Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı verilə bilər

Türkiyənin müxalif İYİ Partiyasının sədri, millət vəkili Müsavat Dərvişoğlu Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adının verilməsini təklif edib.
"Cebheinfo.az" Teleqraf-a istinadən xəbər verir ki, partiya rəhbəri müvafiq qanun layihəsini artıq Türkiyə parlamentinə (TBMM) təqdim edilib.
Qanun layihəsini 28 deputat imzalayıb.
Təqdim olunan qanun layihəsində deyilir:
“Bu, sadəcə ad dəyişikliyi deyil, türk xalqının öz tarixini, qəhrəmanlarını, yaddaşını müdafiə etmək iradəsinin təzahürüdür, çünki milli qəhrəmanlarını unudan millətlər zamanla unudulur. Əlican sərhəd-keçid məntəqəsinə Tələt Paşa adının verilməsi o deməkdir ki, xalq düşmənə qarşı möhkəm dayanaraq öz tarixi kimliyini öz sərhədlərinə həkk edir”.
Layihədə bunun həm türk xalqının gənc nəsillərinə tarixi şüurun aşılanması, həm də dövlətin tarixi davamlılığını və şərəfli keçmişini xatırlatmaq baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Xatırladaq ki, Tələt Paşa Osmanlı sultanları V Mehmet Reşat və VI Mehmet Vahdettinin hakimiyyətləri dönəmində sədrəzəm, həmçinin İttihad və Tərəqqi Cəmiyyətinin qurucularından biri olub. O, 1921-ci il martın 15-də Berlində “Daşnaksütyun” terror təşkilatının həyata keçirdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soqomon Teyliryan adlı erməni terrorçu tərəfindən öldürülüb.
"Cebheinfo.az "