Dünyada zəlzələlərin sayı artır: Yerin təkində nə baş verir?

Xəbər verdiyimiz kimi, Myanmanın mərkəzi hissəsində ardıcıl olaraq 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələ ən azı beş ölkədə hiss olunub. Güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
Qeyd olunub ki, yeraltı təkanlar 1002 nəfərin həyatına son qoyub, 2 376 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
Belə ki, zəlzələnin episentri Myanma olub, təkanlar beş qonşu ölkədə - Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss olunub.
Ən çox zərər çəkən Taylandın paytaxtı Banqkok və ölkənin əsas logistika, biznes, mədəniyyət və dini mərkəzi olan Myanma, Saqainq və Mandalay şəhərləri olub.
Bəs dünyada zəlzələlərin sayı niyə artıb? Yerin tərkibində nə baş verir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında seysmoloq Ənvər Əliyev Myanmada zəlzələlərin baş verməsinin qaçılmaz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Myanmada zəlzələ olması labüddür və mütləqdir:
“Bu zəlzələ, bu regionun seysmik xarakterinə uyğundur və təəccüb doğurmamalıdır. Zəlzələlərdə artım hələ hiss olunmayıb. Hazırda yalnız bir neçə zəlzələ qeydə alınıb. Yer üzərində bəzi ərazilər var ki, burada zəlzələlər yalnız bir neçə dəfə baş verir. Bu ərazilərdən biri də Myanmadır. Yerin zəlzələ qurşaqlarının bir hissəsi orada yerləşir.
Yer kürəsində üç əsas seysmik zona mövcuddur. Bu zonalara “odlu qurşaq” deyilir. Birinci zona, Sakit Okeanın qərbində, digəri isə şərqində yerləşir. Qərbdə olan zona Alyaskadan başlayır və Antraktidaya qədər uzanır. İkinci zona, Kamçatka yarımadasından başlayaraq Yaponiyanı, Çinin bir hissəsini, Myanmanı və İndoneziyanı əhatə edir. Üçüncü qurşaq isə, bizim olduğumuz, Alp-Himalaya zəncirini əhatə edir və Fransanın şimalından başlayıb İndoneziyaya qədər uzanır. İndoneziya ümumiyyətlə zəlzələ zonasıdır.
Burada təəccüblənəcək heç nə yoxdur. Əksinə onların əsas işləri zəlzələyə davamlı binalar tikməkdir. Onların tikdikləri binaları gördünüz? Bu, sadəcə məsuliyyətsizlikdir”.
Seysmoloq qeyd edib ki, zəlzələnin qarşısını almaq mümkün deyil, amma zəlzələyə davamlı binalar inşa edilməsi mümkündür:
“Myanmadakı zəlzələnin fəsadlarının çox olması zəlzələnin gücü deyil, tikinti sahəsindəki səhvlərə görədir. Əgər orada 9 ballıq bir zəlzələ olsaydı, deyərdik buna heç nə etmək mümkün olmazdı. Lakin burada əsas problem tikintidə olan səhvlərdir.Hər bir dövlət yaşadığı yerin coğrafi və geoloji şəraitinə uyğun olaraq tikinti işləri aparmalıdır. Seysmik zonalarda tikilən binalar mütləq zəlzələyə davamlı olmalıdır və hər bir dövlətin tikinti standartları bu nəzərə alınaraq müəyyən edilməlidir.
Bu, zəlzələnin təsirlərini minimuma endirmək üçün çox önəmlidir. Lakin bir çox ölkələr, o cümlədən Türkiyə, bu məsələyə məsuliyyətsiz yanaşıblar. Hər bir dövlət yaşadığı yerin coğrafi mühitinə, yerin altına və üstünə bələd olmalıdır. Onunla elmi cəhətdən yola getməyi, davranmağı bacarmalıdır.
Zəlzələnin yeganə yolu onun seysmoloji xarakterinə uyğun binalar tikməkdir. Məhz Yaponiyada niyə bu cür dağıntılar olmur? Yaponiyada olan zəlzələlər daha az itki ilə nəticələnir”.
Ənvər Əliyev Myanmadakı ikinci zəlzələnin əsas zəlzələ olmadığını qeyd edib:
“Əslində Myanmada 2-ci təkan zəlzələ deyil. Əgər əvvəlcə 3 və ya 5 ballıq zəlzələlər baş verirsə, nəticədə bu, 7 və ya 8 bal olan əsas zəlzələyə çevrilə bilər. Güclü zəlzələdən sonra avtoşoklar olur. Avtoşoklar əsas zəlzələdən sonra baş verir və onlar daha zəif olur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”