Professor Kürlə bağlı şaiyələrə son qoydu: ”Məsələ dövlətlər arasında həll olunub” - MÜSAHİBƏ

Professor Kürlə bağlı şaiyələrə son qoydu: ”Məsələ dövlətlər arasında həll olunub” - MÜSAHİBƏ

Son günlər ölkə ərazisində Kür çayının suyunun kəskin azalması müzakirə mövzusudur.

Bir sıra ekspertlər mövcud vəziyyətin Azərbaycan üçün mənfi nəticələrə gətirib çıxaracağını bildirir və Kürün qurumasını müxtəlif səbəblərlə izah edirlər.

Kür çayında mövcud vəziyyətlə bağlı Cebhe.info-nun müsahibi Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovdur:

-Son günlər Kürün suyunun tamamilə quruması ilə bağlı fikirlər səslənir. Bu, nə dərəcədə doğrudur?

-Son illər bütün dünyada, o cümlədən bizim regionda iqlim dəyişmələri, su problemləri məfhumlarını tez-tez eşidirik. Yəni bu gün dünyada iki təbii problem varsa, onlardan biri iqlim dəyişəməsi, digəri isə su problemidir. Bu problemlər bir-biri ilə bağlıdır. Ancaq su problemi daha çox iqlimdən asılıdır. Dünyada qlobal formada su problemi, daha doğrusu, şirin su çatışmazlığı var. Baxmayaraq ki, bizim planetin dörddə üçü sudur. Azərbaycan su ilə aztəminatlı ölkələr sırasına daxildir. Qonşularımız olan Gürcüstana, Ermənistana nisbətən bizdə adambaşına düşən su ehtiyatı daha azdır. Əksər dünya ölkələri çay hövzəsində yerləşir. Avropada Dunay çayı hövzəsində 17-18 ölkə var.

Cənubi Qafqazda Kürün hövzəsində 5-dək dövlət yerləşir. Azərbaycan isə Kürün aşağı axarındadır. Qlobal iqlim dəyişmələrinin təsirindən, yəni quraqlıq dövrlərinin artması, yağıntıların azalması, buxarlanmanın artmasından su ehtiyatlarımız azalır. Buna su-balans limitləri deyilir. Çayların axınını formalaşdıran, əsas qar suyu ehtiyatı, yeraltı sular, yağıntılardır. Bunların hər birində azalma müşahidə edirik. İlbəil çay hövzələrimizdə qar su ehtiyatlarımız azalır. Konkret mövcud duruma gəlsək, təkcə Azərbaycan deyil, dünyada bu problem var. Kür çayının bu gün mövcud durumunda əsas məntəqəmiz Gürcüstan ərazisinə daxil olan Kür- Qıraq Kəsəmən məntəqəsidir.

Orada mövcud müşahidə məlumatları göstərir ki, çoxillik normaya uyğun axın gəlir. Hətta 95-99 faiz yanvar ayından Kür çayından daxil olan axın çoxillik normaya uyğundur. Ancaq bu, o demək deyil ki, Kür çayının axımı artır. Kür çayının aşağı axınında isə xüsusilə, Mingəçevirdən sonra aşağıda, illik axının 29, bəzilərində isə 20 faizi məntəqələrimizdə, Neftçaladan Yevlax rayonuna qədər azalma müşahidə olunur. Bunu da vətəndaşlarımız Kürün quruması kimi başa düşürlər.

Ancaq nəzərə almaq lazımdır ki, Kürə Qıraq Kəsəməndən gələn axının çox hissəsi Şəmkir, Mingəçevir kimi su anbarlarında toplanmasına sərf olunur. Yəni su ehtiyatlarımızın artmasına sərf olunur ki, su anbarları dolsun. Bu gün Mingəçevir su anbarında səviyyə layihə həcmindən çox aşağıdır. Belə ki, 8-9 metrə qədər aşağıdır. Bununla yanaşı, vegetasiya dövründə suya olan tələbatı ödəmək üçün Kürdən gələn axının çox hissəsi Mingəçevir, Şəmkir su anbarlarında yığılır. Ona görə də aşağı az axın olur. Əsas səbəblərdən biri budur. ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya İdarəsi hər il aprel-may-iyun ayları üçün ölkə ərazisində çaylarımızla bağlı proqnoz hazırlayır. Hazırda qarölçmə işləri gedir. Həmin qarölməyə əsasən bu il nə qədər su ehtiyatı var, aylıq yağıntılar da nəzərə alınmaqla aprel-may-iyun ayları üçün proqnozlar hazırlanır. Mövcud durum isə Kürün axınının su anbarına yığılması ilə bağlıdır. ümumiyyətlə, həm Kürdə, həm də digər kiçik çaylarımızda illik axında azalma müşahidə edilir. Bu da təbii bir prosesdir.

