamüddətli mühafizə orderinin müddəti başa çatdıqdan sonra da təhdidlər davam edərsə və ya şəxsdə qorxu qalarsa, o, məhkəməyə müraciət edərək uzunmüddətli mühafizə orderinin verilməsini xahiş edə bilər:
"Praktikada biz bu mexanizmdən tez-tez istifadə edirik. Düşünürəm ki, bir çox hallarda mühafizə orderinin verilməsi öz effektini göstərir.
Qarşı tərəf adətən ona qısamüddətli və ya uzunmüddətli mühafizə orderinin verildiyindən məlumatlı olur. Bu da müəyyən çəkindirici təsir yaradır. Şəxs bilir ki, müvafiq dövlət orqanı və ya məhkəmə tərəfindən zərərçəkmiş şəxsə, onun evinə və iş yerinə yaxınlaşması qadağan edilib.
Əgər bu qadağanı pozarsa, məsuliyyətə cəlb oluna bilər. Buna görə də cəza almamaq üçün çox vaxt bu cür hərəkətlərdən çəkinir. Təbii ki, bu mexanizm bütün hallarda işlək olmur və hər kəsə eyni dərəcədə təsir göstərmir. Amma praktikada biz bu vasitədən tez-tez istifadə edirik və bir çox hallarda onun müsbət nəticəsini görürük".
Gülər Həsənli
"Cebheinfo.az"

