“Moskva Ermənistanı gec-tez ciddi cəzalandıracaq”- MÜSAHİBƏ
Qlobal miqyasda Rusiya-Qərb rəqabəti artıq Cənuba Qafqaza da sirayət edib. Nəinki Şərqi Avropa və Yaxın Şərqdə, həmçinin Cənubi Qafqazda da Moskva, Brüssel və Vaşinqtonun geostrateji və geosiyasi maraqları toqquşur.
Qərb, xüsusilə ABŞ, Avropa İttifaqı, Fransa və Almaniya Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik etməsinin, Ermənistanda təsir imkanlarının artırmasının, habelə Azərbaycan və Gürcüstan üzərində təzyiq etməsinin prinsipial hədəfi Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasına istiqamətlənib.
Son proseslər, o cümlədən ABŞ və Aİ-nın rəsmilərinin Azərbaycana qarşı sərt və kəskin bəyanatları Cənubi Qafqaz üzrə geosiyasi rəqabətin kulminasiya nöqtəsinə doğru getdiyini göstərir.
“Cümhuriyət”in mövzu ilə bağlı müsahibi Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev olub.
Cebhe.info müsahibəni təqdim edir.
- Böyük güclərin Cənubi Qafqazdakı rəqabəti artıq açıq formaya keçib. Sizcə, geosiyasi rəqabət müstəvidə Rusiya, yoxsa Qərb qalib gələcək?
-Qlobal dünyada Rusiya ilə ABŞ arasında geosiyasi və geoiqtisadi maraqlar, o cümlədən hərbi-təhlükəsizlik nüfuzu uğrunda rəqabət gedir. Demək olar ki, ABŞ Rusiyanı özünün düşməni elan edib. Çünki Vaşinqtonda çox yaxşı bilirlər ki, Amerika imperatorluğunun qarşısını ala biləcək yeganə dövlət Rusiyadır. Bu baxımdan ABŞ Rusiyanı dünya siyasətindən təcrid etməyə çalışır. Vaşinqton Ukraynada hərbi-siyasi münaqişə yaratmaqla Rusiya ilə Avropa ölkələri arasında çox güclü nifaq salıb.
ABŞ-da müəyyən siyasi dairələr Rusiyanın təklənməsi üçün postsovet məkanına daxil olan ölkələrdə demokratiya adı altında məxməri inqilablara təkan verməklə özünün maraqlarına xidmət edən ünsürləri hakimiyyətə gətirdi. Doğrusunu desək, həmin hakimiyyətlər ABŞ-ın klonu rolunda çıxış edirlər. Bunun bariz nümunəsi kimi Gürcüstan, Ukrayna və Ermənistanı göstərmək olar.
Bu region həm Rusiya, həm də ABŞ-ın xarici siyasətində xüsusi önəmə malikdir. Kremldə çox yaxşı bilirlər ki, Rusiyanın cənub cinaha, yəni İran, Türkiyə və digər Yaxın Şərq ölkələrinə, hətta Afrikaya çıxış yolu məhz Cənubi Qafqazdan keçir. Belə olan halda ABŞ Ermənistandakı hazırki hakimiyyətdən nəinki Rusiyaya qarşı istifadə edir, hətta onun vasitəsi ilə Cənubi Qafqazda sabitliyi pozur. Vaşinqton Paşinyan hakimiyyətindən pozucu alət kimi istifadə edərək regionda vəziyyəti gərginləşdirməklə Rusiyanın cənuba doğru yolunu bağlamağa çalışır.
Bununla yanaşı, Vaşinqton Ermənistan üzərindən Azərbaycana da təzyiqlər edir. Azərbaycan Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Rusiya İran və Türkiyəyə çıxış yolunu yalnız Azərbaycan üzərindən təmin edə bilər. Bütün bunları yaxşı bilən ABŞ çalışır ki, Rusiyaya qarşı Azərbaycan da siyasi oyunlara qoşulsun. Təbii ki, Azərbaycan öz milli maraqlarını nəzərə alaraq bu avantürist siyasətə qoşulmayacaq. Ümumilikdə ABŞ Cənubi Qafqazda ancaq Ermənistana fokuslanıb.
