Vasif Talıbovun əmlakları da müsadirə olunacaq

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.
Cebhe.info xəbər verir ki, o, Naxçıvan Ali Məclisinin bu gün keçirilən qapalı iclasında istefa ərizəsini Ali Məclisə təqdim edib.
Qeyd edək ki, bu günə qədər Naxçıvanda rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyatlarda bir neçə vəzifəli şəxs həbs olunub, onların milyonlarla manat dövlət vəsaitini mənimsəməsi faktı üzrə istintaq prosesi başladılıb.
İstintaq prosesinin gedişatında Vasif Talıbovun əmlaklarının müsadirə olunacağı gözlənilir. Naxçıvanda rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyatlarda milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi üzə çıxıb.
Məsələn, son həbs olunanlardan biri Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov rəsmi məlumata görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaiti mənimsəyib.
Buna qədər isə Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev saxlanılaraq Bakıya gətirilib.
Bütün bunlarla yanaşı Vasif Talıbov və qohumları ilə bağlı da bir sıra ciddi iddialar səslənir. Xüsusilə də Vasif Talıbovun İranla dövlətdənkənar əməkdaşlığı, Naxçıvanın strateji əhəmiyyətli obyektlərinin İrana icarəyə verilməsi, İraqda neftayırma zavodu üçün 3 milyard vəsait xərclənməsi kimi iddialar ilk olaraq Azərbaycanın dövlət maraqlarına və təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir.
Əgər bu iddialar sübuta yetirilərsə, bu, Vasif Talıbovun əmlaklarının da əlindən çıxacağını deməyə əsas verir.
Digər tərəfdən bu günə qədər Naxçıvanda Vasif Talıbovun hökm sahibi olması ondan xəbərsiz nəinki milyonların, bir neçə manatın da xərclənməsi mümkünsüzdür. Bu baxımdan Naxçıvanda hər hansı bir qurumun mənimsədiyi dövlət vəsaiti birbaşa Vasif Talıbovun adına yazılır.
Vilayət Muxtar
Cebhe.info