Qanunsuz mərc oyunlarına maraq niyə artıb?

Qanunsuz mərc oyunlarına maraq niyə artıb?

Son illər internet üzərindən pul müqabilində oynanılan şans oyunlarına maraq nəzərəçarpacaq dərəcədə artıb.

Mobil telefonlar və digər rəqəmsal platformalar vasitəsilə bu oyunlara çıxışın asanlaşması xüsusilə gənclər arasında onların daha sürətlə yayılmasına səbəb olur.

Bu vəziyyət isə təkcə maddi itkilərlə məhdudlaşmır, eyni zamanda ailədaxili münasibətlərə, psixoloji vəziyyətə və ümumilikdə cəmiyyətə mənfi təsir göstərə bilir.

Bəs son illərdə bu cür oyunlara marağın artmasının əsas səbəbi nədir?

Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a bildirib ki, mərc və digər qumar tipli oyunlara marağın artmasının əsas səbəblərindən biri insanların qısa yolla qazanc əldə etmək istəyidir.

Onun sözlərinə görə, iş imkanlarının azalması və maddi çətinliklər fonunda bəzi insanlar çıxış yolunu bu cür oyunlarda axtarırlar.

“İnsanlar mərc oyunlarına, lotereyalara və digər oxşar oyunlara daha çox maraq göstərməyə başlayıblar. Çünki əksəriyyət az işləyib çox qazanmaq istəyir. Belə oyunları oynayan insanların bir qismində iradə zəifliyi və riskli qərarlara meyillilik müşahidə olunur.

Məsələn, lotereyanı götürək. Bilet ucuz qiymətə satılır, amma böyük məbləğdə uduş vəd edilir. Sadə hesablamalar göstərir ki, həmin uduşun qazanılması ehtimalı çox aşağıdır. Çünki bunun üçün çox böyük sayda bilet satılmalıdır. Bu isə əslində marketinq üsuludur.

Bu tip oyunlara marağı olan insanlara “Kozino” filmini izləməyi tövsiyə edirəm. Həmin filmdə qumar sisteminin necə işlədiyi göstərilir. İnsan bunu gördükdən sonra belə oyunların mahiyyətini daha yaxşı anlayır və onlardan uzaq durmağa çalışır.

Əgər insanın psixikasında və iradəsində problem varsa, o, bir oyundan uzaqlaşsa belə, digərinə üz tuta bilər. Burada əsas məsələ asılılığa meyillilikdir. Bunu siqaret və ya narkotik asılılığı ilə müqayisə etmək olar.

Necə ki, həmin vasitələr insanda asılılıq yaradır, mərc oyunları da bəzi insanlarda eyni təsiri göstərə bilir. Belə insanlar adətən adi həyatda özünü tapa bilməyən, həyatına qısamüddətli və ya uzunmüddətli adrenalin qatmaq istəyən şəxslərdir”.

Sosioloq əlavə edib ki, həyatda öz yerini tapan, özünə güvənən və iradəsi möhkəm olan insanlar bu kimi mərc oyunlarına üz tutmurlar.

Aişə Abdulova
“Cebheinfo.az”