Gömrük qapısından başlayan bahalaşma

Gömrük qapısından başlayan bahalaşma

Ölkəmizdə 2021-ci ildən başlayan inflyasiya səngiyir.

Cari ilin birinci rübü ərzində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,3% aşağı olduğu halda, qeyri-qida və əhaliyə göstərilən xidmətlər üzrə isə müvafiq şəkildə 1,4% və 2,5% çox olmaqla, 1% təşkil edib. Martda istehlak qiymətləri indeksi fevralla müqayisədə 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 0,4% artıb. Göründüyü kimi, rəqəmlərə görə istehlak bazarında vəziyyət üç illik fasilədən sonra normal məcraya qayıdır. 

Ancaq bu, qiymətlərə təsir etmir, ucuzlaşma görmürük. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, dünya bazarında ərzaq qiymətlərində azalma müşahidə olunur:

“Xüsusilə də bitki yağlarının qiymətlərində təxminən 8 faizə qədər azalma var. Dünya bazarında bitki yağları, kərə yağları, strateji ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunur. Son iki ay ərzində dünya birjalarında ərzaq buğdasının qiymətində də ciddi enmə oldu. İyun fyuçerslərinə görə, bağlanmış əqdlərdə qiymətlərin bir az daha aşağı düşəcəyi planlaşdırılır”. 

Ekspert vurğulayıb ki, dünya bazarında ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması ölkəmizdə hiss edilmir:

“Dünyada iki ilə yaxındır ki, bu proseslər gedirdi və ərzaq məhsullarının ucuzlaşması son bir neçə ayda qismən təsir göstərməyə başlayıb, amma daxili bazarda vətəndaşlar istehlak səbətində bunu hiss etməyiblər. Bunun tək səbəbi gömrük qapılarında bürokratik əngəllərdir. Bazarda rəqabətin olmaması sağlam qiymət formalaşmasına gətirib çıxara bilmir. Qiymətlərin formalaşması əsasən azad bazar münasibətlərində rəqabət mühitində mümkün olur. Azərbaycanda belə hal indi mümkün deyil. Çünki inhisarçılıq və monopoliya qiymətlərin normallaşmasına imkan vermir. Nəticə etibarı ilə biz dünya bazarında baş verən müsbət tendensiyaları hiss etmirik”. 

Ekspert qeyd edib ki, ölkəmiz bu baxımdan ancaq dünyada baş verən mənfi tendensiyaları hiss edir:

“Dünyada bahalaşma prosesi baş verərsə, dünya bazarında hər hansı bir məhsulun qiymətində artım olarsa, Azərbaycan idxal elədiyi məhsulların qiymətində bunu hiss edir. Bu da psixoloji amildir, onu inhisarçılar ortaya atıb. “Dünya bazarında bahalaşıbsa, Azərbaycanda da bahalaşacaq” deyirlər”. 

Həsən Məmmədov 
“Cebhe.info”