AMEA-dan etirazçı alimə cavab: “Dedi-qodu yayıb, söz gəzdirib”

AMEA-dan etirazçı alimə cavab: “Dedi-qodu yayıb, söz gəzdirib”

Tanınmış alim AMEA-dan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət edib.

Belə ki, AMEA Rəyasət Heyəti Təhsil şöbəsi Doktorantura sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Elman qızı Qasımzadə şikayət məktubunda Mehriban Əliyevadan yardım istəyib. O bildirib ki, əsassız olaraq, kiçik bir qrupun sabotajı nəticəsində işdən çıxarılır:

“Elmər doktoru dissertasiyamın təqdimatı dövründə – 20 may 2022-ci il tarixində AMEA-nın rəhbərliyinə mənə qarşı sabotaj xarakterli ərizə təqdim olunub. Ərizənin təşkilatçıları şöbə müdiri Ələddin Məlikov və Magistratura sektorunun müdiri Qafil Dəmirov olub. Qafil Dəmirovun rəhbərlik etdiyi sektorun əməkdaşlarının imzaları təəccüb doğurur, mənim onlarla heç bir iş əlaqəsi yoxdur. Həmin sektorun ərizəyə imza atmayan nümayəndəsi də var. 08 iyul 2022-ci il tarixində elmlər doktoru dissertasiyasını müdafiə etdikdən sonra mənə qarşı olan hücumlar daha da kəskinləşdi. Yeğanə məqsədləri məni elmlər doktoru diplomumu almamış vəzifəmdən uzaqlaşdırmaqdır”.

Alimin iddiaları ilə bağlı AMEA-dan Cebhe.info-ya bildirilib ki, deyilənlər yalan və böhtandır:

“Əməkdaşları təhqir etməkdən, dedi-qodu yaymaqdan və söz gəzdirməkdən çəkinməyən Tubuxanım Qasımzadə yersiz iddialar irəli sürərək intriqa ilə məşğul olub. O, hətta imtahan sessiyalarında və digər vaxtlarda AMEA-nın institutlarının müvafiq şəxslərinə qarşı kobudluq etməkdən belə çəkinməyib. AMEA rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Tubuxanım Qasımzadə öz davranışlarında heç bir dəyişiklik etməyib. Bunu nəzərə alan şöbə əməkdaşları AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova müraciət ünvanlayaraq onunla işləmək istəmədiklərini və müvafiq ölçü götürülməsini xahiş ediblər. Nəticədə AMEA rəhbərliyi humanistlik sərgiləyərək onun əmək müqaviləsini 2 aylıq uzadıb, məzuniyyəti ilə bağlı sərəncam imzalayıb və sonradan ona yarımştat işlədiyi AMEA-nın Mərkəzi Nəbatat Bağında və AMEA-nın Botanika İnstitutunda tam ştat olaraq əmək fəaliyyətini davam etdirmək təklif edilib. Lakin Tubuxanım Qasımzadə şantaj, hədə və böhtan yolunu tutaraq AMEA rəhbərliyini və Təhsil şöbəsinin müdirini uydurma, böhtanlarla ləkələmək yolunu seçib. Yayılan xəbərlərdə fakt kimi göstərilən sənədlərin bütünü sektor müdiri Tubuxanım Qasımzadə tərəfindən təqdim olunub və bütün sənədlərdə özünün imzası var”.

Elmir
Cebhe.info