Məşhur astroloq: "Futbolla bağlı dəqiq proqnoz vermək olar"

Məşhur astroloq: "Futbolla bağlı dəqiq proqnoz vermək olar"

“Futbol matçının hesabını öncədən doğru proqnozlaşdırmaq mümkündür”.

Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”a açıqlamasında deyib.

Lakin o bildirib ki, bunun üçün hər iki komandanın futbolçularının fərdi qoroskopu bilinməlidir:

“Ən azı əsas heyətdə meydana çıxan 22 futbolçunun qoroskopunu bilmək lazımdır. Həmçinin, oyunu idarə edən baş hakim və köməkçilərinin də doğum tarixi bilinməlidir. Düzdür, futbolçunun iradəsi, gücü və potensialı ola bilər. Amma buna baxmayaraq, oyunun keçirildiyi ərazi, havanın isti və yağışlı olması kimi faktorlar da oyunun nəticəsinə təsir göstərməsi mümkündür”.

Astroloqun sözlərinə görə, bəzi gözlənilməz hadisələr oyunun gedişatına birbaşa təsir edə bilər:

“Biz sadəcə zəruri olan şeyləri deyirik, amma gözlənilməz anların yaşanması mümkündür. Məsələn, matçın 15-ci dəqiqəsində baş məşqçi hansısa futbolçunu dəyişə bilər. Bundan başqa, hansısa futbolçu oyun ərzində zədələnə və ya qırmızı kartla cəzalana bilər. Üstəlik, hakimin qəfildən verəcəyi qərarlar da oyunun taleyihi həll edə bilər. Ona görə də proqnoz verərkən hər şeyi nəzərə almaq lazımdır”. 

Həmsöhbətimiz qeyd edib ki, fərdi idman növlərində isə nəticəni doğru proqnozlaşdırmaq daha asandır:

“Fərdi idman növü olanda hesabı dəqiq tapmaq daha rahat olar. Məsələn, güləş, boks kimi nümunələri bura aid edə bilərik. Bunun üçün hər iki idmançının doğum tarixini bilməliyik. Həmçinin, günü də və idmançının psixoloji durumunu nəzərə almalıyıq. Bundan sonra oyunun nəticəsi ilə bağlı dəqiq proqnoz vermək olar”. 

Bütün bunlara baxmayaraq, Səbuhi Rəhimli astrologiyanın qumar olmadığını vurğulayıb:

“Düzdür, matçla bağlı bütün detalları bilsəm, hesabı öncədən müəyyən edə bilərəm. Yəni onda matçlarla bağlı dəqiq proqnoz vermək mümkündür. Hətta hansı komandanın çempion olacağını da proqnozlaşdırmaq olar. Bütün bunları etmək üçün sadəcə ona fokuslanmaq lazımdır. Amma astrologiya qumar deyil”.

Elmir Mustafa
“Cebheinfo.az”