-Sudan səmərəli istifadə olunmamasının da ölkədə su probleminə yol açdığı deyilir. Bu fikirlə razılaşırsızmı?

-Bizdən asılı olan antropogen təsirlər də var. Suvarmada sudan daha ehtiyatla istifadə etməyi tələb edir. ümumiyyətlə, antropegen təsirlər, insanların təsərrüfat fəaliyyətinin təsiri hər zaman olub. Bu, hər zaman, çaylarımız bol sulu olanda da mövcud olub. Bu, subyektiv səbəblərdir. Dünyada çayların axınının azalması təbii amillər, iqlim dəyişmələri ilə bağlıdır. Yəni biz bunun elmi cəhətdən proqnozunu verə bilərik, ancaq qarşısını ala bilmərik. Yağıntı az düşdükdə, qar ehtiyatı azdırsa, ondan səmərəli istifadə etmək lazımdır. Bu gün hər bir damcının qədrini bilməliyik. Damcılı suvarmaya keçməliyik, selləmə suların qarşısı alınmalıdır, təkrar sudan istifadə məsələləri var.

Eləcə də suyadavamlı bitkilərin əkinçiliyinin strateji istiqamətləri müəyyənləşməlidir. Yəni suyadavamlı yaşıllıqlar, suyadavamlı bitkilərin əkilməsi kimi amillər var. Ancaq hər kəs bir tərəfdə nasos qoyursa, səmərəsiz istifadə edirsə, digər tərəfdə su çatışmazlığı əmələ gəlir. Problemin həlli üçün hər birimiz mövqeyimizi dəyişməliyik. Ən əsası isə bu gün paytaxtda, rayonlarda çox sayda avtomobil yuyan məntəqələri var və bu zaman şirin sudan istifadə edilir. Texniki su ilə içməli su nə qədər bir-birindən ayrılmırsa, ona nəzarət yoxdursa, ən çox itkiləri orada axtarmaq lazımdır. Çoxsaylı, təbii, süni itkilər var ki, onların qarşısı alınmalıdır, özümüzə nəzarəti gücləndirməliyik. Sudan istifadə mədəniyyəti tamamilə fərqli olmalıdır.

Kifayət qədər mənbələr var ki, həm onlardan istifadə, həm də özümüzün yanaşmamız düzgün olmalıdır. Məsələn, dünən 10 litr sudan istifadə edib tələbatımı ödəyirdimsə, bu gün 8-9 litrlə əvəzləyə bilərəm. Yəni yanaşmalar üst-üstə düşməlidir. Bu gün bir avtomobil yuyan məntəqədə 9 mərtəbəli bir binanın suyu axıdılır. Belə olmaz, onlara texniki su verilməlidir, yaxud təkrar sudan istifadə etməlidir. Bu məsələlərin qarşılıqlı həlli lazımdır. İnsan hər zaman istənilən vəziyyətdən çıxış yolu tapmalıdır. Belə bir məsəl var: “Nə qədər təhlükə yoxdur, ondan qorunmaq lazımdır. Təhlükə gələndə qorunmaq yox, onunla mübarizə aparmaq lazımdır”. Bu gün bu problem dünyada, bizim ölkəmizdə də var.

Eyni zamanda, həlli yolu da var. Bu gün Kür çayı yayılan şaiyələrdəki kimi tamamilə qurumayıb. Su azalıb və anbarlarda su ehtiyatı yığılır. Sabah lazımi səviyyədə Mingəçevir su anbarının müəyyən hissəsi dolana kimi suvarma əkinçiliyi, energetikada ehtiyac olan su həcmi yaranandan sonra aşağı buraxılacaq.

-Sosial şəbəkələrdə belə bir fikir də səslənir ki, Kürün suyunun azalmasının bir səbəbi də Türkiyə ərazisində yaradılan yeni su anbarı ilə bağlıdır. Bu, reallığı nə dərəcədə əks etdirir?

-Birincisi, Kürün Türkiyədə yerləşən hissəsi orada 20 faiz formalaşır. Gürcüstan, Azərbaycan ərazisində də Kürün qolları var, orada da axın formalaşır. İkincisi, bu məsələ dövlət səviyyəsində həll olunub, belə bir şey ola bilməz. Bizim ölkəmiz də qardaş ölkə olaraq öz münasibətini bildirib ki, hər bir çayın özünün ekoloji axın anlayışı var. 1992-ci ildə ratifikasiya olunmuş Helsinki müqaviləsi var. Azərbaycan ora qol çəkib, ancaq qonşu ölkələr imza atmayıblar. Çünki biz transsərhəd çaylarından, göllərindən istifadə məsələsində maraqlıyıq. Qeyd etdiyiniz məsələ ancaq şaiyədir və dövlətlər arasında məsələ həll olunub.

Nigar Abdullayeva
Cebhe.info