ABŞ-ın Ermənistandakı səfirliyində 2500 və ya 3000 minə yaxın kadr fəaliyyət göstərir. Bu kadr heyətinin 50 % - i ABŞ-ın Mərkəzi Kəşfiyyatının tapşırıqlarını yerinə yetirir. Onlar bir çox vasitələrdən istifadə edərək Rusiyanın Ermənistanda təsir imkanlarını məhdudlaşdırır. Bütün bunlarla bərabər, ABŞ agentləri İranın daxili işlərinə qarışmağa cəhd göstərirlər.
Son proseslərə nəzərən qeyd etmək olar ki, Cənubi Qafqazda geosiyasi maraqlar toqquşmaqdadır. ABŞ-Rusiya geosiyasi rəqabətində Azərbaycan və Ermənistan da yer alıb, bu, sülh prosesinə ciddi əngəl yaradır.
Amma Rusiyanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi mövqeyi ABŞ və Avropa İttifaqının regiondakı mövqeyindən qat-qat güclüdür. Moskvanın Ermənistan üzərində təsir imkanları hələ qalmaqdadır. Kreml Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə heç bir zaman imkan verməyəcək. Buna görə də Moskva hər vəchlə Cənubi Qafqazda öz mövqeyini qoruyacaq.
- Fransa Gürcüstan üzərindən Ermənistana hücum xarakterli silahlar ötürüb. Azərbaycanın Gürcüstana advekat cavab verməsi gözlənilir?
-Fransa Ermənistanı müasir silah-sursatla təmin edir. Əlbəttə, rəsmi Parisin Ermənistanı silahlandırması birbaşa Azərbaycana qarşı yönəlib. Fransanın istehsal etdiyi silahların Gürcüstan üzərindən Ermənistana ötürülməsi Azərbaycanın maraqlarına uyğun deyil. Amma nəzərə almaq lazımdır ki, Gürcüstan Avropa İttifaqının təsiri altında olan ölkədir, problemləri həll etmək istəyir. Son bir neçə ildə Gürcüstan-Aİ münasibətlərində ciddi soyuqluq yaşanırdı. Aİ Gürcüstana ciddi təzyiq edir.
Ancaq unutmamalıyıq ki, Gürcüstan Azərbaycanın qonşusudur. Prezident İlham Əliyev Gürcüstana rəsmi səfəri zamanı iki qonşu ölkə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bəyan edib.
Rəsmi Tiflis son davranışlarına diqqət yetirməlidir. Gürcüstan rəhbərliyi bilməlidir ki, Ermənistan regionda sabitliyin pozulmasına yönələn əməllərə əl atır. Bu, Gürüstanın da maraqlarına tamam ziddir.
Hesab edirəm ki, Azərbaycan XİN-in etiraz məktubunu Gürcüstan hakimiyyəti düzgün şəkildə anlayacaq və bundan sonra bu kimi xoşagəlməz addımları atmayacaq.
- Məlumata görə, ABŞ və Ermənistanın yüksək vəzifəli şəxsləri arasında məsləhətləşmələr aparılır. ABŞ-ın Ermənistanı gözlənilən ağır və acınacaqlı vəziyyətdən qorumaq imkanı var?
-Təbii ki, ABŞ Paşinyanı və onun komandasını müəyyən məqsədlərini həyata keçirmək üçün hakimiyyətə gətirib. Paşinyan Vaşinqton qarşısında öhdəlik götürüb və bu, ölkədə anti-Rusiya kampaniyasının gücləndirilməsi ilə bağlıdır. Paşinyan Rusiya ilə bütün körpüləri yandırmağa çalışır. Rəsmi İrəvanın KTMT və MDB-nin tədbirlərini boykot etməsi bunu açıq-aşkar sübut edir. İndiyə qədər Rusiya və Ermənistan arasında KİV-də söz savaşı gedirdisə, indi bu savaş dövlət səviyyəsində kəskin bəyanatlarla müşayiət olunur.
Lakin Moskvanın Ermənistan üzərində təsir rıçaqları çoxdur. Unutmayaq ki, Ermənistanı bir dövlət kimi formalaşdıran Rusiya olub. Moskva Ermənistan hakimiyyətinin addımlarını xəyanət kimi qəbul edir. Rusiya Ermənistana siyasi, iqtisadi və hərbi cəhətdən çox ciddi şəkildə təzyiq göstərmək iqtidarındadır. Moskva Rusiyadakı erməni lobbisindən də yararlana bilər.
