“Ermənistanda müharibə ola bilər” - MÜSAHİBƏ

“Ermənistanda müharibə ola bilər” - MÜSAHİBƏ

“Qərb və Rusiya arasında Ermənistanda müharibə ola bilər”.

Bu sözləri Demokratik Dəyişim Platformasının rəhbəri, siyasi şərhçi Əli Mustafa “Cümhuriyət”-ə müsahibəsində deyib. 

Müsahibəni təqdim edirik: 

- Əli bəy, son günlərdə rusiyalı hərbçilərin Ermənistandan çıxarılması ilə bağlı məsələ böyüyür. Rəsmi İrəvan Rusiya əsgərlərinin xüsusilə “Zvarnots” hava limanından çıxarılmasını istəyir. Sizcə, bunun reallaşma ehtimalı var? Rus hərbçilər tamamilə Ermənistandan çıxarıla bilər? 

- Əgər Rusiya zəifləsə və Ukraynada məğlub olsa, ermənilər də bu məsələdə israr edəcəklər. Amma Rusiya güclənərsə, Ermənistanın israrına baxmayaraq hərbçiləri orada qalmağa davam edəcəklər. Yəni artıq bunu güc müstəvisində həll edəcək. Amma indiki vəziyyət qalsa, Kreml mövqelərini qorumağa çalışacaq. Lakin Ermənistan da rus hərbçilərini ölkəsindən çıxarmağa çalışacaq. Çünki Ermənistanın həm də Qərb ölkələri qarşısında müəyyən öhdəlikləri var. 

Məsələn, Qərb Nikol Paşinyanı onun mövqeyini müdafiə etməsi üçün dəstək verir. Nəzərə almaq lazımdır ki, Qərbin də Cənubi Qafqazla bağlı müəyyən planları var. Rusiyanın bölgədə hərbi mövcudluğu isə onların regiona gəlmə planlarına əngəl olur. Hesab edirəm ki, Qərb öz maraqlarını təmin etmək üçün Rusiyanı Ermənistandan çıxarmağa çalışacaq. 

- Ermənistan rəhbərliyi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını da çıxarmaq istəyir. Onun əvəzinə isə ABŞ və Fransa hərbçilərinin Ermənistanda yerləşdirilmə ehtimalları səsləndirilir. Necə düşünürsünüz, Fransa və ABŞ qoşunları Ermənistanda Rusiyanı əvəzləyə bilər? 

- Açığı, bu, çox çətindir. Ola bilər ki, Ermənistan “Zvarnots” hava limanından rus hərbçilərini çıxarsın. Çünki rusların həmin hava limanında yerləşdirilməsi ilə bağlı hüquqi razılaşmanın olmadığı deyilir. Amma Rusiya hərbçilərin Gümrüdəki 102-ci hərbi bazası və sərhədlərlə bağlı dövlətlərarası rəsmi razılaşma var. Həmin müqavilənin birtərəfli qaydada ləğvi ancaq əsaslı səbəblər olarsa, gündəmə gələ bilər. Buna baxmayaraq, həmin əsasları Rusiyanın Ermənistana verəcəyi də sual altındadır. 

Nəzərə almaq lazımdır ki, Rusiya yalnız diplomatik müstəvidə fəaliyyət göstərən dövlət deyil. Yeri gələndə Rusiya hərbi və güc yolu ilə də qanunsuz addımlar atır, beynəlxalq təşkilatları və hüququ əzir. Biz bunu Ukrayna müharibəsində də gördük. Fransa və ABŞ isə Ermənistana hərbçi göndərmək istəyər. Lakin region dövlətlərinin buna razı olacaqlarını düşünmürəm.

Əslində, heç bir kənar dövlət bölgəyə gəlməməlidir. Biz bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq olmasını istəyirik. Ermənistan Fransanı bölgəyə gətirsə, Azərbaycan da tarixi torpaqları məsələsini gündəmə gətirə bilər. Qərbi Azərbaycan, Zəngəzur, Göyçə və Dərələyəzin qaytarılması məsələsi qoyulmalıdır. Yəni sabah bizə hansısa təhlükənin yaranmasına imkan verməməliyik. 

- Ermənistanın hazırda siyasi cəhətdən Rusiya və Qərb arasında qaldığını görürük. Belə demək mümkündürsə, Qərblə Rusiya arasında Ermənistan uğrunda mübarizə gedir. Hətta bəzi analitiklər gələcək perspektivdə hansısa məsələlərə görə Qərb və Rusiya arasında Ermənistanda qarşıdurma yaşana bilər? 

- Bəli, Fransa-Rusiya və ya ABŞ-Rusiya arasında Ermənistanda toqquşma yaşana bilər. Əslində, proses ona doğru gedir. Onlar bu savaşı bütün Cənubi Qafqaza yaymağa çalışırdılar. Amma Azərbaycan və Gürcüstanla bağlı bu planları baş tutmadı. Ona görə də Qərb Ukraynadan sonra Rusiyaya ikinci cəbhəni Ermənistanda açmağı hədəfləyir.

Məqsəd isə Rusiyanı zəiflətməkdir. Hətta müxtəlif adlarla müəyyən zamanlarda Ermənistana Fransa və ABŞ hərbçilərinin gəldiyini də unutmaq olmaz. Həmçinin, Ermənistan hərbçiləri Fransada təlim keçir. Yəni bu istiqamətdə bəzi işlər gedir. Hətta Qərblə Rusiya arasındakı müharibənin Ermənistanın içərisində başlaması mümkündür. Belə ehtimallar var və o istiqamətdə işlər aparılır, amma nəticədə nəyin olacağını isə zaman göstərəcək. 

- Bütün bunların kökündə Ermənistan hakimiyyətinin Rusiyaya qarşı olması dayanır. Rusiya Prezidenti Vladimir Putinin isə qəzəbli olanda hansı addımlar atdığını Gürcüstan və Ukraynada gördük. Ermənistanın Baş naziri Nikol Paşinyan bu yöndə addımlar atmağa davam edərsə, Kreml onu devirmək və ya sui-qəsd üçün həmlə etməsi gözlənilir? 

- Təbii ki. Çünki Rusiya da bir nöqtəyə qədər səbr edəcək. Nikol Paşinyanın addımları Rusiyaya problem yaradır və Kremlin mövqelərini zəiflədir. Bunlar artıq oyun deyil. Ona görə də Vladimir Putin bir gün Nikol Paşinyanın devrilməsi və ya sui-qəsdə uğraması ilə bağlı göstəriş verə bilər. Sadəcə olaraq, bu gün Paşinyanı qoruyan qüvvələr kifayət qədər güclüdür.

Böyük ehtimalla, Rusiya hələ ona görə heç nə edə bilmir. Üstəlik, erməni cəmiyyətinin də Rusiyanı dəstəkləmədiyini nəzərə almaq lazımdır. Rusiya orada insanları kütləvi şəkildə etiraz aksiyalarına təşviq edə və ictimai dəstək ala bilmir. Amma Kreml yəqin ki, bütün variantlar üzərində düşünür.

Hesab edirəm ki, hazırda rəsmi Moskva qərbyönümlü Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla bağlı işlər aparır. 

Elmir Mustafa
"Cebhe.info"