Paşinyan çox yaxşı bilir ki, ölkənin enerji, nəqliyyat və digər iqtisadi sektorları Rusiya şirkətlərinin əlindədir. Əgər Rusiya Ermənistana təbii qazı dünya bazarı qiymətində tədarük edərsə, belə olan halda Ermənistan çıxılmaz vəziyyətə düşəcək. Yəni Ermənistanın o qədər güclü büdcəsi yoxdur ki, bunu qarşılaya bilsin. Düzünü desək, Rusiya Ermənistanı iqtisadi cəhətdən çökdürə bilər.
Eyni zamanda, hərbi təsir imkanlarına da malikdir. Ermənistanın sərhəd ərazilərinin təhlükəsizliyini rus qoşunları təmin edir, Müdafiə Nazirliyində Rusiyaya bağlı olan zabitlər kifayət qədərdir.
Hələlik Rusiya Ermənistanda radikal addımlar atmaq istəmir. Amma gec-tez Moskva Ermənistanı ciddi şəkildə cəzalandıracaq. Əgər Moskva bu istiqamətdə lazımi addımlar atmazsa, Ermənistan Rusiyanın əlindən çıxacaq. ABŞ Mərkəzi Kəşfiyyatının Ermənistanda kadr heyəti var və onlar Vaşinqtonun ölkədə təsir imkanlarını artırırlar. Paşinyanın şəxsi təhlükəsizliyini belə xarici kəşfiyyat orqanları qoruyur. Paşinyan əmindir ki, Qərb onun arxasındadır və o, rahat şəkildə anti-Rusiya siyasəti yürüdəcək.
- Deyilənə görə, növbəti qış aylarında Rusiyanın Ermənistana təbii qazı kəsəcəyi gözlənilir. Belə olan halda Qərbin xahişi ilə Azərbaycan qısa müddət ərzində Ermənistanı qazla təmin edə bilər?
-Əgər Rusiya Ermənistana təbii qazı dünya bazarı qiymətində tədarük edərsə, şübəsiz ki, ölkədə ağır və acınacaqlı vəziyyət yaranacaq. O ki qaldı verdiyiniz suala, sülh müqaviləsi imzalanmayıb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir. Azərbaycanın səkkiz kəndi hələ də işğal altındadır. Faktiki olaraq Ermənistan öz qonşularına qarşı ərazi iddialarından əl çəkməyib, regional kommunikasiyaların açılmasında maraqlı deyil. Belə olan halda Azərbaycan nəyə görə Ermənistana qaz təzcih etməlidir? Azərbaycan Ermənistanı həm blokadada saxlamalı, həm də digər sanksiyalar tətbiq etməlidir. Ermənistan ciddi zərbə almayınca ağıllanmır.
- Qərb, xüsusilə də Avropa İttifaqı və Fransa Ermənistanı və erməni ictimaiyyətini öz təsir dairəsi altına almaq üçün Azərbaycanı əsas hədəf kimi seçib. Təzyiqin artması Azərbaycanın Rusiyaya yaxınlaşmasına gətirib çıxaracaq?
-ABŞ başda olmaqla Qərb koalisiyası Ermənistanı dəstəkləyirlər və İrəvan üzərindən Azərbaycana təzyiq göstərirlər. Qərbin əsas hədəfi Cənubi Qafqaz ölkələrini öz əlinə almaq və onları Rusiyaya qarşı öz cəbhəsinə daxil etməkdir. Qərb istəyir ki, Azərbaycan da onun diktəsi ilə oturub dursun. Ancaq, bu, qətiyyən Azərbaycanın milli maraqlarına uyğun deyil.
O ki qaldı Azərbaycanın Rusiyaya meyillənməsinə, bu fikirlə də razılaşa bilmirəm. Azərbaycan həm Rusiya, həm Avropa ölkələri, həm də ABŞ ilə yüksək səviyyəli münasibətlər qurub. Ölkəmiz həm Qoşulmama Hərəkatında, həm də Türk Dövlətləri Təşkilatında güclü fəaliyyət göstərir. TDT-nin birgə fəaliyyəti fonunda Azərbaycan və Türkiyə digər türk dövlətləri ilə birlikdə “Turan İttifaqı”-nın qurulması istiqamətində mühüm işlər aparır. Bu ittifaqın baş tutacağı təqdirdə türk dünyası regional gücdən qlobal gücə çevriləcək. Hesab edirəm ki, “Turan İttifaqı”nın lokomativ gücləri Azərbaycan və Türkiyə olacaq. İki qardaş ölkənin birgə fəaliyyəti nəticəsində bütün türk ölkələri bir araya gəliblər.
Qərbin də Azərbaycana ehtiyacı var, təzyiq yalnız özünə ziyan gətirəcək. Ukraynada müharibə başladıqdan sonra Avropa İttifaqında ciddi enerji problemləri yaranıbdır. Avropa ölkələrinin üçdə biri Azərbaycanın təbii qazı ilə təmin olunur. Avropa İttifaqı hələ də Azərbaycana ehtiyac duyur.
Azərbaycan Rusiya ilə də yüksək səviyyəli münasibətlər qurub və bu münasibətləri daha da inkişaf etdirəcək. Ümumiyyətlə, qlobal miqyasda türk və slavyan xalqlarının siyasi, iqtisad və mədəni əməkdaşlıq etməsi hər iki tərəf üçün labüddür. Çünki bu, hər iki tərəfi xüsusi strateji mərkəzə çevirə bilər.
ABŞ və Aİ nə qədər təzyiqlərini artırsa belə, Azərbaycan balanslaşdırılmış xarici siyasətindən əl çəkməyəcək.
- “3+3” formatı çərçivəsində birgə fəaliyyət Cənubi Qafqazda daimi təhlükəsizliyin təmini üçün mühüm amil hesab oluna bilər?
- “3+3” və ya “3+2” formatı Cənubi Qafqaz regionunun inkişafına və tərəqqisinə yönəlib. Üç Cənubi Qafqaz ölkəsi və regionla həmsərhəd olan Rusiya, Türkiyə və İranın maraqlarının uzlaşması regionda davamlı sülh və əmin-amanlığın bərqərar olunmasına gətirib çıxara bilər. Moskva, Ankara və Tehranın Cənubi Qafqaz regionunda öz geosiyasi və geoiqtisadi maraqları var. Üç ölkə Qərbin Cənubi Qafqazdakı proseslərə müdaxiləsini istəmirlər. Həm Rusiya, həm Türkiyə, həm də İran bu regiondakı proseslərin regional platforma çərçivəsində nizamlanmasının tərəfdarıdırlar.
Birgə fəaliyyət Ermənistan üçün də xüsusi əhəmiyyət daşıyır. Ermənistan qonşuları və region dövlətləri ilə normal iqtisadi münasibətlər qurmazsa, o, heç vaxt inkişa edə bilməyəcək. Hazırki dövrdə Ermənistan nə qədər Qərbpərəst siyasət yürütsə də onun iqtisadiyyatının inkişafı hər zaman region dövlətlərindən asılı olacaq.
Bu baxımdan “3+3” və ya “3+2” formatı çərçivəsində birgə əməkdaşlıq baş tutarsa, Cənubi Qafqaz regionunda siyasi və iqtisadi problemlər həll olunacaq, Qərbin regiondakı proseslərə müdaxiləsinin qarşısı alınacaq.
Gürcüstan Rusiya ilə münasibətlərdəki ciddi problemlərə görə bu formata tərəddüdlə yanaşır. Ancaq Gürcüstan hakimiyyəti çox yaxşı başa düşür ki, “3+3” formatı Gürcüstan-Rusiya münasibətlərinin normallaşması üçün münasib və əlverişlidir. Bu format çərçivəsində hər iki ölkənin rəsmiləri bir masa arxasına oturub danışıqlar apara bilərlər. Son zamanlar Gürcüstanın Baş naziri İrakli Qarbiaşvili Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasının zəruriliyi ilə bağlı bəyanatlar verib.
Amma Gürcüstan hakimiyyətində daxili çəkişmələr bu məsələdə əngəllər yaradır. Gürcüstanın Prezidenti Solome Zurbaşvili Qərbyönümlü siyasətin tərəfdarıdır. Ancaq Baş nazir İrakli Qaribiaşvili ölkəsinin həm Qərb, həm də Rusiya ilə münasibətlərinin balanslaşdırılmasına çalışır.
Yaxın gələcəkdə “3+3” formatı Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyin formalaşmasına, o cümlədən təhlükəsizliyin təminatına zəmanət verəcək.
Yunis Abdullayev
Cebhe.info